Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Felmar Ələkbərlini 65 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz Felmar bəy!

Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Siz uzun illər müxtəlif vəzifələrdə özünüzü peşəkar kadr kimi göstərmisiniz. Amma Şin zavodunun direktoru ikən tutduğunuz yol Azərbaycanın müstəqillik, birlik, azadlıq ideyalarına sadiqliyinizin bariz nümunəsi kimi sizi bizlərə və xalqa tanıtdı. Siz heç bir təzyiqə baxmayaraq, Milli Azadlıq Hərəkatının içərisinə atıldınız və o dövr üçün böyük bir cəsarət göstərərək, Məhəmməd Əmin Rəsulzadənin heykəlini zavodun həyətində ucaltdınız. Bu, Azərbaycanda Rəsulzadənin ilk heykəli olaraq şərəfli tariximizə və sizin tərcümeyi-halınıza yazıldı.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra başlayan vətəndaş cəmiyyəti quruculuğundan da kənarda qalmadınız və biz sevinirik ki, siz demokratiya, insan haqları və vətəndaş cəmiyyəti istiqamətində apardığınız mübarizəni vətəndaş həmrəyliyi ideologiyası daxilində, bizimlə bir sırada aparırsınız. Milli birlik, vətəndaş həmrəyliyi ideologiyasının hər bir dönəmdə nə qədər önəmli olduğunu siz də bizim qədər çiyinlərinizdə və cəmiyyətimizdə hiss etmisiniz. Qarabağ savaşında, torpaqlarımızın işğalında vətəndaş həmrəyliyi və milli birliyin olmamasının da rol oynadığı tarix o qədər də uzaqda deyil. Hazırda da dünyanın indiki nizamında, daha doğrusu, nizamsızlığında milli birlik ideyasının Azərbaycan xalqı və dövlətçiliyimiz üçün qiymətini anlamaq çətin deyil.

Bu ideyanı insan haqları və vətəndaş cəmiyyəti quruculuğu ilə uzlaşdırmaqla aparılan mübarizə bir ziyalı missiyasıdır və siz də bu missiyanızı uzun illərdir ki, şərəflə daşıyırsınız.

Hörmətli Felmar bəy!

Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi, uzun illərdir uğurunda çalışdığınız Vətəni bütöv görmək səadətinin nəsib olmasını arzu edirəm.

Comments are closed.