Vətəndaş Həmrəyliyi Partiyası Siyasi  Şurasının bəyanatı

Dekabrın 14-də ARDNŞ-ın mühafizə xidmətinin işçiləri Xacəsən və Sulutəpə ərazisində sənədsiz evlərin sökülməsi prosesində onlarla vətəndaşa ağır xəsarətlər yetirmiş və xüsusi amansızlıq nümayiş etdirmişlər.

Vətəndaşların müraciətlərindən görünür ki, sənədsiz ev sahiblərinin evlərinin sökülməsi ilə bağlı məhkəmə qərarı sakinlərə təqdim edilməmiş və onlara dəyən maddi ziyanın qarşılığı ödənmədən evlərin dağıdılmasına başlanılmışdır. Hətta sökülən evlər içində məskunlaşmış mənzillər də vardır.

Azərbaycanda dövlət məmurlarının razılığı olmadan hər hansı tikinti işlərinin aparılmadığını hamı bilir. Dövlət məmurları sənədsiz evlərin tikintisinə rüşvət müqabilində göz yummaqla vətəndaşlara şərait yaradırlar. Hazırda söküntüsü aparılan evlərin 2-3 mərtəbəli olması, dam örtüyünün vurulması bir daha təsdiqləyir ki, bu evlər «gecəqondu» deyil və bir gecənin içində ərsəyə gəlməyib. Belə evlərin tikintisinə aylar, bəlkə də illər lazım olub. Bu qanunsuz tikinti aparılarkən aidiyyatı qurumlar hara baxırdılar? Sənədsiz evlərin tikintisinin aparılmasının qarşısını niyə almırdılar?

Hazırda Bakı ətrafında sənədsiz evlərin sayının 400 mini keçməsi də məmurların rüşvət qarşılığında qanunsuzluğa göz yummasının təzahürüdür. Qanunsuz tikintiyə göz yuman bircə dövlət məmuru indiyə qədər məsuliyyətə cəlb olunmayıbsa, dövlət orqanları sənədsiz tikililərin 400 minə çatması səbəblərinə aydınlıq gətirməlidir. Kimdir bu boyda qanunsuzluğu törədib cəzadan yayınan şəxslər?

Əvəzində isə sadə vətəndaşlar evsiz qoyulur, onların aylarla, illərlə zəhmət çəkib tikdiyi mülkləri dağıdılır və heç bir kompensasiya ödənilmir.

Vətəndaş Həmrəyliyi Partiyası hüquqi tənzimləmə olmadan, xüsusi zorakılıq və amansızlıqla aparılan bu söküntü işlərini vətəndaşların mülkiyyət hüququna təcavüz  hesab edir və ölkə rəhbərliyindən bu təcavüzü dayandırmağı, dövlət-vətəndaş qarşıdurmasına səbəb olan bu halları dərhal aradan qaldırmağı tələb edir.

 

VHP Siyasi Şurası

Comments are closed.