…İlk telefon əlaqəsi zamanı müsahibə verməyə könlü yox kimi görünürdü. Elə oldu ki, bir az naxoşladığından üzbəüz görüşümüz alınmadı, telefonda söhbətləşəsi olduq. Suallarımızı eşitdikcə ürəyi açıldı, şirin söhbətə başladı və qarşımda Allaha, torpağa, ənənələrimizə bağlı yeri gələndə əlinə bel götürüb ağac dibi boşaldan, tərəvəz becərən dünya görmüş sadə bir ağsaqqal canlandı…
“Antrakt”da növbəti müsahibəyə hazırlaşarkən parlament üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarixçi alim, professor Fəzail İbrahimlinin həyatının bir çox məqamları ilə maraqlanmışdım. Amma sovet repressiyası illərində yandırılmış ata-baba kəndinin bərpa edilməsinə nail olmasını ilk dəfə öz dilindən eşitdim…

– Fəzail müəllim, maraqlıdır, Yardımlıdakı doğma kəndinizin adı niyə Çanaqbulaqdır?..
– Hələ Güneyli-Quzeyli Azərbaycanın bütöv olduğu vaxtlarda o yerlər çox qalın meşələr imiş. Ərdəbil tərəflərdən bir dəstə adam ova gəlir və gözəl bulaqlardan birinin gözündə suyun dolması üçün ağacdan bir çanaq düzəldirlər. Elə həmin bulağın adına uyğun orada kənd yarananda adı Çanaqbulaq olur… Vaxtilə kəndin camaatı gün ərzində Ərdəbilə buradan piyada gedib qayıdırmışlar. Yəni Cənubi Azərbaycanla bu dərəcədə yaxınıq. Amma əslimiz yaxınlıqdakı Musakənddəndir. 20-ci illərdə sovetlərin apardığı siyasət nəticəsində həmin kənd yandırılıb…

– Babalarınızın kəndini niyə yandırıblar ki?
– O kəndin camaatı bolşevik hakimiyyətini qəbul etməyərək müqavimət hərəkatı yaradıbmış, Şura hökuməti də belə qərar veribmiş ki, hansı kəndlər tabe olmursa, yandırılsın… Babamgil də bəy olduğundan təqiblərdən canlarını qurtarmaq üçün Cəlilabada, Salyana köçüblər. Sonradan valideynlərim Çanaqbulaqda məskunlaşıblar. Musakənd 70 il xaraba qalıb. Yalnız qəbiristanlığı qalmışdı. Nəhayət, SSRİ dağıldıqdan sonra o kəndin bərpası istiqamətində çalışmağa başladım. Xeyli çalışmalardan sonra MM-in 6 may 1997-ci il tarixli qərarı ilə Musa kəndi bərpa edildi. Və hazırda məskunlaşma gedir. Evlər tikilir və yaşayış var…

– Valideynləriniz hansı peşənin sahibi olublar? 
– Atam 23 yaşında sovet hökumətinin bayaq bəhs etdiyim o yandırma siyasətinin qurbanı olub. Ev-eşiklərini, var–dövlətlərini itiriblər. Babamgil İranla ticarət əlaqələri saxladığından o dövr üçün kifayət qədər var-dövlətləri olub. Ancaq bolşeviklər kəndlərini yandırıb onları didərgin saldıqdan sonra bir rəiyyət həyatı yaşamağa məcbur olublar. Nəticədə 20-30-cu illərin çətin şəraitində bir çoxları kimi atam və anam da təhsil almağa nail ola bilməyiblər. Amma atam qabiliyyətli olduğundan bənnalıq sənətinə yiyələnib və böyük bir ailəni halal zəhməti ilə dolandırıb. 4 bacı, 5 qardaş olmuşuq. Hazırda bu qardaşlardan üçü elmlər doktoru, professordur, biri də mənəm…

