Gənc fəalın şərlənərək həbs olunduğu elə ilk məhkəmə iclasında ifşa edildi

“Facebook”dakı tənqidçi “AzTV-dən seçmələr” səhifəsinin admini olmuş 19 yaşlı blogger Ömər Məmmədovun işi üzrə dünəndən məhkəmə istintaqı başlanıb. Külli miqdarda narkotik satışı ittihamı ilə mühakimə olunan Ömərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyilə baxılır. Dünənki məhkəmə iclasında əvvəlcə prokuror ittiham aktını elan edib. Orada göstərilib ki, Ömər yanvarın 24-də Nərimanov rayonu ərazisində stomotoloji klinikadan çıxarkən saxlanılıb və onun üzərindən 6,124 qram heroin tapılıb.

Ömər Məmmədov elan olunmuş ittiham üzrə özünü qətiyyən təqsirli bilməyib. Gənc fəalın məhkəməyə ifadə verməsi məsələsinə gəlincə, onun vəkilləri ittihamın sübutları araşdırılandan, şahidlər dindiriləndən sonra Ömər Məmmədovun ifadə verəcəyini bildiriblər.

Şahid qismində isə əvvəlcə Öməri həbs edən Daxili Işlər Nazirliyinin Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları dindirilib. Ardınca da hal şahidləri ifadə verib. Polis polkovnik-leytenantı Xəyal Nəsibov dindirilərkən xeyli maraqlı məqamlar üzə çıxıb. Məsələn, məlum olub ki, heç Ömərin üzərinə baxış keçirilməmiş tərtib olunan baxış protokolunda artıq onun cibindən 6,124 qram heroin aşkarlandığı göstərilib. Polis əməkdaşı bunu “texniki səhv” kimi izah edib.

Ömər Məmmədovun vəkili Xalid Bağırovla polis əməkdaşı Xəyal Nəsibov arasında maraqlı sual-cavab olub. 

Xalid Bağırov:

– Deyirsiniz ki, Ömərin narkotiklərin yayılması ilə məşğul olduğu haqda sizə əməliyyat məlumatı daxil olmuşdu. Nə vaxt?

– Hadisədən bir-iki gün əvvəl.

– Ömərin nə qədər vaxtdır bu işlə məşğul olduğu haqda əməliyyat məlumatı var idimi?

– Məlumata görə, çox az müddət – 10 gündür ki, bu işlə məşğul olurdu.

– Sizin raportda Məmmədov Ömər Elyar oğlunun Bakı şəhəri, Sülh küçəsi, ev 1B, mənzil 54 ünvanında yaşadığı qeyd olunub. Siz Ömərin həmin ünvanda yaşadığını yoxlamısınızmı?

Şahid: Yoxladıq, orada yaşayırdı.

– Əməliyyat tədbirini nə vaxt keçirdiniz? Sərbəst ifadədə bunun saat 14:00-da olduğunu bildirdiniz?

– Təxminən 13:00-14:00 olardı, nahar vaxtı idi.

– Narkotik vasitəni aşkar edərkən Ömər Məmmədov nə dedi?

– Bildirdi ki, həmin gün Keşlədə tanımadığı şəxsdən, şəxsi istifadə üçün alıb.

– Ömər Məmmədovun tutulması barədə sənədləri nə vaxt tərtib etdiniz: onun üzərinə baxış keçirildikdən öncə, ya sonra?

– Tutma qərarı və protokolu Ömər Məmmədovun üzərinə baxış keçirilmədən öncə tərtib olunub.

– Narkotik aşkar edilib götürülərkən onu çəkdinizmi?

– Xeyr, çəkilmədi. Onun çəkisini ekspert müəyyən etdi.

– Narkotik vasitə aşkar olunandan nə qədər sonra ekspert rəyi aldınız?

– Ən tezi 2 saat sonra rəy bizdə oldu.

– Baxış keçirmədən öncə onun üzərində narkotik olduğunu, onun çəkisini və növünü bilirdinizmi?

– Üzərində narkotik vasitə olması, onun heroin olması barədə əməliyyat məlumatından bilirdik. Çəkisini ekspert müəyyən etdi.

Digər vəkil Əlayif Həsənovun suallarını cavablandıran şahid bildirib ki, əməliyyat qrupu idarənin rəisi tərəfindən yaradılıb, amma əməliyyatda iştirak edən şəxslərin qrupa cəlb olunması barədə konkret qərar olmayıb, rəisin şifahi göstərişi olub. Xəyal Nəsibovun sözlərinə görə, baxışda iştirak edən hal şahidlərini də idarənin yaxınlığından tapıb gətiriblər.

Bundan sonra vəkil Xalid Bağırovun vəsatəti əsasında iş materiallarındakı əməliyyat sənədləri elan olunub. Həmin sənədlər əsasında da vəkillə şahid arasında sual-cavab davam edib:

– Deyirdiniz ki, əməliyyat qrupunu rəis yaradıb, sənədlərdən görünür ki, qrupu siz yaratmısınız. Bu barədə nə deyə bilərsiz?

– …

– Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərardan görünür ki, Ömər Məmmədovun üzərinə baxışı Cinayət Prosessual Məcəllənin 246-cı maddəsinə istinad edərək keçirmisiz. 246-cı maddənin nə barədə olduğunu bilirsinizmi? Siz əməliyyatçı olaraq əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna niyə istinad etməmisiz?

– Yazanda qanuna baxıb yazmışam, amma əzbərdən 246-cı maddənin nə barədə olduğunu bilmirəm. Bəli həmin maddəyə əsasən onun üzərinə baxış keçirmişik.

