Mayın 23-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi İran adlanan yerin Azərbaycan Respublikasındaskı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirdi. 
Əksəriyyətini gənclər təşkil edən piket iştirakçıları “bozqurd” işarəsi tutaraq, eyni zamanda Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağıyla diplomatik korpusun qarşısında “Fars, rus erməni, bunlar türkün düşməni!”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!”, “Biz ölərik, Güneydən əl çəkmərik!”, “Haray, haray mən türkəm!” və s. şüarlar səsləndirdilər. Daha sonra DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli aksiyanın qətnaməsini elan etdi: “Bu, 2006-cı il mayın 22-də İran adlanan yerin rəsmi qəzetində azərbaycanlaların təhqir olunması ilə bağlı keçirilən ənənəvi aksiyadır. Bildiyiniz kimi, İran adlanan yerin dövlət qəzeti olan “İran” adlı qəzetdə türk milləti farsların tullantılarından bəslənilmiş hamam böcəklərinə bənzədilmişdi. Ona görə də 22 may Güney Azərbaycanda “Milli qiyam günü” kimi qeyd edilir. Mayın 21-dən başlayaraq Güney Azərbaycanın bölgələrində etiraz aksiyaları keçirilir. Biz İran adlanan yerin əhalisinin 60 faizini təşkil edən türk millətinin rejimin rəsmi qəzetləri tərəfindən tərqir edilməsinə etiraz olaraq bu aksiyanı keçirtdik”. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti DAK-ın Azərbaycan Nümayəndəliyinin müraciətinə aksiyanın vaxtına iki saat qalmış cavab verib: “Ona görə də biz piketə yaxşı hazırlaşa bilmədik. Düzdür, cavab da mənfi olmuşdu. Ancaq buna baxmayaraq, biz bir qrup gənclə piketi keçirdik”. Sonda aksiya iştirakçıları səfirliyin binası qarşısında bir daha milli şüarlar səslindirdikdən sonra piket başa çatdı. Piket Bakı şəhər İcra Hakimiyyətinin razılığı olmadan keçirilsə də, polis aksiyaya müdaxilə etmədi. 
DAK-ın Azərbaycan Nümayəndəliyinin 2006-cı il
22 may hadisələrinin 5-ci ildönümü münasibətilə

