Mayın 26-də VHP-nin mərkəzi qərargahında “Borçalı” İctimai Cəmiyyətinin (İB) növbəti VII (X) konfransı (qurultay səlahiyyətli) keçirildi. Konfransda aparıcı siyasi partiyaların rəhbərləri də iştirak edirdi. 
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsinin yad edilməsindən sonra işinə başlayan konfransda çıxış edən cəmiyyətin sədri Zəlimxan Məmmədli 19 may yanğınında həlak olan insanlarımızı da hörmətlə xatırladı. 
Onu da qeyd etdi ki, bu gün həm də Gürcüstanın dövlət müstəqilliyu günüdür: “Konfrans üçün bu günün seçilməsinin də simvolik mənası var”. O, həmçinin 28 mayda Tiflisdə Azərbaycanın müstəqilliyinin elan olunduğunu deyib şərəfli tariximizdən bəhs etdi. Z.Məmmədli Gürcüstanın qapılarının onun üzünə qapalı olmasını da xatırlatdı. 
Bundan sonra isə Azərbaycan və Gürcüstanın dövlət himnləri səsləndirildi. Z.Məmmədli dedi ki, Azərbaycanda ilk dəfədir, özü də Borçalı Cəmiyyəti belə bir simvolik addımı atır: “İnanırıq ki, nə vaxtsa Gürcüstanda da bizim olmadığımız məclisdə Azərbaycanın dövlət himni səsləndiriləcək”. 
Z.Məmmədli bir il əvvəl təsis edilən Cavad Heyət mükafatının və El adamı mükafatının sahiblərinə təqdim olunacağını da dedi. 
Hesabat məruzəsi ilə çıxış edən Z.Məmmədli ötən bir ildə dünya və Azərbaycandakı dəyişikliklərlə yanaşı, Borçalı Cəmiyyətinin də üzləşdiyi problemlərdən bəhs etdi, gördüyü işlərdən danışdı. Bildirdi ki, Borçalının problemləri ilə əlaqədar hazır layihələri və sənədləri Gürcüstan rəhbərliyinə mütəmadi şəkildə göndərir.
 Bir çoxları tərəfindən məsxərəyə qoyulmasına baxmayaraq, Elat bayramının artıq Borçalı sərhədlərindən çox-çox uzaqlara gedib çıxdığını bildirdi. Qeyd etdi ki, ötən illərdə bu təşkilatda maliyyə problemi olsa da, Cəmiyyət heç vaxt maliyyə axtarışına çıxmadı. 
Z.Məmmədli dedi ki, azərbaycanlıların inteqrasiya problemi yoxdur: “Gürcüstan hakimiyyəti, zəhmət çək, azərbaycanlıların tarixən yaşadığı regiona inteqrasiya elə, tarixi yaddaşını silməyə çalışma, toponimlərini dəyişmə, torpağını əlindən alma, onu incitmə! Onu incitsən, inteqrasiya alınmayacaq! Milli məktəbləri məsciddən aşağı tutmaq yanlışdır”. 
Z.Məmmədli dedi ki, Borcalı Cəmiyyəti dostluqdan, qardaşlıqdan danışdığı üçün bir çox hallarda Sənə dostluq əlini uzadan azərbaycanlı ilə, Zəlimxan Məmmədli ilə bu cür davranmaq olarmı? Sən mənim qabağımı niyə kəsirsən?! Etnik separatçılıqdan əziyyət Gürcüstan məni separatçılığamı vadar edir? Gürcüstan hakimiyyətinin bu davranışı onun separatçılığa yuvarlandığını göstərir”. 
Z.Məmmədli əlavə etdi ki, Abxaziya separatçıları onu tapıb əməkdaşlıq ediblər. Dedilər ki, bizimlə də sizin kimi davrandıqları üçün biz müstəqilliyimizi elan etdik. Mən onlara dedim ki, siz Gürcüstana xəyanət edibsiniz. Ancaq bu kurs davam edəcəksə, biz fərqli davranacağıq. 
Cəmiyyət sədri dedi ki, Elat bayramını yasaq etmələri mümkün deyil: “Məni fiziki olaraq ora buraxmayacaqlar, amma bizim millətimiz ordadır. Bu il də Elatda Gürcüstan-Azərbaycan birgə himnləri səslənəcək. Harda bir türkün burnu qanayacaq, biz orda olacağıq”. Z.Məmmədli onu da dedi ki, sədrliyə iddialı olsa, çox böyük məmnunluqla təhvil verməyə hazırdır: “Borçalı bu çətin imtahandan sizlərin dəstəyi ilə şərəflə çıxacaq”. 
KXCP sədri Mirmahmud Mirəlioğlu Z.Məmmədlini təbrikdən sonra Azərbaycanın müstəqilliyindən bəhs etdi. 97 il bundan qabaq bizim babalarımız Tiflisdə Azərbaycanın müstəqilliyini elan etdilər. Başqa bir 26 may da var. 22 il bundan əvvəl Azərbaycandan rus qoşunları çıxarıldı. Rusun emissarları olsa da, hər halda Azərbaycanda şükürlər olsun ki, rus qoşunu yoxdur. Sonra gürcü qardaşlarımız da bu addımı atdılar… Mən kimin nə deməsindən asılı olmayaraq Borçalı Cəmiyyətinin gördüyü və görmədiyi bütün işləri təqdir edirəm”.
