Sabir Rüstəmxanlı: “Ömrümün əhəmiyyətli hissəsini qısa və cari siyasətlərə həsr elədim”
Ötən gün Milli Məclis üzvlərinin əmək haqları artırıldı. Ölkədə yüksək maaş alanlar zümrəsinə daxil olan millət vəkilləri bundan sonra 210 manat çox əmək haqqı alacaqlar.
Milli Məclisin son sessiyasında qiymət artımını tənqid edən VHP sədri, xalq şairi, deputat Sabir Rüstəmxanlı millət vəkillərinin rayona gedib-gəlməsində problemlərin olduğunu deyərək, yanacağın qiymətinin artırılmasının onlara əlavə problem yaradacağını bəyan etmişdi. 
İki gün əvvəl isə bəlli olub ki, Sabir Rüstəmxanlının müəllifi olduğu “Göy tanrı” romanı alman, “Ömür kitabı” əsəri isə ingilis dilinə tərcümə edilib. Bütün bu məsələləri müzakirə etmək məqsədilə dünən xalq şairi ilə görüşdük və bizi maraqlandıran suallara cavab almağa çalışdıq. 
– Sabir bəy, müəllifi olduğunuz kitab Almaniyada nəşr edilib. Bu kimlərinsə şəxsi təşəbbüsü hesabına edilib, yoxsa özünüzün gördüyü işin nəticəsidir?
– Mənim kitabım ilk dəfə deyil ki, xaricdə nəşr edilir. İyirmiyə yaxın kitabım Azərbaycanda çap olunubsa, bundan da artığı xaricdə nəşr olunub. Təxminən iyirmi beş kitabım ölkədən kənarda çap edilib. Məsələn, mənim İranda üç kitabım yayımlanıb. Təbii ki, kitabımın fars dilində çap edilməsinə imkan vermirlər, odur ki, kitablarım Azərbaycan dilində nəşr edilib. Həm də bu kitablar leqal şəkildə yoxdur. Sadəcə olaraq məni tanıyanlar, mövqeyimi bilənlər və kitablarımı sevən dostlarımız bunu yayımlayırlar. Bu olduqca müsbət haldır. 
Türkiyədə səkkizə yaxın kitabım nəşr edilib. Təkcə “Göy tanrı” əsəri üç dəfə təkrar yayımlanıb. Bu qardaş ölkə ilə bərabər Rusiyada da kitablarım çap edilib. Həmçinin “Göy tanrı” Özbəkistanda özbək dilində nəşr edilib. Yəni kitablarımın xarici ölkələrdə müxtəlif dillərdə tərcümə edilməsi təcrübəsi var. Sonuncu dəfə isə “Göy tanrı” əsəri Almaniyada alman, “Ömür kitabı” isə Böyük Britaniyada ingiliscə nəşr edilib. Təbii ki, heç kim təşəbbüsü üzərinə götürərək müəllifin kitabını çap etdirmir. Əlbəttə, təşəbbüskarlar, məni tanıyan dostlarım, habelə bu kitablarla maraqlanan insanlar var. Məsələn, mənə Çindən məktub gəlib və xahiş edilib ki, “Göy tanrı” romanını uyğur dilinə tərcümə edib nəşr olunmasına icazə verim. Bu müraciətdən sonra gedib onlarla görüşdüm, tərcüməçilərlə maraqlandım. Məlum oldu ki, romanın türkcəsi onların əlinə keçib və buna baxandan sonra tərcüməyə başlayıblar. Bir sözlə, bu mənim şəxsi təşəbbüsüm deyildi və əlim də oralara çatmır. Amma mənim dostlarım, tanışlarım var. Eləcə də ədəbiyyatımızın təbliğində və tanınmasında maraqlı olan insanlar var. Fikrimcə, əslində ilk addımlar elə bu cür atılır. Sonradan təbii ki, nəşriyyatlar da bunu çap etməkdə maraqlı olacaqlar. Amma siz elektron kataloqlara girsəniz görəcəksiniz ki, bu kitablar nə qədər yayılıb. Önəmlisi kitabın nəşri və başqa dillərdə yayılmasıdır. 
– Kitab çapı həmçinin biznes hesab edilir. Siz ən çox oxunan müəlliflərdənsiniz. Kitab çapından gəlir əldə edə bilirsinizmi?
