Anar Mahmudoğlu


Zakir Sadatlının nə özü, nə də sözü çirkab götürər

Dünən son ayların ən gözəl gününü yaşadım: Milli Kitab Mükafatının qalibi kimi məhz Zakir Sadatlının adı çıxdı zərfdən.

İnanırdım, adım kimi əmin idim – Zakir Sadatlı sözünün qaliblər sırasında olacağına, münsiflərin növbəti dəfə ədalətli qərar verəcəyinə…

Etiraf edək ki, MKM-in ilk müsabiqəsində kimlərinsə piar xidməti ilə müəyyənləşən qalib birmənalı qarşılanmamışdı. Gözlənilməz nəticə – Qaraqanın qalibiyyəti – hətta “milli” adına iddia edən bu müsibiqəyə inamsızlıq yaratmışdı: burdakı seçkilərin Azərbaycanın ictimai-siyasi həyatındakı “seçkilərdən” qətiyyən fərqlənmədiyi ortaya qoyulmuşdu.

Ancaq növbəti il hər şey dəyişdi; Pərvizin “Yad dildə” romanı qalib gəldi və MKM-in missiyası qabarıqlığı ilə göründü: məlum oldu ki, bu müsabiqədə ilk uğursuzluqdan nəticə çıxarılıb, ədalətli seçim imkanları genişlənib, sözün və söz adamlarının himayəsinə başlanılıb.

Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanının MKM-ə təqdim edilməsi istəyi də buna görə yarandı: israr etdim, Zakirə müsabiqənin ədalətli olacağına inanması üçün “Yad dildə”ni misal gətirdim və… uzun-uzadı təkidlərimdən sonra razılığını aldım. Hətta həkimlərin Zakiri kompüterdən uzaq tutması prinsipinə də “əməl elədik” (bu “bəhanəni” Zakirdən aldıq), “Əfqanıstan uçurumu”nu MKM-ə mən göndərdim…

İnamımı hər dəfə özünə deyirdim. Gülürdü, kimlərin və hansı əsərlərin olduğunu, müqayisə edib-etmədiyimi soruşurdu. Nə bilirdim ki? Hələ proses gedirdi, 20-lik belə açıqlanmamışdı.

Fevralın 5-dən, Zakirin bizə “əlvida” deməsindən sonra 20-lik elan olundu. 20-liyə düşən kitabları oxudum və tam əmin oldum: ədalətli seçim olacağı təqdirdə “Əfqanıstan uçurumu”nun qalib gələcəyinə heç bir şübhə ola bilməz!

Məni ən çox narahat edən məqam MKM-in münsiflərindən olan Rəşad Məcidin bir neçə gün əvvəlki müsahibəsi idi. Münasibətini ortaya qoymuşdu və ən layiqli əsəri – “Əfqanıstan uçurumu”nu – ədalətsizcəsinə tənqid etmişdi. Münsiflər kifayət qədər nüfuzlu şəxslərdir və onların əsərləri oxuyacaqları təqdirdə Zakir Sadatlını qalib görəcəklərinə inanmamaq üçün heç bir əsasım yox idi. Çünki peşəkar ədəbiyyatçı kimi “Əfqanıstan uçurumu”na, münsiflərin böyük əksəriyyətinin isə ədalətinə güvənirdim. Amma ilk müsabiqədə olduğu kimi, əgər əsərləri münsiflər oxumasaydılar və kiminsə rəyinə etibar edib, səs versəydilər, onda necə?

Dünən MKM-in tədbirinə gedəndə də dostlara xəbər eləmədim: hamımız orda olsaydıq və Sözün məğlub olduğunu görsəydik, ovqatımız necə olacaqdı? Bir-birimizin üzünə necə baxacaqdıq? Zakir Sadatlıdan sonra onun sözünün qeyrətini çəkə bilmədiyimizə görə utanmayacaqdıqmı?

 

Təkcə Pərvizlə zəngləşdik; o, MKM-in münsiflərindən olduğu üçün onsuz da getməliydi.

Tədbir başlayandan, əsas qaliblərin elanından əvvəl ön sırada əyləşən Pərvizdən mesaj aldım: “Əkrəm Əylisli Zakir Sadatlıya səs verib – 10 bal”.

Çox sevindim – “Əfqanıstan uçurumu” qalib gəlməsəydi də, ədəbiyyatda küdüng çalmış söz adamlarının Zakiri belə dəyərləndirməsi bizə böyük təsəlli olacaqdı.

