Bu gün siyasi partiyaların Gənclər Təşkilatlarında kifayət qədər fəal gənclər var. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak etsələr də, nədənsə mətbuat və cəmiyyət onları o qədər də tanımır. Aktiv gəncləri olan partiyalardan biri də Vətəndaş Həmrəyliyi Partiyasıdır. Partiyanın Gənclər Təşkilatının sədri Pünhan İmanlı və onun müavini Vüsal Namiqoğlu olsa da, çoxları elə bilir ki, VHP Gənclər Təşkilatının sədri Samir Əsədlidir. Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədr müavini Vüsal Namiqoğlu isə bu fikirlə o qədər də razılaşmır. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

– Əslində bu il Vətəndaş Həmrəyliyi Partiyasının Gənclər Təşkilatının sədri Pünhan İmanlı seçildi. Əvvəl Emil Bağırlı idi, o da kifayət qədər tanınırdı. Samir Əsədlinin üzdə olmasının səbəbi onun Sabir Rüstəmxanlının gənclər üzrə müşaviri olmasıdır. Samir Əsədli Sabir Rüstəmxanlının gələcək üçün yetişdirdiyi siyasətçidir. Ona görə daha çox üzdədir.

-Yəni, Samir Əsədli Sabir Rüstəmxanlının davamçısıdır?

– Ən azından gənc lider kimi yetişdirir. Başqa partiyalarda isə bu məsələyə o qədər də diqqət yetirilmir.

– Bir az özün barədə məlumat verərdin. Səhv etmirəmsə, Türkiyədə təhsil almısan. Nə vaxtdan VHP-nin üzvüsən?

– 2010-cu ildən etibarən partiyanın üzvüyəm. Türkiyədə təhsil aldığıma görə aktiv fəaliyyət göstərə bilmirdim, yay tətillərində imkan olurdu. Bu ilin iyun ayından etibarən, məzun olandan sonra partiyanın Gənclər Təşkilatının təşkilati işləri üzrə sədr müavini seçildim. 

– 2 ildir ki, partiyanın üzvüsən və demək olar ki, Türkiyədə yaşamısan. Necə oldu ki, Gənclər Təşkilatının sədr müavini seçildin?

– 2 ilin özü o qədər də qısa müddət deyil. Zaman çox sürətlə hərəkət edir. Xüsusən də Türkiyədə fərqli təşkilatlarda çox aktiv şəkildə fəaliyyət göstərmişəm. Təşkilatçılıq qabiliyyətim yüksəkdir. Eyni zamanda başqalarından fərqli xüsusiyyətim olduğunu düşünmürəm. 

– Bəs niyə məhz VHP?

– Mən Türkiyəyə getməzdən əvvəl Azərbaycanda siyasətlə məşğul olmamışam. Azərbaycanda siyasətlə məşğul olmaq barədə fikrim də olmayıb. Türkiyədə oxuduqdan sonra oradakı gənclərin ictimaiyyətdə nə qədər akiv rol oynadıqlarını gördüm və özümə sual verdim ki, mən niyə Azərbaycanda belə işlə məşğul olmayım? Sosial şəbəkələrdən Samir Əsədli ilə tanış oldum və VHP-yə üzv oldum.

– Səncə, Azərbaycan gənci mütləq şəkildə siyasətlə məşğul olmalıdır?

– Zənn etmirəm ki, gənc aktiv olmaq üçün siyasətə qoşulmalıdır. Və ya sırf siyasət sahəsində aktiv olmalıdır. İnsan maraqlarına uyğun bir sahə ilə məşğul olmalıdır. Şəxsən mən siyasətlə məşğul olmağı sevirəm. Düzdür, bəlkə də professional siyasətlə məşğul olmağı bacarmıram, amma bu sahəni sevirəm. Bəzi gənclər öz sahəsində püxtələşərək bu ölkəyə xidmət edə bilərlər. Sadəcə siyasətlə məşğul olmağa ehtiyac yoxdur. 

