Cəmiyyətin demək olar ki, bütün sahələrinə nüfuz edən internet kitab aləmini də öz imkanlarına daxil edib. Bu gün kitab oxumaq üçün kitabxanaya getməyə və ya pul verib mağazadan almağa ehtiyac yoxdur. Kompyuterinizin qarşısından ayrılmadan da internetdə axtarışa verib və ya hansısa elektron kitabxanaya daxil olub sizi maraqlandıran ədəbiyyatı əldə edə bilərsiniz. Bunun üçün beynəlxalq dillərdən birini, məsələn, ən azı ingilis dilini bilməyiniz yetərlidir. Maraqlıdır, vaxt və əldə etmək baxımından sərfəli olan elektron kitabxanalar ənənəvi kitabların nüfuzuna necə təsir edir? Cəmiyyətimizin kitaba verdiyi mənəvi dəyəri elektron kitablara da aid etmək olarmı? Nə üçün real kitablara deyil, elektron kitabxanalara müraciət edirlər? Suallarımıza cavab tapmaq məqsədilə VHP Siyasi Şurasının üzvü Samir Əsədlinin fikirlərini öyrəndik.

Samir Əsədli dedi ki, bu gün elektron kitabxanalar çoxdur: «Mən «kitabxana.net», «kataloq.az» və AMEA-nın saytında olan kataloqlardan istifadə edirəm. Hesab edirəm ki, bütün kitabların elektron variantı olmalıdır. Əsasən də ali məktəblər üçün lazım olan kitabların internetdə olması çox vacibdir. Hesab edirəm ki, bu sahəyə diqqət artırılmalıdır. Dövlət, həmçinin də unversitetlər və digər təhsil müəssisələri bunda maraqlı olmalıdır. Bütün universitet saytlarının kataloqlarında dərs vəsaitləri elektron formada yerləşdirilməlidir. Hesab edirəm ki, hər iki variant çox uğur qazana bilər. İndi internet əsri olduğu üçün elektron kitabxanalar da çox oxunulur. Lakin mən ənənəvi kitablara daha çox üstünlük verirəm. Lazım olan kitabları kitab dükanlarından alıram. Daha çox internetdə yazılı olmayan materilallardan istifadə edirəm. Həm elektron, həm də ənənəvi kitabların öz oxucusu var. Hər bir oxucu da öz adətinə uyğun hərəkət edir. Mən, məsələn, daha çox yazılıya üstünlük verirəm. İnternetdən isə əsasən siyasi yazıları oxuyuram. Vikipediyadan və digər bu kimi saytlardan çox faydalanıram. Bu gün gənclər daha çox bir-birilərinə kitab hədiyyə edirlər. Mən də gənc dostlarıma ad günlərində kitab hədiyyə edirəm. Həmçinin VHP Gənclər Təşkilatının təşəbbüsü ilə partiyanın mərkəzi qərargahında kitabxana təşkil etmişik. VHP olaraq, biz gənclərin asudə vaxtlarını kitabla keçirməsi üçün «Gənclərin Oxu Zalı» kitabxanasını bütün gənclər üçün nəzərdə tuturuq. Kitabxanaya kompyuterlər də qoyulub ki, gənclər istifadə etsinlər».

XC

Comments are closed.