Anar NİFTƏLİYEV

Dəyərli köşə yazarı Şahvələd Çobanoğlunun yeni iş yerlərinin statistikası ilə bağlı araşdırma və münasibəti dəfələrlə toxunduğumuz bu mövzunu bir daha gündəmə gətirdi: axı, ölkə inkişaf edir, yeni iş yerləri açılır, büdcə dəyişiklikləri baş verir. Görəsən, hazırda vəziyyət necədir?

2012-ci ilin büdcəsində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 milyard 454,3 milyon göstərilir. Bunun 1 milyard 407,5 milyonu Fondun gəlirləri hesabınadır, 1 milyard 44,3 milyonu dövlət büdcəsindən transfert olunur, 2,5 milyonu isə “sair” gəlirlə əsaslandırılır. 2,5 milyon niyə “sair” olmalıdır və DSMF hardan bilir ki, cərimələr olacaq, – bu barədə ehtimalları bir kənara qoyub, cari illə müqayisələr aparaq.
Bu il DSMF-nin xərcləri 2 milyard (1,970 milyon) idi ki, bunun da 700 milyona yaxını, yəni 35 faizi dövlət büdcəsindən transfer olunmuşdu. Növbəti il üçünsə DSMF-yə dövlət büdcəsindən dotasiya 42,55 faizə qaldırılıb. Bu o deməkdir ki, işləyənlərin ödədiyi sosial vergi pensiyadakı əhalinin sosial güvənliyini saxlamaq iqtidarında deyil, ona görə də dövlət dotasiya ayırmağa məcburdur. Ölkə iqtisadiyyatı necə artır, yeni iş yerləri necə çoxalır, işsizlik necə aradan qalxır ki, DSMF-yə dotasiyalar ilbəil azalmaq əvəzinə qardırılır? Axı, iş yerləri artıdqca DSMF-yə əhalinin ödəmələri də artmalıdır və Fonda büdcədən dotasiyalar azalmalıdır? Bəs, niyə artır?
Deməli, “açılan” iş yerləri əhalinin artım statistikasına adekvat deyil. Başqa sözlə, ölkədə işsizlik problemi əslində ilbəil çoxalır və ona görə də bu cür eybəcər mənzərə yaranır.
Indi isə iş yerlərinə baxaq: Rəsmi statistikaya görə, ölkədə 1 milyon 366 min 900 nəfər işçi var. Iş qabiliyyətli əhalisinin sayı 4,5 milyonu ötən bir dövlətdə 1,367 milyonluq iş yerinin faciəli bir rəqəm olduğunu sübut etməkmi lazımdır? Hələ utanmadan yoxsulluğun 49 faizdən 9 faizdən də aşağı endirilməsindən, işsizlik kimi çətin problemin həll edilməsindən danışırlar. Bəyan edirlər ki, son 8 ildə Azərbaycanda 1 milyon 100 minə yaxın yeni iş yeri açılıb. Belə çıxır ki, 2003-cü ildə Azərbaycanda cəmi 266 min 900 iş yeri olub? Səhiyyə və təhsil işçilərinin sayı bu rəqəmdən az qala iki dəfə çox edir – hələ dövlət qulluqçularını, hüquq-mühafizə orqanlarında çalışanları, ordu zabitlərini və s. bir kənara qoyuram. Bəs, 266,9 min biabırçı statistikasına nə ad verək? Ya Heydər Əliyevin 10 illik hakimiyyəti dönəmində iş yerinin qəhətə çıxarıldığı, əhalinin dolanışıq səviyyəsinin sıfra endirildiyi, iqtisadiyyatın məhv edildiyi, müəllimin, həkimin, polisin 2003-cü ilə qədər bu xarabada olmadığı deyilməlidir, ya da bu biabırçılığa başqa izah tapılmalıdır.
Digər tərəfdən: ölkədə orta aylıq əmək haqqı 355,7 manat göstərilir. Bir nəfərin əməkhaqqından DSMF-yə aylıq ödəniş 22 faiz, yəni təxminən 78 manatdır. Beləliklə, işləyən əhalinin DSMF-yə illik ödənişi 1 milyard 279 milyon 418 min manat etməlidir. Bəs, gələn il üçün DSMF-nin gəlirləri niyə 1 milyard 407,5 milyon göstərilir? 
Az qala unutmuşdum, axı, Azərbaycan hakimiyyəti ildə 100 min qət-təzə iş yeri açır. Yəqin ona görə 2012-ci il proqnozlaşdırılanda 100 min yeni işçinin DSMF-yə ödəyəcəyi pullar nəzərə alınıb. Ancaq 100 min yeni iş yeri açılırsa və orta aylıq əməkhaqqı 355,7 manatdırsa, bu rəqəm əlavə 93,6 milyon deməkdir. Ortada yaranan fərqi nə ilə izah etmək olar? 
Belə proqnozlaşdırdıqlarıdır ki, DSMF-yə 2011-ci ili başa vurmaq üçün büdcədən əlavə olaraq 195 milyon dotasiya ayrıldı. Ehtimal ki, 2012-ci il başa çatana qədər də DSMF dövlətdən daha 200-300 milyon almaq məcburiyyətində qalacaq. Ilbəil Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi artırsa, ilbəil büdcədən DSMF-yə dotasiyalar çoxalır və az qala 50 faizə çatırsa, bu, artıq iqtisadi fəlakətdir! Yəni “əhalinin sosial güvənliyi üçün” əlahəzrətin atdığı addımların iqtisadi baxımdan heç bir əsası yoxdur, sadəcə, Neft Fondundan büdcəyə edilən trasferlər hesabına iqtisadi yüksəliş görüntüsü yaradılır. Hətta minimum əməkhaqqının 10 faiz mənasız artımı belə DSMF-yə 195 milyonluq əlavə dotasiyanın büdcədən ayrılması hesabına başa gəlirsə, ölkə iqtisadiyyatının hansı duruma düşdüyünü təsəvvür edirsinizmi?
Ilham Əliyev iqtidarının düşünülmüş surətdə Azərbaycanı iqtisadi fəlakətə doğru sürüklədiyi göz qabağındadır. Neft vəsaitlərinin ölkəyə daxil olmasının pik nöqtəyə çatdığı indiki illərdə iqtisadiyyatı bu cür dağıtmağın nəticəsi dəhşətli olacaq və bu dəhşət yaxın illərdə bütün çılpaqlığı ilə özünü göstərəcək.

 

Comments are closed.