– Çox təəssüflər olsun ki, son 20-25-ildə Azərbaycanda kitab gəlir gətirən sahə deyil. Əksinə, müəlliflərin özü kitabı çap etdirir. Amma çox oxunan kitablar da var. Maraqlı olduğu üçün sizə deyim ki, şəxsən mən Azərbaycanda bir çox kitablarımın nəşr edilməsinə pul vermirəm. Nəşriyyat özü mənim kitabımı çap edir və deyir ki, sizə bu sayda kitab verəcəyik, yerdə qalanını isə özümüz satıb pulunu çıxaracağıq. Dövlətin bu istiqamətdə siyasəti olmalıdır. Ədəbiyyatın müəyyən hissəsinə qonorar verilməlidir. Kitabların nəşri və yayılması naminə bunlar edilməlidir. İndi bizdə reallıq belədir ki, həm latın qrafikasına keçidlə bağlı, həm də ictimai formasiyanın dəyişməsi səbəbindən kitaba maraq azalıb. Təəssüflər olsun ki, Türkiyəyə kənardan daxil olan bizim kimi müəlliflərin kitabı da gəlir gətirmir. Ola bilsin ki, nəşriyyata müəyyən gəlir daxil olur, amma müəlliflərə gəlir vermir. Ancaq Rusiya və Almaniya kimi nəhəng ölkələrdə müəllif tanınandan və oxucu çevrəsi qazanandan sonra kitablar böyük tirajla çap edilir. Bu zaman da kitab böyük gəlir gətirə bilir. Ancaq bu bizim üçün hələ də arzu olaraq qalır. 
– Siz elan etmisiniz ki, yenidən Milli Məclisə seçkilər zaman namizədliyinizi irəli sürməyəcəksiniz. Bu sizin fikrinizdir, yoxsa təhrif edilib?
– Yox. Mənim fikrimdir. Hələ bu barədə düşünmürəm. Ola bilsin ki, heç namizədliyimi irəli sürməyəcəyəm. 
– Siz partiya sədri, siyasətçisiniz. Milli Məclis də siyasi meydan hesab edilir. Partiya sədri nədən siyasi meydanda olmasın?
– Partiya ancaq sədrdən ibarət ola bilməz. Partiyalarda sədrlə yanaşı kifayət qədər şəxs var ki, deputat olmağa layiqdir. Başqa sözlə, mən olmaram, başqası olar. Fikrimcə, burada faciə yoxdur.
– Bu sizin qəti fikriniz deyil?
– Nəzərə almaq lazımdır ki, hələ qarşıda bir xeyli vaxt var. İkincisi də, partiyanın maraqları, ümumi ictimai-siyasi vəziyyət, situasiyanın diktəsi və s. amillər mövcuddur. Şübhəsiz ki, seçki zamanına qədər bütün bunlar saf-çürük ediləcək. 
İkincisi, hesab edirəm ki, biz ömrümüzün və vaxtımızın kifayət qədərini siyasi proseslərə təhvil verdik. Amma ədəbiyyat bizim əsas işimizdir. Vaxtilə kitaba, müəllifə, fikirlərə ciddi hörmət var idi. Təsəvvür edin ki, bir zamanlar meydanda insanlar əllərində kitabla gəzirdilər. Bu kitabların müəllifi də meydanlarda idi. Həmin dövrdə ortada siyasətçilər də yox idi və insanlar da məhz bu kitabların müəlliflərinə, ziyalılara inanırdılar. İndi isə Azərbaycanda vəziyyət dəyişib. Ən azı mən həmin ruhu öz kitabımda qorumağa çalışıram və imkanım daxilində bundan sonra da kitablarım yazılacaq. Bir var gündəlik cari siyasət, birdə var ədəbiyyatın əbədi siyasəti. Mən ömrümün əhəmiyyətli hissəsini qısa və cari siyasətlərə həsr elədim. Amma mənim üçün məqsəd və niyyət gündəlik siyasətdən daha böyükdür. 
– Milli Məclisin son sessiyasında siz bir sıra məsələləri, o cümlədən son qiymət artımı haqda problemləri qaldırmışdınız. İki gün əvvəl isə Milli Məclisin deputatlarının əmək haqqı 210 manat qaldırıldı. Bunu necə qiymətləndirirsiniz?
–  Açığını deyim ki, Milli Məclisdə nə mən, nə də digər millət vəkilləri demədi ki, deputatların maaşı artırılsın, buna ciddi ehtiyac var və s. Şəxsən mən dedim ki, Milli Məclisin deputatı ölkədə ən yüksək maaş alan zümrəyə daxildir. Amma yanacağın qiyməti artandan sonra deputatların rayona gedib gəlməsi çətinlik doğuracaqsa, görün, sıravi vətəndaş hansı vəziyyətdə qalacaq. Şübhəsiz ki, qiymət artımı istər-istəməz bütün sahələrə təsir göstərəcək. Kommunal xərclər, yol haqqı artır, bazar bahalaşır. Bu bahalaşma əhalinin bütün zümrəsinə təsir edib. Deputatların maaşının artırılması ilə iş düzəlmir. Sözümün mənası odur ki, mən çıxışımda problemə toxunmuşam, daha deməmişəm ki, deputatların əmək haqqı artırılmalıdır. 