– İllərdir Türkiyədə yaşamısan. Oradakı Gənclər Təşkilatları necədir?

– Açığı, Türkiyədəki Gənclər Təşkilatları ilə bizim Gənclər Təşkilatlarımız müqayisə olunmayacaq dərəcədə fərqlidir. Ən önəmlisi odur ki, Türkiyədəki bütün təşkilatarda təşkilatçılıq çox yüksək səviyyədəddir. Bəlkə də genimizdə olan xüsusiyyətdir ki, bizdə birinin dediyi söz başqasının boğazından keçmir və ya yuxarıdan verilən göstərişlər əmr kimi qəbul olunur. Türkiyədə bunun tam tərsinədir. Türkiyədəki təşkilatların bizdən ən böyük fərqi ondan ibarətdir ki, onların ana ideologiyası var. Gənclər bunun uğrunda fəaliyyət göstərirlər. Bizdə isə Gənclər Təşkilatlarının demək olar ki, hamısı eyni istiqamətdə fəaliyyət göstərir, hamısının məqsədi və məramı eynidir. 

– Siyasətə yeni qoşulan gənclərdənsən.Türkiyə təcrübəsini yaxşı bilirsən. VHP üçün nələr edə bilərsən?

– Orada 5 il qazandığım təşkilatçılıq qabiliyyətini istəyirdim ki, ən azından VHP-də icra edim. Hələ ki bu, bir az qeyri-mümkündür. Bizim insanlarımızda təəssüf ki, hələ ideoloji təfəkkür formalaşmayıb. 

– Sabir Rüstəmxanlı gənclərlə maraqlanırmı? Məsələn, səni tanıyırmı?

– Bəli, tanıyır. Gənclər Təşkilatının sədrinin seçildiyi qurultayda Sabir bəy şəxsən iştirak etmişdi.

 

– 2 aydır ki, Gənclər Təşkilatının sədr müavinisən. Təşkilatda nə dəyişiklik etmisən?


– Komanda olaraq 2 ay ərzində yetərincə işlər görmüşük. 4 tədbir keçirmişik. Birinci tədbirimizə – “Mənim vətəndaş hüquqlarım” mövzusunda keçirilən tədbirə aktiv gənclər qoşulub. Xalid Hüseyninin “Çərgələng uçuran” romanı əsasında çəkilən filmin nümayişi keçirilib. O tədbirə neytral gənclər də qatılmışdı. Sevindirici hal o idi ki, kənardan gəlib bizimlə tanış olmuşdular. Həmin o filmdən sonra 10-15 gənc bizim sıralarımıza qatıldı. Gənc yazar Dilqəm Əhmədlə görüş keçirmişik. Türk filmi olan “Dədəmin insanları”nın nümayişini keçirmişik.

– Filmdən söz düşmüşkən, az öncə Müsavat Partiyasında da film nümayişi keçirıldi. Bu ənənə sizdən başlayıb?

– Ola bilsin ki, əvvəllər də film nümayişi olub. Amma diqqətimi cəlb edən odur ki, gənclərin yüksək qatılımından sonra digər təşkilatlar da film nümayişinə başladılar. Düşünürəm ki, bu yay ilk addımı biz atmışıq. 

– Yəni, Müsavat və digərlər partiyaların gəncləri sizdən örnək götürüb?

 

– Götürüb deməyək. Bu, sırf bizə aid olan, bizim əlimizdə olan bir şey deyil. Sadəcə, baxıb eyni şeyi ediblər. 

– Bu, Türkiyədən götürülmüş təcrübədir?

– Türkiyədə vəziyyət tamamilə fərqlidir. Artıq insanları aktiv cəmiyyətə çəkmək üçün bu vasitələrdən istifadə olunmur. Bizim üçünsə bu, böyük işdir. Türkiyədə belə cılız işlərə ehtiyac yoxdur. Düşünürəm ki, Azərbaycanda bu cür tədbirlərə ehtiyac var. Çünki başqa cür gənclərimizi bir araya toplamaq qeyri-mümkündür. 

