Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə sabiq təhsil işlər naziri, professor Firudin Ağasıoğlunun müəllifi olduğu “Daşbaba” kitabının təqdimatı keçirilib.

APA-nın verdiyi məlumata görə, kitabın elmi redaktoru Seyfəddin Altaylı, redaktoru Həlimə Rzaquliyevadır.

VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, “Daşbaba” kitabı həcminə görə kiçik olsa da, məzmununa görə Türk Dünyası üçün çox əhəmiyyətlidir: “Azərbaycanda da az sayda Daşbaba var. Ağdamda da bir Daşbaba vardı, sonra taleyi necə oldu, bilinmir. Naxçıvanda da daşbabalar vardı. İranla sərhəd açılanda təbliğat apardılar ki, guya daşbabaların içərisində qızıl var, əhali kütləvi surətdə o daşbabaların hamısının başlarını qırdı. Az sayda olan daşbabalar müxtəlif muzeylərə daşınır. Firudin Ağasıoğlu ilk dəfə bu sahədə araşdırma aparıb”.

F.Ağasıoğlu deyib ki, kitab “Facebook” sosial şəbəkəsindəki dostları sayəsində dərc olunub. Onun sözlərinə görə, qədim türk tarixinin izləri bəngüdaş üzərindəki yazılarda, qayaüstü rəsmlərdən göründüyü kimi, türkün daş yaddaşı da min illər boyu ayrı-ayrı bölgələrdə daşdan düzəltdiyi daşbaba, daşnənə, daşat, daşqoç, daşmaral, daşbalıq, daşbağa kimi plastik daş heykəllərdə, fiqurlarda yaşamaqdadır: “Bu kitabda həmin yaşantını əks etdirən sənədlərin izahı verilib. Ön Asiyada 5-6 min il öncə protürk boylarının etnoqrafiyasında yaranan daşbaba ənənəsi buradan türk boylarının köçü ilə Qıpçaq çölü boyunca Avropaya və Altaya yayılıb. Ən qədim örnəkləri Azərbaycan və Türkiyədə olan daşbabalar qədim türk tarixi, etnoqrafiyası, mifologiyası baxımından önəmli sənədlər kimi sistemli şəkildə yeni türkoloji Urmi nəzəriyyəsi işığında araşdırılıb, nəticələr elmi-populyar üslubda verilib”.

F.Ağasıoğlu tüklərin 2 min əvvəl monqollardan ayrılaraq Altaylardan köç etdiyi barədə nəzəriyyənin əsassız olduğunu vurğulayıb: “Altaylar nəzəriyyəsi daşbaba məsələsinə də cavab vermir. Daşbabanın tarixi 6 mindir, ancaq Altaylar nəzəriyyəsi 1500-2000 ili keçmir. Əgər türklərin yaşadığı ərazilərin Cənub-Şərqi Anadolu və Azərbaycan olduğu əsas götürülərsə, bütün suallara cavab tapılır. Söhbət yeni türkoloji Urmi nəzəriyyəsindən gedir. Daşbabalar Azərbaycanda qorunmur, bu abidələri qorumalıyıq”.

Tədbir iştirakçıları daşbaba araşdırmaları ilə bağlı fikirlərini bildiriblər.

Comments are closed.