DAK həmsədri Sabir Rüstəmxanlı dedi ki, Borçalıdan danışmaq ümumiyyətlə, Azərbaycan və dünya türklüyünün tarixindən danışmaq deməkdir. Belə param-parça vəziyyətdə olan millətin min dərdi var. İrəvan, Zəngəzur, Göyçə, Şərqi Anadolu gedib, Kərkük gedib, Cənubi Azərbaycanı ostanlara bölürlər, Dərbəndi heç yada salmırlar, bir dənə diri qalan Borçalıdır. Bu da ordakı insanlarımızın iradəsinin hesabınadır. Borçalıda biz gürcülərlə üz-üzə deyilik, əslində bu savaş gürcü familiyası daşıyan ermənilərlə gedir, ona görə də biz kifayət qədər ayıq olmalıyıq.  
Tiflisə mesajını çatdıran S.Rüstəmxanlı qeyd etdi ki, Borçalı muxtariyyət tələb etsəydi, bu gün Gürcüstan dövləti mövcud ola bilməzdi: “Ona görə də Gürcüstan azərbaycanlıların bu dövlətə sədaqətini qiymətləndirməlidir”. 
 
Müsavat başqanı Arif Hacılı partiya adından və İsa Qəmbərin sədr olduğu Milli Strateji Düşüncə Mərkəzin adından Borçalı Cəmiyyətini konfrans münasibətilə təbrik etdi. 
A.Hacılı dedi ki, gürcülər və ermənilərin öz maraqlarının olduğu şəraitində azərbaycanlıların da öz maraqları olmalıdır: “Həmçinin Azərbaycan milli və dövlət maraqları naminə Gürcüstanla münasibətlərinin daim yaxşı olmasına çalışmalıdır”. 
Müsavat başqanı dedi ki, milli məktəblərin ləğvi üçün çalışmaq yox, gürcü dilini öyrənmək, Azərbaycanda deyil, Gürcüstanda karyera qurmaq uğrunda çalışmaq lazımdır. Çünki biz Gürcüstan dövlətinə şərikik”. 
BQP sədri, deputat Fazil Mustafa qeyd etdi ki, bir ictimai təşkilatın milli məsələlərlə bağlı fəaliyyət göstərməsi çox böyük fədakarlıqdır: “Bu gün Borçalıda yaşayan Azərbaycan türklərinin vəziyyətini Azərbaycan və Gürcüstan hakimiyyətlərinə, həmçinin cəmiyyətlərinə anlatmaq lazımdır. Gürcüstanda yaşayan Azərbaycan türkləri ilə “əcnəbi” ifadəsi arasında bərabərlik işarəsi qoymaq çox böyük yanlışlıqdır. Gürcüstanda xərlədiyimiz qədər biz heç yerdə pul xərcləmirik. Amma bizim qazancımız minimumdur. Ermənilər Gürcüstana bu qədər pul qoysaydı, Gürcüstan parlamentiin ən azı yarısı erməni olardı. Təəssüf ki, biz Gürcüstan hakimiyyətindən bir Azərbaycan vətəndaşının niyə ölkəyə buraxılmadığını soruşa bilmirik”. 
Azadlıq Partiyasının sədri Əhməd Oruc dedi ki, Gürcüstanda torpaq islahatı məhz Borçalı əhalisinin əlindəki torpaqların alınmasına hesablanmışdı: “Biz çəkinmədən bütün məsələlərə meydanlarda olmalıyıq. Yalnız o millətlər uğur qazanacaq ki, ağıllı şəkildə meydanda olacaq. Azərbaycan hakimiyyəti də Gürcüstan hakimiyyəti qarşısında ciddi şəkildə mövcud problemlər barədə məsələ qaldırmalıdır”.
Borçalı Cəmiyyətinin Gürcüstan nümayəndəsi İsrafil Bayramov Borçalıdakı durumdan danışdı: “Əfsuslar olsun ki, ermənilərə daha çox imtiyazlar var, nəinki bizə. Baxmayaraq ki, biz daim bir yerdə vuruşmuşuq, sevincimiz, ağrımız bir olub. İki rayona ermənilər namizəd verildi, amma azərbaycanlının namizədliyinə imkan verilmədi, udduq, amma qutudan başqası çıxdı”.
İsrafil bəy dedi ki, istənilən vasitə ilə Azərbaycanla əlaqəni kəsmək istəyirlər: “Gürcüstanda Borçalı məktəbləri üçün nəşr edilən kitablarda azərbaycanlıların tarixini 18-ci əsrdən başladığını yazırlar. İkinci sinif musiqi dərsliyində ermənidən bəhs olunduğu halda, bir azərbaycan bəstəkar və şairindən bəhs olunmur. Sabah “Vağzalı” əvəzinə də gürcü mahnısı oxutmalı olacağıq. Dövlət bu məsələyə müdaxilə etməlidir. Çünki bizim gücümüz yetərli deyil”. 
İ.Bayramov Z.Məmmədlinin Gürcüstana niyə buraxılmamasının səbəblərindən də danışdı. Dedi ki, Elat bayramında iştirak edən müxalifət deputatlarına ödül verildi, iqtidar da bu tədbirin müxalifətçilərin tədbiri olduğunu iddia edib: “Zəlimxan bəyin Gürcüstana buraxılmamasının səbəbi odur ki, biz gərək yaltaqlıq edək. Ancaq iqtidar nümayəndələri o tədbirlərə heç gəlmirlər ki, tərifləyək də. Ancaq rəsmi qurumlara müraciətlər futbol topu kimi bir-birinə ötürülür. Rəsmi cavabda bildirilir ki, Zəlimxan Məmmədli gələcəkdə Gürcüstan vətəndaşının sağlamlığına ziyan vura, yaxud Gürcüstana ziyan vura bilər”.
E.PAŞASOY
FOTO: “YM”




Comments are closed.