– Bildirdiniz ki, Öməri onun üzərində narkotik vasitə aşkar olunduqdan əvvəl idarəyə dəvət etmisiniz. Bu barədə qərarda isə yazırsınız ki, ona CM-nin 234.1-ci maddəsilə ittiham elan olunmalıdır. Siz haradan bilirdiniz ki, ondan narkotik vasitə çıxacaq, çəkisi həmin maddə ilə ittiham elan olunması üçün yetərli olacaq?

– Əməliyyat məlumatı vardı ki, onda narkotik vasitə var.

– Bildirdiniz ki, baxış protokolunu Ömər Məmmədovun üzərinə baxış keçirmədən tərtib etmisiz və həmin sənədlərdə texniki səhvə yol vermisiniz. Bu necə texniki səhvdir ki, ekspert onun çəkisini müəyyən etmədən həmin narkotik vasitənin növünü, dəqiq çəkisini yazmısız?

– Bu səhvən olub.

– Bu, səhv deyil, öncəgörmədir.

Onu da qeyd edək ki, Xəyal Nəsibov ifadəsində Ömərin təxminən on gündür narkotik yayımı ilə məşğul olduğunu desə də, gənc fəal həbsindən cəmi 3 gün əvvəl Azərbaycana gəlmişdi. O, Kiprdə ali məktəbin ikinci kursunda təhsil alırdı.

Vəkillərdən sonra şahidə sual vermək növbəsi Ömərin özünə çatanda gənc fəal onu tutan polisə belə bir sualla müraciət edib:

– Gələcəkdə sizin övladınızı şərləyib həbs eləsələr, neyləyərsiz?

Hakim bu sualı çıxarıb, heç polis də onu cavablandırmayıb.

Baş Narkotiklərlə Mübarizə Idarəsinin digər əməkdaşı, polis polkovnik-leytenantı Aqil Əliyev dindirilərkən onun dediklərilə ondan əvvəl ifadə vermiş həmkarının söylədikləri arasında ziddiyyətlər yaranıb. Məsələn, Aqil Əliyev bildirib ki, Ömər haqqında məlumat daxil olan gün əməliyyat keçirib, onu tutublar. Xəyal Nəsibov isə məlumatın bir-iki gün əvvəl daxil olduğunu bildirmişdi. Və yaxud, Nəsibov bildirmişdi ki, əməliyyatda konkret kimlərin iştirakı barədə yazılı qərar olmayıb. Aqil Əliyev isə iddia edirdi ki, qərarı və orada öz adının yazıldığını görüb.

Iş materiallarında Ömər Məmmədovun etiraf xarakterli izahatı var. Lakin Ömər izahatı təzyiq altında verdiyini bildirərək, onu təsdiqləmədi: “Ələkbər adlı polis məni döyürdü, bu adam (Aqil Əliyevi göstərir-red.) mənə dedi ki, izahatı imzalamasan, atan işlədiyi xəstəxanadan çıxarılacaq, həbs olunacaq. Əlim qandallı, başım aşağı olub. Çox gülünc vəziyyətdə olmuşam. Heroini ya maşında, ya da idarədə cibimə atıblar”.

Daha sonra hal şahidləri dindirilib. Dindirmə zamanı vəkillər bir sıra ifşaedici məqamları üzə çıxarıblar.

Vəkil Xalid Bağırov:

– Sizi polislər harada görüb dəvət etdilər?

Hal şahidi Elnur Məhərrəmov:

– Mən Badamdarda 106 nömrəli avtobusun dayanacağında durmuşdum. Orada polislər məni görüb dəvət etdilər.

– Siz hara gedirdiniz?

– Mən memaram. Reklam işləri ilə məşğul oluram. Sifarişlə bağlı gedirdim.

– Polislər sizə izah etdilərmi ki, nəyə görə sizi dəvət etdilər?

– Dedilər ki, hal şahidi olmalıyam. Mən də razılaşdım.

– Siz bilirdiniz ki, hal şahidi nə olan şeydir? Yoxsa polislər izah etdilər?

– Mən bilmirdim. Polislər izah etdi ki, gördüyün şeyləri təsdiq etməlisən.

– Siz o vaxta kimi hal şahidi olmuşdunuzmu?

– Xeyr, birinci dəfə idi ki, hal şahidi olmuşam.

– Bu şəxs 2013-cü ildə bir neçə dəfə hal şahidi olub. O cinayət işlərindən birində mən özüm vəkil olaraq iştirak etişəm!

Vəkil Xalid Bağırov məhkəməyə Elnur Məhərrəmovun başqa işlərdə hal şahidi olması barədə sənədlər təqdim edib. Lakin məhkəmə bu sənədləri qəbul edib işə əlavə etməkdən imtina edib.

Vəkillər hakimin qərarına etiraz ediblər: “Əgər təqdim edilən sənədi oxusaydınız, polisin ifadəsini görərdiniz ki, onlara hal şahidi lazım olanda, bu şəxsə zəng edirlər”.

Ömər Məmmədov bildirib ki, onun üzərinə baxış keçirilərkən ümumiyyətlə, hal şahidləri iştirak etməyib: “Bu, 5-10 dəqiqə sonra gəldi. Mənə dedi ki, siyasətə görə həbs edilmisən. Dedi ki, Ilham Əliyevin uğurlu siyasəti var, sən isə onun apardığı siyasəti bəyənmirsən…”

Hakim dərhal müdaxilə edərək, məhkəmə prosesini siyasətə qarışdırmamağı tələb edib.

Məhkəmə prosesi mayın 22-də davam edəcək.

Aytən Məmmədova

“Azadlıq” qəzeti

Comments are closed.