Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bu gün 65 yaşına qədəm qoyur. 
Ötən ömrünü xalqımıza xidmət göstərərək geridə qoyan Sabir bəy istər ictimai, istərsə də siyasi fəaliyyəti ilə Azərbaycan üçün çalışan millət sevdalısıdır. Gənclik illərindən ictimai-siyasi fəaliyyət göstərən Sabir Rüstəmxanlının xidmətləri mübarizələrlə keçən ömrünün əsas qayəsinə çevrilib. Bu gün də o, eyni amalla, yorulmaq bilmədən xalqımıza xidmət edir. Yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazının müəllifi olan xalq şairinin Azərbaycanda və xarici ölkələrdə 20-dən çox kitabı dərc olunub. Milli ruhda yazdığı şeirləri ilə gənclərdə vətənpərvərlik hissinin aşılanmasında müstəsna rolu olan Sabir Rüstəmxanlı yaradıcılığına “Cavad xan”, “Bütövlük” poemaları, “Göy Tanrı”, “Atamın ruhu”, “Xətai yurdu” romanları da daxildir. Ədəbi yaradıcılığı ilə yanaşı, siyasi fəaliyyəti ilə də xalqına xidmət edən Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən biri olub. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədri vəzifəsini icra edən Sabir Rüstəmxanlı eyni zamanda DAK-ın həmsədri kimi də fəaliyyət göstərir. Ona çoxsahəli fəaliyyətində yeni uğurlar diləyərək 65 illik yubileyini təbrik edirik!

Comments are closed.