– Uşaqlıqda atanız sizi nə üstdəsə möhkəm vurub?
– Uşaqlığım bir növ hərbi sistemdə keçib… Sovet vaxtı 7 yaşında məktəbə gedirdilər. Ancaq elə olub ki, mən 6 yaşında getmişəm. Lap evimizin yanında olan məktəbimizin direktoru anamın əmisi oğlu idi. Bir gün həyətdə oynayanda məni çağırıb ki, gəl, birincilərin yanında otur, kitablara bax. Görüb ki, bir az fərasətliyəm, oxuyub-yazmağı asanlıqla götürürəm, elə 6 yaşından məni məktəbə götürüb. Məktəbi yaxşı oxumuşam, həmişə atamın-anamın başını uca etmişəm. Ona görə də nə atam, nə müəllimlər tərəfindən ciddi bir tənbehə məruz qalmamışam…
Həm də atam çox ağır təbiətli bir insan idi. Onun idarəçiliyində ən sərt cəza adi bir sərt baxış idi. İnanın ki, atamın qaşqabağı açılana qədər evdə hər kəs bir həyəcan yaşayırdı. O, kötəkləməkdən, şillələməkdən uzaq idi. Amma o kişinin bir ağır baxışı bizim üçün kötəkdən də, şillədən də ağır idi. Eyni idarəçilik üsulunu mən öz ailəmdə də tətbiq etməkdəyəm…

– Deputat olanadək yalnız universitet müəllimi işləyirdiniz. Onda necə dolanırdınız? Həm də tələbələrinizdən də eşitdiyimə görə başqalarından fərqli olaraq rüşvət də almamısız…
– Özüm tələbə ikən müəllimlərimdən çox şey öyrənmişəm; dərs demək üsulunu, tələbələrlə rəftar qaydasını. Məsələn, mənə hazırda Tarix İnstitutunun direktoru olan, deputat Yaqub Mahmudov dərs deyib. O, ilboyu mütəmadi dərslərə hazırlaşan, fəal tələbələrdən imtahan götürmürdü. Mən də ondan əxz edərək bu üsula əməl etdim. Əslində bu, çox gözəl bir metod idi. Təsəvvür edin ki, bir tələbə ilboyu yaxşı cavab verə, amma imtahanda üç sualdan ikisini təsadüfən bilməyə, ona “2”, yaxud “3” yazasan – həyatın məntiqi pozulur axı… 
Eyni zamanda, halallığı öyrəndim müəllimlərimdən… 1982-ci il mayın 4-də müəllim işləməyə başlayarkən Tanrı ilə bir “müqavilə” bağladım ki, ya Rəbbim, məni tələbəmə möhtac edəcəksənsə, mən bu sənətdə işləməyim… Və qərara aldım ki, Tanrının qismət payını tələbələrin əli ilə yemək olmaz. Şükür Allaha ki, mənə elə şərait yaratdı ki, bu gün vicdanım qarşısında da, tələbələrim qarşısında da kifayət qədər rahatam…

– Bəs indi necə, aylıq gəliriniz müasir tələbləri ödəyirmi?
– Desəm ki, tam ödəyir, Tanrının və vicdanım qarşısında günah etmiş olaram. Deyir, qəlbində Tanrıdan narazı qalmaq hissi baş qaldırarsa, səndən öndə gedənlərə yox, arxadakılara bax, onda görərsən ki, çox irəlidəsən… Mənim həyat şüarım budur. İkincisi də, Tanrı nə verirsə, min şükür. Nə də vermirsə, deməli, səni hansısa təhlükədən qoruyur…
Bu gün maaşdan-filandan şikayət etsəm, ən aşağısı, çox gülünc görünərəm. Min şükür, varlı olmasam da, yoxsul da deyiləm. Hər kəs aldığı məvacibə uyğun həyatını qurmalıdır ki, çətinlik çəkməsin… Sən bunu uzlaşdıra bilmirsənsə, ayda 10 min manat alsan da, elə ac-yalavac olacaqsan…
Azərbaycanda islahata çox ehtiyacı olan məqamlar var. Təəssüf ki, Azərbaycan sakininin büdcəsinə ən böyük zərbə vuran amillərdən biri də toylardır. Bu sahədə, eləcə də ad günləri, yas mərasimləri sahəsində bir qayda yaradılsa, bəlkə də ailələrin büdcəsi də yerində olar. Ayda böyük bir ailəni 500 manatla yedirtmək mümkündür. Amma tutaq ki, professor 500-600 manat maaş alır, onu ayda üçcə dəfə toya çağırsalar, büdcəsi darmadağın olar…

– Oğlunuz Tural hərbi xidmətini hansı bölgədə keçdi?
– Oğlum daxili qoşunlarda keçib hərbi xidməti… Salyanın Xıdırlı kəndində cəzalı əsgərlər üzərində nəzarətçi kimi xidmət edib. Çox ağır xidmətdir. Amma Allah üzünü ağ eləsin, hər yerdə, o cümlədən, hərbi xidmətdə mənə başucalığı gətirib…

