Vətəndaş Həmrəyliyi Partiyası Fransada erməni soyqırımını inkar edənlərə qarşı həbs və cərimə cəzasını nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirə edilməsindən narahatlığını ifadə edən bəyanat yayıb. Bəyanatda bildirilir:

«Fransanın Xalq Hərəkatı Naminə Birlik (UMP) və Yeni Mərkəz partiyalarından olan 40 deputatın təşəbbüsü ilə qondarma erməni soyqırımını inkar edənlərin bir illik həbs və ya 45 min avro cərimə cəzasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməsi ciddi narahatlıq doğurur. Narahatlığı artıran digər məqam isə UMP sədrinin Fransanın hazırkı prezidenti Nikola Sarkozi olmasıdır və görünən odur ki, bu qanun layihəsinin hazırlanmasında və parlament komissiyasına qəbulunda hakim partiya maraqlıdır. Fransanın hazırda xarici siyasətini və beynəlxalq əlaqələrini müəyyənləşdirən bir partiyanın bu cür təşəbbüslə çıxış etməsi yolverilməzdir.

Əvvəla, ona görə ki, erməni soyqırımına bu vaxta qədər tarixçilər qiymət verməyiblər və arxiv materialları ictimaiyyətə təqdim edilməyib. Türkiyə dövləti dəfələrlə Osmanlı arxivlərini dünya alimlərinin iştirakı ilə açmağa hazır olduğunu və 1915-ci il hadisələrinə hüquqi qiymətin tarixçilərin rəyindən sonra verilməsini bildirməsinə rəğmən, qarşı tərəf bu təşəbbüsü dəstəkləməyib. Bu fakt bir daha erməni soyqırımının uydurma olduğunu və Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini təsdiqləyir.

İkincisi, heç bir tarixi əsası olmayan uydurma soyqırım iddialarını rədd edən Fransa vətəndaşının buna görə həbsini və cərimə cəzasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi insan hüquq və azadlıqlarına, fikir plüralizminə qarşı yönəlmiş addımdır. Fransa kimi demokratik dəyərlərə sayğı göstərən bir ölkədə hər hansı bir vətəndaşın erməni soyqırımını qəbul etməməsi və bu barədə düşüncələrini ifadə etməsi həbs və cərimə cəzası ilə nəticələnəcəksə, bu, ümumilikdə Avropa demokratik ənənələrinə ciddi bir zərbədir və bu qanunun açıq-aşkar siyasi məqsəd daşıdığını, inkişaf edən Eürkiyəyə təzyiq məqsədi güddüyünü göstərir.

Bu siyasi qərar təkcə Fransa-Türk Dünyası münasibətlərinə xələl gətirmir, həm də Fransanın beynəlxalq imicini ləkələyir. Demokratik dövlətdə belə bir qanun layihəsinin müzakirəsi demokratik dəyərlərin ayaq altına atılmasının, Fransanın orta əsrlər inkivizasiya dövrünə qayıtmasının əlamətidir.

Həmçinin bu qanun Dağlıq Qarabağ probleminin həllində vasitəçilik edən Minsk Qrupu həmsədrlərindən birinin antitürk mövqeyini göstərməklə Azərbaycanın bu missiyaya olan ümidlərini bir daha heçə endirir.

 

Vətəndaş Həmrəyliyi Partiyası olaraq Türkiyəyə qarşı yönəlmiş bu addımı kəskin pisləyir, bunu Fransa ilə Türk respublikaları arasında münasibətlərin gələcəyini təhlükə altına salmaq kimi qiymətləndirir və insan haqları, demokratik dəyərlər əleyhinə yönələn bu addımdan Fransa Senatını bir an tez geri çəkilməyə dəvət edirik».

 VHP Mətbuat Xidməti 

Comments are closed.