Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri – VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı və Firidun Pərvizniya Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları ilə görüşüblər.

Görüşdə DAK həmsədri Firidun Pərvizniya səfərin məqsədi, keçirilən görüşlər və təşkilatın ümumi fəaliyyəti barədə məlumat verib və qəbula görə təşəkkürünü bildirib.
DAK həmsədri Sabir Rüstəmxanlı isə özünün son kitablarını Azərbaycanın ABŞ-dakı səfirliyinin kitabxanasına hədiyyə edib.
Qeyd edək ki, DAK həmsədrləri ABŞ-a səfərləri çərçivəsində ABŞ Dövlət Departamentində və Konqresdə görüşlər keçirib, ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, bununla yanaşı, İranda azərbaycanlıların problemləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparıbla.
Eyni zamanda səfər çərçivəsində DAK həmsədri Sabir Rüstəmxanlının ABŞ Konqresində İran azərbaycanlılarının hüquqlarının müdafiəsinə dair qətnaməni təqdim etmiş Kaliforniya konqresmeni Dana Rohrabakerlə görüşü olub. Görüş zamanı DAK həmsədri konqresmen Rohrabaçerə İranda etnik azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulması, azərbaycanlı milli fəalların həbsxanalara salınması, azərbaycanlıların mədəni və dil hüquqları uğrunda apardığı mübarizə ilə bağlı məlumat verib. Sabir Rüstəmxanlı ABŞ hökuməti tərəfindən İranda azərbaycanlıların vəziyyətinə diqqətin artdığının hiss olunduğunu bildirib.
Bundan əlavə, DAK həmsədrlərinin Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı ilə də görüşü olub.

Comments are closed.