– Yəqin komandirləri sizə görə ona hörmət edirmişlər?
– O, hərbi komissarlıqların ləğv edildiyi dövrdə hərbi xidmətə yollandı və elə özü, təbii yolla dediyim hərbi hissəyə düşdü. Düzdü, komandiri ilə görüşdüm, o, məni bir deputat kimi tanıdı… Amma bircə dəfə də ondan nəyisə xahiş etmədim. Çünki oğlum özünü elə intizamlı, ağıllı apardı ki, belə bir şeyə ehtiyac olmadı. Hətta andiçmə günündə bir valideyn kimi hərbi hissədə olanda Tural xahiş etdi ki, ata, bir də yanıma gəlmə, çünki burada hamı səni xüsusi statusu olan bir adam kimi tanıyır, mən də sənin adınla xidmət etmək istəmirəm… 

– Tural indi ailə qurub? Harada işləyir? 
– Şükür Allaha, toyunu da etmişəm, ailə də qurub, işləyir də, ayrıca yaşayır – müstəqil kişidi… İstəmirəm, xüsusi hallandırım, dövlət strukturlarından birində işləyir. Və başını aşağı salıb aldığı məvaciblə ailəsini dolandırır…

– Qızlarınız necə?
– Bir qızım Dillər Universitetini bitirib, hazırda analıq məzuniyyətində olduğu üçün işləmir. Sonbeşik qızım isə ali məktəbi bu il bitirib və magistraturaya hazırlaşır…

– Torpaqla, bağ-bağatla məşğul olmağa meyiliniz var?
– O qədər meyilim var ki. Torpağa dəhşətli dərəcədə bağlıyam… Həmişə fikirləşirəm ki, özümün torpağım, bağım olsa idi, mənim bağımdan gözəl bağ olardımı? Təəssüf ki, nə torpağım var, nə də bağım… Üçotaqlı bina evində yaşayıram. Rayonda bərpa etdiyimiz dədə-baba kəndimizdə qardaşlar yığışıb bir ev tikmişik. Yayda bir aya yaxın orada qalıram və bütün günü axşamadək ağaclarla, güllərlə məşğul oluram… Amma bir yandan baxanda, yaxşı ki, Bakıda bağım yoxdur, yoxsa oradan məni çıxardıb nə dərsə, nə də parlamentə aparmaq olardı…

– Parlamentdə kreslo qonşularınızla necə dolanırsız?
– Sabir Rüstəmxanlı ilə kreslo yoldaşıyıq. Bizdən qarşıda isə Eldar Quliyev və Əsabil Qasımovdur. Həmişə öz aramızda deyirəm ki, Allah o dünyada iki şeyə çox diqqət edir; tərəzi haqqı, bir də qonşu haqqına. Biz qonşuluq haqqında çox düzük…

– Bəs hansı həmkarlarınızla zarafatınız tutur?
– Düzü, mən boş, mənasız danışığa meyilli adam deyiləm. Amma tənhalığı sevmirəm. Hələ bu günə qədər parlament bufetində, bir dəfə də olsun təkcə yemək yeməmişəm. Yumoru çox sevsəm də, lətifələr yadımda qalmır. Çünki beynimdə belə şeylərə yer yoxdur… Amma insanlarla ünsiyyətim gözəldir. Deputatlar arasında da nifrət etdiyim bir şəxs yoxdur. Nifrət etdiyin yoxdursa, deməli, sənə də nifrət etmirlər… Dostlarım da var, təbii ki. Qalanlar da sadəcə, həmkarlarımdır…

– Fəzail müəllim, toylarda hansı havaya oynayırsız?
– Vallah, cavanlığımda yaxşı oynayırdım… Həmişə deyirəm ki, oynamalı yer toydur. Amma indi bəziləri qonşunun əsəbləri ilə oynayırlar, pulla oynayırlar, siyasətlə oynayırlar, yalanla oynayırlar, toyda isə kraxmallanıb otururlar… Mən həmişə getdiyim toylarda çalışıram ki, toy sahibinin könlünü oxşayım, ehtiyac olarsa, çıxış edib bir xoş söz deyim… Oynamaq iki cür olur da; bir var, araqdan, rus demişkən, “polnı” vurub düşəsən ortalığa, köynəyin şalvardan çıxa, bir də var o Mehman kinosunda Kamilov kimi “mənim havamı çalın” – deyib ağayana, mərifətlə rəqs edəsən. Yəni sümüyünə düşən havaya oynamalısan. Mən toylarda insanların xarakterini oynamaqları ilə üzə çıxardıram… Hər kəs öz xarakterinə uyğun rəqs edir… Ciddi xarakterli adamlar ağır oynayır, bir az oynaq xasiyyətə malik adamlar isə yüngül… Mən də qədim ağır, sanballı el havalarımıza oynayıram…