– Sizcə, gənclər niyə aktiv həyatı istəmir?

– Gənclərin böyük hissi məsələyə fərdiyyətçi yanaşır. Məncə, səbəblərin başında təhsil sistemi durur. İkici faktorun ailə olduğunu düşünürəm. Ailənin gənclər üzərində basqısı var. Ailədə işləyənlərin iş yerlərini itirmək qorxusu var. Fikrimcə, belə olmalı deyil. Bu ölkə də, bu hakimiyyət də bizimdir. Nəticə etibarilə hakimiyyətin funksiyası millətə xidmət etməkdir, millətin funksiyası da hakimiyyətə xidmət. İki faktor bir araya gəlməli, hakimiyyətlə cəmiyyət əl-ələ verib fəaliyyət göstərməlidir. 

– Bir şey diqqətimi cəlb edir. Hətta Sabir Rüstəmxanlı parlament kürsüsündən kəskin ifadələr səsləndirdiyi halda başda Samir Əsədli olmaqla gənclərdə bu aktivlik hiss olunmur…

 

– Mən zənn etmirəm ki, Samir Əsədli və ya digər gənclər məsələlərə daha loyal yanaşır. Hətta tam tərsinə, gənc olaraq biz fikrimizi bildirməkdə daha azadıq. Sabir Rüstəmxanlı siyasi arenadadır. Bəlkə də onun üçün fikir bildirməyə nələrsə mane ola bilər. Sabir bəy lazım gəldiyində sözünü açıq-aşkar deyir. Bizim gənclərimiz də yetərincə aktivdir. 

– Məsələn, mitinqlərə VHP-çilər fərdi qaydada qoşulsa da, partiyanın belə bir qərarı yox idi…

– Bütün mitinqlərdə VHP aktiv iştirak edib. VHP-nin qərargahı mitinq iştirakçılarının mərkəzi qərargahına çevrilib. İstər plakatların, istər şüarların hazırlanması bizim partiyanın qərargahında təşkil olub. Mən Türkiyədə olduğum üçün iştirak etməmişəm. Amma gənclərimiz aktiv iştirak edib. Mitinqləri sadəcə Müsavat və AXCP-nin adına bağlamaq düzgün deyil. Elə bir mitinq və tədbir olmayıb ki, VHP-nin Gənclər Təşkilatı digər partiyaların Gənclər Təşkilatından bir addım aşağıda olsun. 

– Səncə, gənclər VHP-ni niyə seçməlidir?

– Bizim partiyanın digər partiyalardan ən böyük fərqi ondan ibarətdir ki, ideologiya, millət fərqi qoyulmadan istənilən Azərbaycan vətəndaşı VHP-yə üzv ola bilər. Adından da göründüyü kimi bu, vətəndaşların birliyi, həmrəyliyi partiyasıdır. Bizim gənclər arasında isti münasibət gənclərə imkan verir ki, gəlib bizə qoşulsun. Partiyamızın sahib olduğu şərait də buna imkan verir. 

– Yəni digər partiyalarda münaqişə, milli ayrı-seçkilik var?

– Zənn etmirəm ki, digər partiyalarda milli ayrı-seçkilik olsun. Partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, partiyanın hansısa üzvündə hansısa millətə qarşı aqressiya var. 

– Son vaxtlar facebook sosial şəbəkəsində müsavatçılarla cəbhəçilər arasında qarşıdurmalar olur. VHP-çi gənclərin belə qarşıdurmalara münasibəti necədir? 

– VHP-nin ən böyük özəlliyi odur ki, həmişə barışdırıcı mövqedə olub. İstər digər təşkilatlar arasında, istərsə də partiyaların Gənclər Təşkilatları arasındakı münaqişədə. Münaqişələrin partiya səviyyəsində olduğuna inanmıram. Ola bilsin ki, gənclərin şəxsi problemlərdən qaynaqlanır. 

Nərgiz 
Teleqraf.com

Comments are closed.