Dünya Azərbaycanlıları Konqresinin həmsədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlının Azərbaycan Respublikasına səfər etməsinə imkan yaradılması üçün prezident İlham Əliyevə müraciət edib.

“Media forum” saytının məlumatına görə, müraciətdə bildirilir ki, Mahmudəli Çöhrəqanlı DAK-ın Məşvərət Məclisinin sədridir, ancaq Azərbaycana gələ bilməməsi onun DAK-ın Bakıda keçirilən toplantılarında iştirak etməsinə imkan vermir. Digər tərəfdən, dünyada sayı 50 milyonu keçən azərbaycanlının yeganə vətəni olan Azərbaycana gəlmək hüququnun əlindən alınması Mahmudəli Çöhrəqanlıya mənəvi baxımdan mənfi təsir göstərir və onun hüquqlarını məhdudlaşdırır.

Sabir Rüstəmxanlı deyilənləri nəzərə alaraq prezident İlham Əliyevdən problemə şəxsən müdaxilə etməsini və Çöhrəqanlının Azərbaycana viza almasında yaranan problemlərin aradan qaldırılması üçün göstəriş verməsini xahiş edib.

1958-ci ildə Güney Azərbaycanda doğulan Çöhrəqanlı Təbriz Universitetinin dil-ədəbiyyat fakültəsini bitirib. Tehran Universitetində ümumi dilçilik üzrə namizədlik, Tehran Pedaqoji Universitetində doktorluq elmi dərəcəsi alıb. Təbriz və Tehran Universitetlərində dərs deyib. Azərbaycan Milli Elmlər Akademiyasında “Fars dilində türk sözləri” elmi əsərini müdafiə edərək professor olub.

1996-cı ildə Təbrizdən İran parlamentinə namizədliyini verib. Bundan sonra həbs olunub. Üç il sonra yenidən tutulub. 2001-ci ildə İranı tərk edib. 2003-cü ildə üç ay Azərbaycan Respublikasında yaşayıb. 2006-cı ilin iyun ayında əvvəl Türkiyədən, daha sonra Azərbaycandan deportasiya olunub.

2012-ci ilin noyabr ayında Mahmudəli Çöhrəqanlı 6 ildən sonra ilk dəfə Türkiyəyə yola düşüb. O, müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının noyabrın 4-də keçiriləcək qurultayına dəvətli olub. Ancaq Çöhrəqanlı Türkiyəyə buraxılmayıb. Noyabrın 3-də Münhen-Ankara təyyarəsi ilə Ankaradakı Esenboğa aeroportuna enən Mahmudəli Çöhrəqanlı Türkiyəyə giriş vizası alsa da, sərhəd-keçid məntəqəsində onun ölkəyə girişinə icazə verilməyib. GAMOH lideri gəldiyi təyyarə ilə geriyə, Münhenə göndərilib.

Comments are closed.