Müxalif Milli Şuranın oktyabrın 27-də Bakıdakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə siyasi partiya liderlərindən heç kim çıxış etməyib. “Media forum” saytı bildirir ki, aksiyanın tribunası gənc fəalların və Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənlinin ixtiyarına verilib. Mitinqi N!DA fəalı Nicat Məmmədbəyli idarə edib.

Mitinqdə çıxış edən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli, Müsavat Partiyasının fəalı Nərgiz Yaqublu, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Ülvi Həsənli 9 oktyabr prezident seçkisinin gerçək qalibinin professor Cəmil Həsənli olduğunu vurğulayıblar, hakimiyyətin ünvanına sərt ittihamlar səsləndiriblər.

Gənclərin ardınca söz alan Milli Şuranın prezidentliyə sabiq namizədi Cəmil Həsənli qurumun sədri Rüstəm İbrahimbəyovun salamlarını çatdırıb və aksiyaya qoşulanlara minnətdarlığını bildirib. O, 9 oktyabr prezident seçkisinin nəticələrinə toxunaraq qeyd edib ki, Azərbaycan xalqı seçki günü iradəsini ortaya qoyub və hakimiyyətin rüsvay edilməsinə nail olub: “Mən dəfələrlə demişəm ki, 9 oktyabrdan sonrakı Azərbaycan 9 oktyabra qədərki Azərbaycan olmayacaq və deyil”.

Cəmil Həsənli deyib ki, Milli Şura, Azərbaycanın aparıcı siyasi partiyaları, gənc fəallar saxtakarlıqla barışmaq niyyətində deyillər: “Oğrulara və korrupsionerlərə Azərbaycanda yer yoxdur”.

Hakimiyyəti seçki saxtakarlığının davamı kimi xalqdan və beynəlxalq aləmdən gizli şəkildə tələsik andiçmə mərasimi keçirməkdə ittiham edən Cəmil Həsənli daha sonra siyasi məhbuslar məsələsinə toxunub, bir neçə nəfərin, o cümlədən Tofiq Yaqublunun, İlqar Məmmədovun, Qurban Məmmədovun, Əvəz Zeynallının, Mövsüm Səmədovun, “Nida”çı gənclərin adlarını çəkib və onların azadlığa buraxılmasını tələb edib.

Cəmil Həsənli qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Milli Şura Azərbaycanda demokratiya uğurunda mübarizədən geri çəkilməyəcək və qələbəyədək yoluna davam edəcək.

Comments are closed.