Əziz qardaşımız, Ömər bəy!

Səni doğum günü münasibətilə təbrik edir, Sənə böyük gələcəyimiz naminə apardığın mübarizədə uğurlar və başarılar diləyirik! Bəri başdan Səni əmin edirik ki, bu mücadilə mütləq öz bəhrəsini verəcək. Çünki tarix həqiqət və ədalətin sonda qalib gəldiyini dəfələrlə sübut edib.

Ömər bəy! Normal ölkələrdə Sənin kimi gəncləri yetişdirmək üçün dövlət milyonlar sərf edir, təqaüd verir, onlara şərait yaradır, ictimai-siyasi fəaliyyətlərində yardımçı olur ki, perspektivli və vətənsevər gənclər ölkənin taleyində önəmli rol oynasınlar. Fəqət bütün avtoritar rejimlərdə olduğu kimi, bizdə də ölkənin, vətənin taleyinə biganə qalmaq istəməyən, aktiv ictimai və siyasi fəaliyyətlə məşğul olan gənclər təqib edilir, onları hər yerdə sıxışdırır, qondarma ittihamlarla həbs edir, necə deyərlər, ölkənin nəinki bu gününü, hətta gələcəyini baltalayırlar. Amma bu bir həqiqətdir ki, sonda bu balta zərbələri zalımın və şərin özünə qayıdır, onun öz kökünü qazıyır, çünki yeni gəncliyin mübarizə metodları, hücumu, problemə yanaşması yalnız ədalətə, həqiqətə, insan haqlarına söykənir. Üstəlik, bu gün hakimiyyətin yeni gəncliyi susdurmaq imkanı yoxdur: onların “Facebook”u, “Twitter”i, fləşmobları, yaradıcı videoları, şəkilləri, karikaturaları və s. var. Onlar ədaləti, həqiqəti, insan haqlarını dilə gətirdiklərindən heç bir ləkə götürmürlər. Telekanallardakı iyrənc təbliğat, qondarma ittihamlar, hər gün daha da rəzilləşən, yalan qusan yaltaq və məddahların iftiraları bu gənclərə qarşı mübarizədə heç bir effekt vermir, çünki simasızların silahları çoxdan köhnəlib. Bu baxımdan Sən və Sənin kimi gənclər həbsdə belə sizləri həbs edənlərdən daha azad və qüdrətlisiniz. Hakimiyyət bu mübarizədə Səni həbs etməklə öz gücsüzlüyünü və bacarıqsızlığını etiraf etmiş oldu.

Əziz qardaşımız Ömər bəy, ad günün mübarək!

Güclü olduğuna əminik, amma yenə də möhkəm ol! Sən 19 yaşında sadəcə dinc mübarizə ilə bu iqtidarı qorxutmağı bacardınsa, gənc lider kimi növbəti yaşlarında daha da ciddi uğurlar qazanacağına hər kəs əmindir.

VHP Gənclər Təşkilatı

Comments are closed.