Bu gün İctimai Palatanın (İP) regional təşkilatlarının respublika müşavirəsi keçirilib. APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında keçirilən toplantıya İP Koordinasiya Şurasının (KŞ) üzvləri də qatılıb.

İP KŞ-nin üzvü Mehriban Vəzirin sədrlik etdiyi toplantıda əsasən Quba hadisələri və palatanın mitinq keçirmək niyyəti müzakirə olunub. İP KŞ üzvü Vidadi Mirkamal bildirib ki, indiyədək 42 rayonda regional təşkilatlar yaradılıb: “Çoxdan fikrimiz var idi ki, yığışıb məsləhətləşək”.

İP KŞ üzvü, AXCP sədri Əli Kərimli Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin martın 17-nə təyini etdiyi mitinqə İctimai Palatanın da dəstək verəcəyini söyləyib: “İctimai Palatanın öz mitinqləri də olacaq”. Ə. Kərimli ölkədə demokratik islahatların aparılmasının zəruriliyini vurğulayıb.

İP KŞ üzvü Pənah Hüseyn regional təşkilatların passiv olmasından gileylənib. O, aksiyaların keçirilməsinin zəruri olduğunu bildirib. P. Hüseyn sözlərinə görə, icazəli, yaxud icazəsiz aksiya keçirilməlidir.

İP KŞ üzvü, Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyib ki, artıq sözdən və danışıqdan hərəkətə keçməyin vaxtı gəlib çatıb.

Daha sonra regional təşkilatların nümayəndələri çıxış edərək müxtəlif təkliflər səsləndiriblər. Onlardan bir qismi İctimai Palatanın yalnız icazəli aksiyalar keçirməli olduğunu, bir qismi isə icazə verilib-verilməməsindən asılı olmayaraq aksiya keçirilməsinin vacibliyini dilə gətirib. 

Comments are closed.