Rafiq Manaflı: “Başqa şəxslərin də namizədliyi gündəmə gətirilə bilər”

İctimai Palatada təmsil olunan iki böyük partiyanın liderinin prezidentliyə namizəd olacağını elan etməsi narazılığa səbəb olub. AXCP ilə Müsavat üzvləri sosial şəbəkələrdə bir-birlərini hədəfə belə alırlar. Bu məsələlər ətrafında sillarımıza İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı cavab verib.
– Rafiq müəllim, İctimai Palatanın Koordinasiya Şurasının son toplantısında hansı məsələləri müzakirə etmisiniz?
– İclasa Əli Kərimli sədrlik edirdi. O da bu haqda mətbuata məlumat verib. Seçkilərdə iştirakla bağlı məsələ müzakirə edilib. Eləcə də həbsxanadakı vəziyyət diqqətə alınıb və Müsavatın rayon təşkilatına olan müəyyən təzyiqlər haqda söhbət aparılıb. 
– Bəs memorandum nə məsələdir?
– Seçkilərlə bağlı bir sənəddir. Son zamanlar mətbuatda, namizədlərin, vahid namizədin kim olması haqda çoxlu suallar var. Onunla bağlı memorandum qəbul olundu ki, ilk öncə demokratik seçki mühiti yaradılsın. Həmçinin İctimai Palata daxilində İsa Qəmbərlə Əli Kərimlinin namizədlikləri ortaya çıxmışdı. Biz onların ikisinin də namizədliyini qəbul etdik. Amma gələcəkdə başqa şəxslərin vahid namizədliklə bağlı müzakirəsi istisna edilmir. Hazırda iki namizəd var və gələcəkdə onlardan birini müəyyənləşdirəyəcəyik.
– Memorandumda namizəd kimi Əli Kərimli ilə İsa Qəmbərin adı çəkilir. Bu, o deməkdir ki, palatada namizədliyə başqa layiqli şəxslər yoxdur?
-Xeyr. İctimai Palata vətəndaş hərəkatıdır və vahid təşkilata çevrilir. Bu təşkilatda ziyalı adamlar çoxdur. Amma reallıqlar da var. Elə-belə dayandığı yerdə heç kim namizədliyini irəli verməz. Nəzərə alın ki, seçkini udmaq, dövləti idarə etmək məsələləri var və bunlar ciddi məsələlərdir. Bu baxımdan İctimai Palata daxilində müxtəlif fikirlər səsləndirilir. 
– İctimai Palatada prezident seçkiləri, namizədliyin irəli sürülməsi məsələsinin müzakirə edilməməsi haqda ümumi razılaşma əldə olunmuşdu. Ancaq İsa Qəmbər və Əli Kərimli namizəd olacaqları haqda bəyanat verdilər. Koordinasiya Şurası bu şəxslərdən razılaşmanı niyə pozduqlarına dair izahat tələb edibmi?
-Xeyr.
– Nəyə görə?
– Açığı, mən hesab etmirəm ki, onlar hansısa razılaşmanı pozublar. Həm İsa Qəmbər, həm də Əli Kərimli namizəd olmağa iddia qoyublar. Amma həm də qeyd ediblər ki, onların ayrılıqda namizəd olmasındansa, müxalifətin seçkiyə vahid namizədlə getməsi daha əhəmiyyətlidir.
– Bunu Əli Kərimli deyib. İsa Qəmbər isə konkret namizəd olacağını və qalib gələcəyini iddia edib…
– İsa Qəmbər müxtəlif sualların fonunda belə deyib. Amma Koordinasiya Şurasında bu istiqamətdə müzakirə edilib. Orada İsa Qəmbər bu fikrini ifadə edib. Həm də AXCP və Müsavat öz sədrlərinin vahid namizəd olmasına iddialıdır. Onlar təbliğatlarını bu istiqamətdə quracaqlar. 
– Bu fakt İctimai Palata üçün problem yaratmır?
– Xeyr. Heç bir problem yaratmır.
– Necə problem yaratmır ki, sosial şəbəkələrdə partiyaların üzvləri və bəzi hallarda funksionerləri bir-birlərini ittiham edirlər?
– İttiham… Sosial şəbəkə geniş anlayışdır və siz də bilirsiniz ki, ora nəzarət etmək mümkün deyil. Həm də sosial şəbəkələrdə gizli adlarla müxtəlif təxribat xarakterli fikirlər, ittiham dolu yazılar gedir. Ancaq külli halında hər partiya öz namizədini təbliğ etməlidir, başqa partiyanın namizədinin əleyhinə iş aparılmamalıdır. Biz hesab edirik ki, təxribat xarakterli çıxış olmamalıdır. 
– Baş verənlər göstərmirmi ki, İctimai Palata bir qurum kimi seçkilərdə iştirak edə bilməyəcək?
– Mən sizin fikrinizlə bölüşmürəm. Həm də bu gün əsas məsələ demokratik seçki mühitinin yaradılmasıdır. Belə bir mühit olmalı, normal şərait yaranmalıdır. Əks təqdirdə, namizədin kim olmasının mənası yoxdur. Bundan başqa, nəzərə almaq lazımdır ki, namizədliyin irəli sürülməsinə bir ildən çox vaxt qalır. Müxtəlif reallıqlar yarana bilər. Odur ki, bu gün İctimai Palatanın namizəd elan etməsi doğru deyil.
– Amma seçki mühitindən daha çox İsa Qəmbər və Əli Kərimlini müzakirə edirsiniz…
– Görünən dağa bələdçi lazım deyil. Bu, aydındır. Əvvəlcədən də bilinirdi ki, iki namizəd var və onların ikisindən birini seçməliyik. Vaxtı gələndə bunu edəcəyik.

– Siz Əli Kərimlini seçəcəksiniz, yoxsa İsa Qəmbəri?
– Mən nə cəbhəçi, nə də müsavatçıyam. Seçim anı gələndə kimin qalib gəlmək imkanı varsa, daha şanslıdırsa, onu seçəcəyəm. Amma bir daha qeyd edirəm ki, proseslər sürətlə inkişaf edə bilər. 
– Siz VHP-nin üzvüsünüz. Əgər seçkidə VHP də namizədini irəli sürsə, kimi müdafiə edəcəksiniz?
– Biz bu məsələni müzakirə eləmişik. Prezident seçkilərində VHP namizədlə iştirak etmək niyyətində deyil. Müxtəlif cür məsələlər var. Biz hesab edirik ki, müxalifətin vahid namizədlə seçkiyə getməsi çox önəmlidir. Biz bunu Siyasi Şurada müzakirə etmişik. Bu gün üçün VHP olaraq bizim namizədlə seçkidə iştirak etmək niyyətimiz yoxdur. 

– Bəs VHP kimi müdafiə edəcək?
– Hələlik bir söz demək olmaz. Zamanı gələndə bu müzakirə ediləcək. İctimai Palatada Əli Kərimli və İsa Qəmbərin namizədliyi müzakirə oluna bilər. Həm də bu məsələ açıq olduğundan başqa şəxslərin namizədliyi gündəmə gətirilə bilər. Əgər vahid namizəd məsələsinin üzərində durulsa, VHP onu müdafiə edə bilər. 

Nemət 

“Gündəlik Teleqraf” qəzeti

Comments are closed.