Bu gün Dövlət Bayrağı Günüdür. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Gününün Azərbaycanda qeyri-iş günü olan bayramların siyahısına daxil olunması barədə Əmək Məcəlləsinə əlavə edilib.
Azərbaycanın Dövlət Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən qaynaqlanır. Belə ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir ki, “Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”.

Üçrəngli bayrağın simvolları
Azərbaycanın dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilir. 
Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyasını ifadə edir. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə İslam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan göy rəng həm də simvolik məna daşıyır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni, inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verib. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olub. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Əli bəy Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.
Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını verib.
Bayrağımızın üzərindəki ay-ulduzun mənası – tarixçilərə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.
Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən İslam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib (Bax: M. Əliyev. “Qobustan” jurnalı, 1989, N3).
Tarixçi Cəbi Bəhramov “Bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur”, – deyə bildirir. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır.
Tarixçi alim Cəmil Həsənli bildirib ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.
Səkkizguşəli ulduzun mənasını AMEA-nın dissertantı Akif Məmmədli isə belə açıqlayıb: “Məhəmməd Əmin Rəsulzadə dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 prinsipə əsaslanıb: bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir”.
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Bayraqdakı ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub və səkkiz güşə səkkiz türk xalqının simvoludur.
Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”.

Comments are closed.