BƏYANATI
1813-1828-ci il Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın tarixi torpaqları Rusiya və Qacar imperiyaları tərəfindən ikiyə parçalanmış, son 200 illik mərhələdə xalqımız ayrı yaşamağa məhkum olunmuşdur. On illər boyu milli-mənəvi varlığımız yad ideologiya və rejimlərin zorakı təzyiq və basqılarına məruz qalaraq, azadlıq və birlik ideyalarımıza qarşı ardıcıl, repressiv siyasət həyata keçirilmişdir. Lakin bütün bunlar Azərbaycan xalqının milli iradəsini və mübarizə əzmini bir an belə olsun sarsıda bilməmiş, azadlıq uğrunda mücadilədə torpaqlarımız zaman-zaman şəhidlərimizin müqəddəs qanları ilə suvarılmışdır. Nəhayət, 20 il əvvəl Azərbaycanın quzeyində milli-azadlıq hərəkatı qələbə çalmış, Sovet imperiyasının çökməsiylə xalqımız layiq olduğu tarixi haqqına qovuşmuşdur. Bu gün Azərbaycan xalqının milli-siyasi mənafelərini layiqincə təmsil edən müstəqil, demokratik Azərbaycan Respublikası özünün sistemli tərəqqi və inkişaf mərhələsini yaşamaqda, sivilizasiyalı beynəlxalq aləmə uğurla inteqrasiya olunmaqdadır. 
Hazırda İran adlanan yerdə öz tarixi torpaqlarında  yaşayan 40 milyondan artıq Azərbaycan türkü ağır və dözülməz siyasi-mənəvi şərtlər altında milli varlığını qorumaq uğrunda mücadilə verməkdədir. Düz 85 ildir bütöv bir xalq irtica metodları ilə idarə olunur, 30 ildən artıqdır isə siyasi-dini bir rejimin antidemokratik, qapalı siyasətinin girovuna çevrilmişdir. 2006-cı il mayın 22-də “İran” adlanan rəsmi dövlət qəzetində Azərbaycan türklərinin təhqir olunmasını ifadə edən karikaturaya etiraz əlaməti olaraq Təbriz, Urmu, Zəngan, Sulduz və Güney Azərbaycanın digər bölgələrində etiraz aksiyaları keçirilmiş, mitinqlər hökumət qüvvələri tərəfindən zorakılığa məruz qalmış, onlarla aksiya iştirakçısı ölmüş, yüzlərlə adam yaralanmış, minlərlə soydaşımız həbs edilmişdi. Məhz həmin hadisələrdən sonra soydaşlarımıza qarşı təqib və təzyiqlər səngimək bilmir. Xüsusilə 2006-cı ildən başlayaraq 2007, 2008, 2009, 2010 və 2011-ci ilin yanvarından bəri öz milli hüquqlarını tələb edən on minlərlə azərbaycanlı həbs olunub, saxlanılanların bəzilərindən indiyədək heç bir məlumat  yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, hətta həbs olunan bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələriylə görüşmək və vəkil tutmaq hüququndan tamamilə məhrum edilirlər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün, şallaq  və ölüm cəzaları kəsilməkdədir. 
Danılmaz həqiqətdir ki, Azərbaycan xalqı tarixən İran adlanan yerin ictimai-siyasi, mədəni-mənəvi həyatını yönləndirmiş, yüz illər boyu bu ölkənin siyasi-dövlət idarəçiliyi inkişafı və tərəqqisi bilavasitə Azərbaycan türklərinin adı ilə bağlı olmuşdur. Lakin son yüz illik tarixi mərhələdə fars şovinizminin dövlət siyasəti səviyyəsinə qaldırılması milli çoxluq olan Azərbaycan türkünü milli-mədəni hüquqlardan tamamilə məhrum etmişdir. Soydaşlarımız bu gün beynəlxalq hüququn təməl prinsiplərindən olan insan haqlarına, doğma ana dilində yazıb-oxumaq, dil və mədəniyyətini inkişaf etdirmək kimi ən adi vətəndaş hüquqlarına belə sahib deyildir. İran adlanan yerin rəsmi hakimiyyəti, siyasi-ideoloji dairələri on illərdir ki, şərəfli və möhtəşəm tariximizi hər vasitəylə saxtalaşdıraraq özününküləşdirməkdə, tarixi abidələrimizi dağıdaraq məhv etməkdə, soy-kökümüzlə bağlı saxta və gülünc “nəzəriyyələr” uydurmaqda, milli toponimlərimizi farslaşdırmaqda, xalqımıza qarşı məqsədyönlü etno-demoqrafik siyasət yürütməkdə hələ də davam edir. Bir sözlə, azərbaycanlıların tarixdəki və günümüzdəki misilsiz xidmətləri və rolu hər vasitəylə danılır və inkar olunur. Mövcud irtica rejimin siyasi təqib və repressiyaları milyonlarla soydaşımızın öz doğma yurd-yuvalarını tərk edərək dünyanın müxtəlif ölkələrinə mühacirət etməsinə səbəb olmuşdur, ya da minlərlə azadlıq və ədalət fədailərimiz məşəqqətli məhbəs həyatına məhkum edilmiş, keçmiş “SAVAK”, indiki “Ettelaat”ın  təcridxanalarında, Kəhrizək, Evin kimi həbsxanalarda zülm edilmiş, mənəvi  işgəncələrə məruz qalaraq alçaldılmış, təhqir olunmuş, fiziki zorlanaraq öldürülmüşdür. Bu acınacaqlı və dözülməz şərait indi də bütün gücü ilə davam etdirilməkdədir. 
Lakin Tehran rejimi bilməlidir ki, şər və böhtan üzərində qurulmuş bir siyasətlə, zorakı təqib və repressiv metodlarla tarixin bütün dönəmlərində şərəfli izlər qoymuş böyük bir xalqı və mədəniyyəti yox etmək, onun haqq səsini batırmaq mümkün deyildir və bu uğursuz cəhdlər labüd məğlubiyyətə məhkumdur. Bu gün dünyada gedən geosiyasi proseslər, yeni dünya düzəni və tarixi gedişat, bu şovinist siyasi məntiqin sonunun qaçılmazlığını artq bütün ciddiyyəti ilə diqtə etməkdədir. 
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi olaraq İran adlanan yerdəki mövcud rejimdən Azərbaycan türklərinə qarşı amansız, qərəzli siyasətə son qoyulmasını və onların bütün milli haqlarının beynəlxalq hüquq çərşivəsində  təmin olunmasını tələb edirik!
DAK-ın Azərbaycan Nümayəndəliyinin sədri, 
konqresin İdarə Heyətinin üzvü                                             Səftər Rəhimli
 
 
 

Comments are closed.