Türkiyənin Qaziantəp Universitetində Azərbaycanın Dirçəliş Gününə həsr olunmuş şölən keçirilib.

Türkiyəyə səfərdən dönən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, öncə Qaziantəp Universitetinin Atatürk Mərkəzində şəhər ictimaiyyətinin, qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə «Azərbaycan-Türkiyə ilişkilərində ədəbiyyat, sənət, mədəniyyət və musiqi» mövzusunda konfrans düzənlənib. Konfransda Universitetin Türk dili və ədəbiyyatı bölümünün rəhbəri Rahi Ərsoy və Türkiyənin Azərbaycanda da yaxşı tanınan sənətçi və yazarı Əhməd Şəfəq çıxış ediblər.

Azərbaycandan isə millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və hazırda Qaziantəp Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında müəllim olaraq çalışan professor Babək Qurbanov iki ölkə arasındakı münasibətlərin siyasi, tarixi və mədəni yönlərinə həsr olunmuş məruzə ediblər. Ardınca Konservatoriyanın Türk xalq musiqisi ansamblı və Şanlı Urfa Harran Universitetinin müəllimi, Azərbaycanın məşhur piano ustası Əfqan Salayev, tanınmış araşdırıcı və tarzən, yüzlərlə xalq musiqisini nota köçürən İlqar İmamverdiyev və başqalarının iştirakı ilə Dirçəliş Günü ilə bağlı böyük konsert verilib. Konsertdə əvvəldən axıra qədər Azərbaycan xalq mahnıları və bəstəkar musiqisi ifa edilib.

Millət vəkili Sabir Rüstəmxanlı daha sonra sözügedən universitetdə təhsil alan 50-dək azərbaycanlı tələbə ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Növbəti tədbir isə Türk Dünyası Araşdırmaları Vaqfının təşəbbüsü ilə İstambul Universitetində keçirilib. Macar alimlərinin də qatıldığı konfransda Sabir Rüstəmxanı «Macarıstan-Türkiyə-Azərbaycan əlaqələri və Türk Dünyasının problemləri» mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra İstambulda açılan böyük sərgidə iştirak edən Sabir Rüstəmxanlı Türkiyənin məşhur qələm sahibləri ilə fikir mübadiləsi aparıb.

Səfər DAK-ın Türkiyədəki Azərbaycan dərnəkləri ilə əlaqələri möhkəmlətmək baxımından əhamiyyətli olub.        

 

Comments are closed.