Hörmətli Əjdər bəy!

Səni 61 yaşının tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.

61 yaş, adətən, rəsmi təbrik üçün münasib sayılmır. Ancaq sənin keçdiyin yol, apardığın savaşa görə hər ad gününü qutlamağı özümə borc bilirəm.

Sən Güney Azərbaycanın istiqlalı, 35 milyondan artıq soydaşımızın İran adlı məmləkətdə tapdanan hüquqları, ana dilində təhsil almaları, milli-mənəvi dəyərlərini yaşatmaları uğrunda illərdir ki, mübarizə aparırsan. Bu yolda olmazın məhrumiyyətlər çəkmiş, dəfələrlə həbsxanalarda yatmış, amma haqq savaşından bir an da olsun geri çəkilməmisən.

Kənardan baxana döyüş asan gəlir, deyirlər. Ancaq siyasi mühacir kimi illərlə doğmalarını görməmək, yurd həsrətini çəkmək, ürəyinə daş bağlayıb dözmək, əzizlərinin taleyüklü günlərində iştirak edə bilməmək çox çətindir. Əlbəttə, sənin Azərbaycanın Quzeyində qurulmuş müstəqil dövlətimizdə yaşamaq, burdakı soydaşlarımızın içində olmaq təskinliyin var. Ancaq qardaş da qardaş evinə gələndə özünü qonaq kimi hiss edir və bu baxımdan keçirdiyin hissləri anlayıram.

Güney Azərbaycanın istiqlal uğrunda verdiyi mücadilənin dünyaya açılan səslərindən biri olaraq sən tarix qarşısında üzərinə missiya götürmüsən və hesab edirəm ki, bütün çətinliklərə də bu missiyanın ağırlığına görə sinə gərməyi bacarmalısan. Getdiyin yolun başa varacağına, güneyin azadlığa çıxacağına heç bir şübhə ola bilməz və mən bunu əminliklə deyirəm. Əsas yük isə yenə də bu savaşın yükünü çəkənlərin üzərinə düşür: yolundan sapmamaq, məkrli şovinistlərin əlində oyuncağa çevrilməmək, dünyanın siyasi dəyirmanından diri çıxmaq üçün təkcə millətə sədaqətli xidmət yox, həm də geniş siyasi intusiya, hadisələri izləmə bacarığı, ən əsası isə içimizə yeridilən xəfiyyələrdən qorunma bacarığı olmalıdır.

Hörmətli Əjdər bəy!

Bir daha səni təbrik edir, sənə uzun ömür, can sağlığı və apardığın milli davada başarılar arzulayıram.

Hörmətlə,

Sabir Rüstəmxanlı

VHP sədri, DAK həmsədri, millət vəkili  

Comments are closed.