– Millət vəkillərinin əmək haqlarının artırılması sizcə, cəmiyyətdə necə qarşılanacaq?
– Təbii ki, əhali bunu müsbət qarşılamayacaq. Əslində sizə deyim ki, aradan keçən son illərdə xırda faizlərlə olsa da, əhalinin əmək haqlarında artım baş verib. Son bir ildə isə mən bildiyim qədər bir çox sahələrdə maaşlar 10 faiz civarında artıb. Əlbəttə, maaş artımı yanacağın qiymətlərinin bahalaşması müqabilində çox cüzidir. Ancaq bütün hallarda əhalinin əmək haqlarında artım olub. Deputatlar isə 5 il öncə hansı səviyyədə maaş alırdısa, indi də həmin səviyyədə alırdılar. Biz bunu başqa ölkələrin parlament üzvlərinin əmək haqları ilə müqayisə edəndə çətin olur. Ən azından bu müqayisədə aldığımız maaşın miqdarını deyə bilmir, bəzən utandığımızdan bu rəqəmi gizlədirik. Çünki onların əmək haqlarının məbləğini bildikdən sonra bu haqda danışmağa çətinlik çəkirik. Odur ki, Milli Məclisin deputatlarının əmək haqlarının artırılması haqda qərarı qeyri-adi qarşılamağı da doğru hesab etmirəm. İstərdim ki, ölkədə təqaüdçülərimizin və az miqdarda əmək haqları alanların, sosial müdafiəyə ehtiyacı olan təbəqənin əmək haqqı yüksək olsun. Bu həm də bizə imkan verər ki, daha rahat danışaq. 
– İqtisadçılar yanvardan sonra yeni qiymət artımı haqda anons verirlər. Siz yeni qiymət artımı gözləyirsinizmi?
– Tarif Şurası məsələyə kompleks yanaşmalıdır. Qiymət artımı baş verəndə bir çox həmkarlarımız və eləcə də digər şəxslər odlu-alovlu çıxış edərək xarici ölkələrdə yanacağın qiymətinin bizdən 2-3 dəfə baha olduğunu qeyd edirdilər. Amma nəzərə almırdılar ki, həmin ölkələrdə əmək haqqı bizimlə müqayisədə bir neçə dəfə artıqdır. Qiymət artımına əmək haqqının artımı konteksində baxılmalı, bu proses bərabər aparılmalıdır. Yəni əmək haqqı artmadan qiymət artımına getmək olmaz. Çünki bu əhalinin kasıblaşmasına gətirib çıxarardı. 
İkincisi, burada nəzərə alınmayan bir məqam var. Son zamanlar ekologiya məsələsi qaldırılır, həmçinin deyilir ki, Azərbaycan benzini yararsızdır, yeni standartlara keçilməlidir. Yəni keyfiyyət məsələsində müəyyən narahatlıq ifadə edilir. İndi qiymətini artırdığımız yanacaq ola bilsin ki, xaricdə bizdən iki dəfə bahadır, amma həm də iki dəfə keyfiyyətlidir. Yəni Avropada baha qiymətə benzin alsan da, onunla daha çox yol getmək olur. Burada ikitərəfli məqam ortaya çıxır. Başqa sözlə, aşağı keyfiyyətli benzinin baha qiymətə satılması insanlara daha çox ziyan vurur.
– Nəqliyyatda və metroda qiymət artımı baş verə bilərmi?
– Sizə deyim ki, iqtisadiyyata kompleks baxıldığı kimi qiymət artımına da bu cür yanaşmaq lazımdır. Çünki bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. Dövlət müdaxilə etməsin və qiymətlərdə artırılmasın. Ancaq ictimai nəqliyyat vasitəsi rayondan Bakıya gəlirsə və bu zaman yanacağa daha çox pul verəcəksə, təbii ki, bu pulu sərnişinlərdən çıxarmağa çalışacaq və bunun üçün müxtəlif yollar axtaracaq. Bu isə istər-istəməz bütün sahələrə təsir göstərəcək. Çalışmalıyıq ki, qiymət artımı sosial təminatı zəif olan təbəqəni bir qədər də pis duruma salmasın. Bunun üçün hesab edirəm ki, müəyyən tədbirlər həyata keçirilməlidir.

Comments are closed.