…Üçüncü yer – tamamilə düşündüyüm adam idi: “Kara dayı” layiqli əsərdir…

…İkinci yer… “İlahi, təki Vahid Qazinin adı çıxaydı”.

Ucadan fikirləşmişəmmiş, çünki yanımda əyləşən gənclər dərhal səbəbini soruşdular. Dedim, Vahid Qazini Zakir Sadatlıya əsas alternativ görürəm…

Amma qətiyyən gözləmədiyim nəticə elan olundu: “Balerina”. Yuxarıda dediyim münsifin bir neçə gün öncəki müsahibəsini xatırladım: “Yenədəmi???”

…Birinci yer… Sabir Rüstəmxanlı zərfi açdı və…

Dostlar aradılar, telefonda titrəyən səslərlə bir-birimizi uğurladıq. Hər şey əlaydı, yaxşıydı: Söz qalib gəlmişdi, MKM ədaləti yerinə qoymuşdu.

Təkcə boynuna sarılıb, təbrik etmək istədiyimiz Səbəbkar yox idi.

Dünən Zakirin bizdən ayrılmağının 4-cü ayı tamam olurdu…

***

Dərhal Əkrəm Əylislini yanladım, Zakiri qalib seçməsinin səbəbini soruşdum. “Son illər oxuduğum əsərlər içərisində ən səmimi romandır “Əfqanıstan uçurumu”, ona görə”.

Dəqiq qiymətdir – Zakirin özü kimi, əsəri də səmimidir.

İndi biriləri qalxır və Zakir Sadatlının o mükafata layiq olmamasından danışır.

Əvvəla, hazırda “meydan”da olan və ədəbiyyata orbitrlik edən bəziləri yalançı vətənpərvərliklə pul qazananda Zakir Sadatlı Qarabağda vuruşurdu – hələ onun Əfqanıstanda üçillik savaşını, müsəlman batalyonuna komandirliyini bir kənara qoyuram.

İkincisi, Zakir Sadatlı – Türkiyənin ev sahibliyi ilə keçirilən, dünyanın 37 dövlətindən yazarların qatıldığı beynəlxalq müsabiqədə də “Salam, baço” hekayəsi ilə qələbə qazanmışdı: təqdimatı İstanbuldaydı. Türkiyədəki münsiflərdəmi “hümanitar prinsiplərlə” yanaşmışdılar Zakirə?

Üçüncüsü, MKM-in qalibi olan “Əfqanıstan uçurumu” ortadadır: kimin narazılığı varsa, gəlsin və mən sübut edim ki, o iddianı söyləyənin bütün yaradıcılığı “Əfqanıstan uçurumu”nun bir cəmləsinə dəyməz!

Ən əsası: Zakir Sadatlının nə özü, nə də sözü iftira götürər. Yaşadığı ömür də ortadadır, yazdıqları da. Zakirin mində biri qədər bu Vətənə xidmət edin; Zakirin mində biri qədər ləyaqətli ömür yaşayın; Zakirin mində biri qədər Sözə qulluq edin, sonra – bəlkə!!! – onun haqqında söz deməyə mənəvi haqq qazanmış olarsınız.

Bəsdirin, 12 il əvvəl xətrini əziz tutduğum bir ağsaqqalın “həmkarlarına qarşı həssas ol” sözü ilə birilərinin kimliyini, əsl mahiyyətini müzakirə mövzusu etmirəmsə, bu o demək deyil ki, adam hər şeydə öz allahsız və vicdansız mülahizələrini ortaya dürtüşdürməlidir. Mənəvi dəyərlər də var, axı: toxunmayan Zakir kimi mənəviyyat qalalarına. Bircə daşına külüng çalsaz, o Qaladan qopan xırdaca qəlpə gözünüzü çıxardar – yəqin ki, məşhur tarixi həqiqəti bilirsiniz!

P.S. Əsas nəticədir və ədalətli nəticə də ortadadır. Buna görə Sözün yanında olan MKM-in ekspert və münsiflərindən, “Əfqanıstan uçurumu”nun araya-ərsəyə gəlməsində xidmət göstərən Vüsalə Mahirqızı və Qabil Abbasoğlundan, Şahbaz Xuduoğlu (kitabın naşiri) və Elbrus Əruddan… üzü belə hamını təbrik edirəm.

Comments are closed.