Demokratiyaya Yardım Fondu İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “10 qəpik” kampaniyası davam edir. Bu barədə məlumatı “Yeni Müsavat”a Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatının sədri Pünhan İmamlı verib. Onun sözlərinə görə, elan olunan ünvanlarda ianələrin toplanması bayram günlərində də davam etdirilib: “Biz eyni zamanda haqsız yerə həbs olunan fəallarla bağlı da müdafiə kampaniyası aparırıq. Aksiyalarda cərimələnənlər bağlı keçirilən “10 qəpik” kampaniyasına cəmiyyətin marağı həddindən artıq böyükdür”.

P.İmamlının sözlərinə görə, eyni zamanda onlar İctimai Palatanın may ayında keçirməyi planlaşdırılan aksiyaya da hazırlıq görürlər: “Gənclər təşkilatları ilə tez-tez toplaşıb fikir mübadiləsi aparırıq. Eyni zamanda İctimai Palatanın may ayında keçirəcəyi aksiyaya hazırlıq görürük”.

Qeyd edək ki, sonuncu dəfə belə xeyriyyə kampaniyasını İctimai Palata keçirib. Müsavat Partiyasında keçirilən kampaniyada müxalifətçilərlə yanaşı, ayrı-ayrı QHT rəhbərləri, hüquq müdafiəçiləri, siyasi partiyaların rayon təşkilatlarının sədrləri iştirak edərək topladıqları ianələri yardım fonduna təqdim ediblər.
Bundan əvvəl isə “Əsgər ölümlərinə son!”, “İsmayıllıya dəstək” aksiyalarında cərimələnən fəalların cərimələrinin ödənilməsi məqsədilə keçirilən “5 qəpik” kampaniyasında minlərlə insan iştirak etmişdi.

Comments are closed.