Nazlı Ağayeva

Üstündə baş sındırıb bir tərəfə çıxara bilmədiyim bu məsələ məni təxminən iyirmi beş il əvvələ apardı. Sovetin dağılhadağılında yerli qəzetdə işlədiyim vaxtlardı…

Rəhmətlik anamla rayon mərkəzində kirayədə yaşayırdıq. Yerli iqtidarın tərs mövqeyimə görə məndən zəhləsi gedirdi, amma işdən qova da bilmirdilər, çünki, qışda ocaqçı, yayda xadimə ştatı ilə işləyirdim, həm də hər iki halda yarımştatla. Bu əziyyətlərə qatlaşmağımın yeganə səbəbi oxucumun qarşısına mümkün qədər senzurasız çıxmaq idi. Redaktorum rəhmətlik Əziz Əzizov özünü xərcləyib mənim bu şərtimi yerinə yetirirdi. O vaxtlar anam bəzən gecə səhərə qədər yatmayıb işlədiyim yazını mənə oxudur, bir tərəfdən ləzzət alsa da, nigarançılığını da gizlədə bilmirdi. “Qorxulu yazılar” onu daima səksəkədə saxlayırdı. Amma yenə başqa – rahat bir həyat arzulamırdı. İqtidarın güclü qəzəbinə gəldiyim ən çətin vaxtlarda görürdüm nəsə dua oxuyub bıçaqın ağzını qatdalayır. Yadıma düşürdü ki, kənddə körpə buzovumuz, qoyun-quzumuz çöldə qalanda anam beləcə «qurd ağzını bağlayardı»… Lütfən, bunları özünü reklam kimi qəbul etməyin, sadəcə sözümün canına keçmək üçün bundan yaxşı körpü tapmadım. İyirmi beş il əvvəl hələ sovet rejimindəki Azərbaycanı təsəvvür edirsizmi? Ondan bəri dünyada və bu ölkədəki fantastik inkişafı isə təsəvvür etməyə ehtiyac yoxdur. Müasir, modern, “müstəqil”, “azad” “firavan” Azərbaycan səhnədədir. Məhz səhnədə! Real həyatda isə vətəndaşı bir loxma çörəyə minnətli, oliqarx-məmur zümrəsi ölkənin sərvətləri hesabına harınlayıb yerə-göyə meydan oxuyan – lakin Qarabağı işğal altında, düşünən beyinləri ya həbsdə, ya da səfalətin qoynunda olmazın əziyyətini, korluğunu çəkən bir Azərbaycan var. Kəndisi bizim vətənimiz olur…

Mən bu yazını bu gün şərlənərək həbslərə atılan cəsur, qeyrətli gənclərimizə həsr eləmək istəyirdim. Amma onlara çatmaq üçün nə qədər yol gəldim… Nədən bu qədər gec? Çünki həmin dustaq və yalnız xüsusi barmaqlıqlar arasında olmadıqlarınıa görə onlardan fərqlənən ümumazarbaycan gəncliyi ölkədəki mövcud rejimin qurbanıdır. Biz o gənclərə normal gələcək verə bilmədik. Adına iqtidar deyib məzənnəyə mindirdiyimiz hakimiyyətçilər uğrunda meydanlarda çıxdığımız gələcəyi bizdən qopardıb özlərinə, balalarına mal etdilər. Həm də necə? Xəyal etdiyimiz həmin müqəddəs gələcəyi təpəgöz, görməmiş davranışlarıyla tanınmaz, yad hala gətirdilər. Bizim səviyyəli, bilikli, bacarıqlı övladlarımızı bir ucdan narkoman, xuliqan, çevrilişçi elan edənlərin yağ içində bəslənən “gül balalarının” hər addımı “Amerikanın kəşfi”nə çevrildi. Vətənə sərvət yeri, yağlı obyekt kimi baxan oliqarxzadələr lazım gələndə guya Azərbaycanı dünyada təmsil etdilər, ölkənin adını göylərə qaldırdılar. Və hazırda da belədir. Nədən əcaba? Nə vaxta qədər ölkənin sərvətlərini talayıb qudurmuş iqtidar-məmur balaları (Prezident özü belə deyirdi) ölkədə və xaricdə göyün yeddinci qatında gəzəcəklər? Halal çörəklə böyümüş düşüncəli, azadfikirli, əqidəli, vətənpərvər gənclər isə həbsxanalarda ya da hər an məlum maddələrlə həbsə atılmaq təhlükəsi altındadır…

Bu barədə böyüklər olaraq ciddi-ciddi düşündükmü? Ortada gündən-günə artan yoxsulluğa, bitib-tükənməyən haqsızlıqlara düçar zərif, lakin dönməz gənclik və sərt, amansız, ədalətsiz bir quruluş var… Yoxsa qalan ömrümüzü artıq xalqın üzünə qapadılmış Azadlıq meydanındakı xatirələrimizə həsr edəkmi? Ortada gündən-günə artan yoxsulluğa, bitib-tükənməyən haqsızlıqlara düçar zərif, lakin dönməz gənclik və sərt, amansız, ədalətsiz bir quruluş var… Sadəcə müşahidə edib sonda da “göydən üç alma düşdü, üçü də həbsxanaya çevrilmiş vətənin ağrılı-dərdli başına”, deyəkmi?

P.s əvəzi:
Zaur Qurbanlı,
Rəşadət Axundov,
Rəşad Həsənov,
Üzeyir Məmmədli,
Məmməd Əzizov,
Bəxtiyar Quliyev,
Şahin Həsənli,
Əbdül Əbdülov,
Ömər Məmmədov,
İlkin Rüstəmzadə

Bizi bağışlamayın, Sizləri şərdən, böhtandan qoruya bilmədiyimizə görə…

P.s: Həbsxanada olan bütün əqidə məhbuslarına azadlıq arzusuyla: Azad məhbus Nazlı Ağayeva

Comments are closed.