Müsavat Partiyasının üzvləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlını partiya başqanı İsa Qəmbər barədə səsləndirdiyi fikirlərə görə sosial şəbəkələrdə qınayır. 
VHP sədrinin fikrincə, nə Müsavat, nə də AXCP bu partiyalara hazırda başçılıq edən şəxslərin zəhməti ilə yaranmış partiya deyil. S. Rüstəmxanlı bildirib ki, bu partiyalar arasındakı konfliktlər xalqın iradəsinə vurulan zərbədir. 
Müsavatçılar isə VHP sədrini bu fikirlərinə görə tənqid ediblər. VHP-çilərin bir qisminin AXCP və Müsavatın təsisçisi olduğu İctimai Palata və Milli Şuraya göndərməklə onu ikili oyun oynamaqda ittiham ediblər.
VHP Ali Məclisinin sədri Rafiq Manaflı bu ittihamlara münasibət bildirdi. Onun sözlərinə görə, VHP sədrinin dediyi fikirlər Sabir Rüstəmxanlının konkret Əli Kərimli və İsa Qəmbərin fərdi münasibətlərindən irəli gələn məsələdir: “Bu, VHP-nin mövqeyi deyil. Müsavat və AXCP hərəkatdan çıxan partiyalardır. Amma bu gün partiya başında duranlar öz qurultaylarında partiya üzvləri tərəfindən seçilən adamlardır. Biz eyni cəbhədə olan adamlardıq. Nə qədər başqalarını günahlandırırıqsa, eyni dərəcədə özümüzü günahlandırmalıyıq. Qalib gələ bilmiriksə, müxalifətin zəif düşməsində kimisə suçlayırıqsa, özümüzün də üzərinə məsuliyyət düşür. 1994-cü ildən ümumi hərəkatın içərisindəyik. Müxtəlif münasibətlər, razılıq və narazılıqlar olub. Bunlar da insanların bir-birinə qarşı fərdi münasibətlərini formalaşdırıb. Bu gün Sabir bəy digər partiya sədrləri ilə görüşür də, münasibətləri də var. Konflikt yoxdur, hadisələrə ümumi və fərdi baxışını söyləyib”.
R. Manaflı əlavə edib ki, VHP-nin ideologiyasının nəticəsidir ki, partiyada diametral fərqlənən fikirlər var: “VHP-də bu məsələlər başqa cür qurulub. Müxtəlif fikirlilik həmrəylik ideologiyasının yeritdiyi xəttini nəticəsidir. Sabir Rüstəmxanlı ilə razılaşıb-razılaşmadığımız məqamlar var, amma o, belə məsələlərdə tolerantlıq nümayiş etdirir. Partiyada ciddi müzakirələr gedir, amma ümumi işə zərbə vurmur və konflikt yaratmır. Məsələn, biz İctimai Palata çərçivəsində fəaliyyət göstərəndə partiya daxilində belə diskussiya gedirdi ki, qurum dağılacaq. VHP-də müxtəlif düşüncəli insanlar var. Prezident seçkilərində isə vahid cəbhə ilə bir yerdə seçkilərə getdik. İndi seçkidən sonrakı dövrdür. Manevrlər edirlər, Müsavat təkbaşına fəaliyyətə üstünlük verir və Milli Şuradan çəkildi, digərləri qurum daxilində fəaliyyət göstərir və onun gücləndirilməsi üçün çalışır. Müxalifətin bir yerdə olması təkcə partiya iradəsindən asılı deyil, ictimaiyyətin münasibətindən də asılıdır”.
NƏRGİZ

Comments are closed.