– Geyimlərinizi özünüz seçib alırsız, yoxsa xanımınızın, yaxud övladlarınızın zövqünü də nəzərə alırsız?
– Yox, o məsələdə çox böyük müstəqilliyim var. Hər kəsin öz zövqü var. Mən də paltarların yaraşanını, səliqəlisini geyinirəm….

– Sön dövrlərdə Azərbaycan qızlarının, qadınlarının “müasirlik” adıyla açıq-saçıq geyinməyinə necə yanaşırsız?
– Öz ailəmdə, övladlarım arasında və mənim rəhbər, ağsaqqal sayıldığım dairədə bu məsələlər xüsusi diqqət mərkəzindədir və başqa cür də ola bilməz… Abır, ismət, şəxsiyyət, ləyaqət… Bunlar bir az şablon səslənir. Amma nə qədər nəfəsim gəlir, mənim əhatə dairəmdə o saxta müasirliyə yer yoxdur. Bu məsələlərdə mən köhnə kişilərdənəm…

– Sovet dövründə yetişən tarixçilərin əksəriyyəti materialist düşüncəli, ateist ruhlu olur. Amma bayaqdan söz-söhbətinizə fikir verirəm, deyəsən, siz Axirətə, Cənnətə, Cəhənnəmə inanan adamsız?
– Bilirsiz, hər kəsin böyüdüyü mühit var. Adam var ki, elə bir ailədə böyüyüb ömründə Alahın adı çəkilməyib. Yaxud gözünü açandan süfrələrində araq, çaxır görüb… Gözümü açandan atam-anam məni “Allahu Əkbər” sədası ilə yuxudan oyadıbsa, başqa əxlaq sahibi ola bilmərəm axı… Yadımdadı, 6-cı sinifdə oxuyanda orucluq vaxtı kəndimizə Bəhram adlı bir molla gəlmişdi. Böyük bir məscidimiz vardı. 
Molla namazı öyrədəndə savadı olmayan yaşlı adamların çoxu ərəb sözlərini çətinliklə tələffüz edirdi. Namaz ifadələrini asanlıqla tələffüz etdiyimi görən molla məni öz yanında əyləşdirdi. O gündən dərsdən sonra məscidə gedib namaz qılmağa başladım. Bundan xəbər tutan direktorum məni, məktəbdən çıxarmaqla hədələdiyinə görə məcbur olub daha məscidə getmədim… Amma o mənəvi ab-havanı bu günədək qəlbimdə yaşadıram. Və əgər mən kənddən bir çanta ilə Bakıya gəlib yalnız valideynlərin cüzi köməyi ilə ali təhsil alıb bu səviyyəyə çatmışamsa, cəmiyyətdə az çox tanınıramsa, bunu Allahın bir qismət payı kimi qəbul edirəm…

– Deyəsən, hazırda ibadətlə məşğul olmursuz?
– Yox, bu gün mən namaz qılmıram, oruc tutmuram, dindar, müqəddəs bir insan olduğumu deyə bilmərəm. Amma belə məsələlərdə mən vicdan azadlığı prinsipinə uyğun davranıram.

– Fəzail müəllim, ömür boyu çox suallara cavab vermisiz; şagird, tələbə kimi imtahanlarda, siyasətçi, deputat kimi müsahibələrdə… Bizim suallara da cavab verdiniz. Bəs Axirət günü veriləcək suallardan qorxmursuz ki?
– Yox. Qətiyyən. Yəni nə günahım var, cəzasını çəkəcəm. Həm də bilmək olmaz ki, Tanrı orada hansı cəhətlərə üstünlük verəcək. Məsələn, deyirlər ki, kim ölüm anında “la ilahə illəllah” kəlməsini işlətsə, Allah günahlarının çoxunu bağışlayar…

Sultan Laçın
“Həftə İçi” qəzeti






 

Comments are closed.