Əlövsət Əliyev: “Uşaq vaxtı oyuncağım olmayıb”

Rubrikamızın ilk qonağı Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Bu gün o, 53 yaşını qeyd edir. Gəlin, birlikdə qonağımızın uşaqlıq illərinə baş çəkək. O günləri birgə yaşayaq.

– Bunu tez-tez xatırlayıram. Xalam qızı mənə bir kukla almışdı. Bu, mənim kuklam deyildi ki… Şirin-şəkər, nazlı-duzlu qızım idi. Kuklam qəfil itdi. Onu bir gün bağçada oynayarkən tapdım. Qardaşım kuklanın ayağını sındırıb torpağa basdırmışdı. Bu. mənim ilk itkim idi. Siz də oyuncaq itirmisiniz?

– Mənim heç vaxt oyuncağım olmayıb. Biz dağ kəndində yaşadığımız üçün velosiped sürən də olmayıb. Ən yaxşı oyuncaqlarımız qışda qarın üzərində sürüşmək üçün taxtadan hazırladığımız xizəklər, yayda isə məftildən düzəltdiyimiz iki və ya dörd təkərli maşınlar olub. Yadımda qalan itki o olub ki, qışın soyuğunda odun olmadığı üçün mənim taxtadan düzəltdiyim xizəyi qardaşımın söküb ocaqda yandırıb.

– Biz uşaq olanda orta məktəb müəllimləri and -aman edirdilər ki, Mirzə Ələkbər Sabir acından sabun bişirib satırmış. O zaman ürəyimiz çox göynəyirdi. Amma böyüyəndən sonra anladıq ki, sabun bişirib satmağa biznes deyirlər. Bunun isə kasıblıqla əlaqəsi yoxdur. Sizin uşaqlığnız və Mirzə Ələkbər Sabir yadınızda necə qalıb? Uşaqlıqda kimə daha çox acıyırdınız?

– Mənim də o vaxtkı düşüncəmə görə Mirzə Ələkbər Sabir dövrünün ən kasıb adamı olub. Həyatını xilas etmək üçün sabun bişirib satmaq məcburiyyətində imiş. Hər birimizin uşaqlıq həyatının müəyyən çətinlikləri olur. Mən orta məktəbi bitirdikdən sonra iki il iş stajım olmadığı üçün hüquq fakültəsinə sənədlərimi qəbul etmədilər. Hərbi xidmətə getməyimə isə hələ 1 ilim var idi. Kəndimizdə sovxozun fermalarından başqa iş yeri yox idi. Mən sovxozda naxırçı adı ilə işə düzəldim və qısa müddətdən sonra sovxozda ən çox əməkhaqqı alan işçiyə çevrildim. 3-cü sinifdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşam və orta məktəbi bitirənə qədər hər ilin üç ayını pambıq becərilməsi işinə həsr etmişəm. Bəzən hər gün 120-130 kq pambıq toplayaraq ən çox pambıq toplayan qızlara da qalib gəlirdim.

– Bizim uşaqlığımız sovet dönəminə təsadüf edir (amma deyirlər, təsadüflər olmur, hər şey zərurətdən doğur). Bizim uşaqlığımız kənddə keçib. Uşaqlığımın bir yay səhərini heç xatırlamaq da istəmirəm. Pambıq briqadiri səhərin gözü açılmamış evimizin yaxınlığındakı körpüdə dayanıb səsləyirdi. Anam səhər pambığa gedib, axşam evə gəlirdi. Gün ərzində 120-150 kilo pambıq və evdə onu gözləyən beş uşaq… Bəzən belə olur, ananı qucaqlayıb sığallanmaq, əzizlənmək istəyirsən, amma o, işə getmək məcburiyyətindədir… Sizin belə yay səhəriniz oldumu heç?

-Biz uşaq olduğumuz zaman evdə böyük bacılarımız olduğu üçün bizə heç vaxt yalnızlıq hiss etdirməyiblər.

– İkinci sinfin ilk günü çox qəribə gün idi. Mən “Ana dili” dərsliyinin ilk səhifəsində olan “Salam, doğma məktəb!” şeirini əzbərləmişdim qardaşımın kitabından. Vəssalam. Oldum Əntiqə müəlliməmin sevimlisi. Bu sevgi məni əlaçı etdi. Şagird Əlövsətin əlaçılığı necə başladı…

– Bizim sinifdə şagirdlər arasında əlaçı olmaq üçün sanki xüsusi bir yarışma var idi. Ona görə də əslində bizim sinifdə əlaçı olmayan yox idi. Eləcə də mən. Mənim başqalarından fərqim bir də o idi ki, atam gözləmədiyim halda gəlib dərsdə otururdu. Atamın gəlişindən çox müəllimlər narahat olurdular ki, dərsi daha keyfiyyətli keçsinlər. Ancaq ən pisi o idi ki, bizim məktəbdə ancaq oğlanlardan dərs soruşurdular deyə oğlanlar birmənalı şəkildə dərsə hazır olurdular.

– Evimizin qabağındakı nar bağında bir ərik ağacı var idi. Ağacın altında qızılgül kolu zərif çiçəklər açmışdı. Əriyin budağında yuva quran bülbül gecə səhərə qədər qızılgülün eşqindən fəryad edirdi. Bu səs məni tez-tez uşaqlığıma səsləyir. Qızılgül ətirli səs… Uşaqlığınıza sizi səsləyən səsin ətri daha çox hansı gülü xatırladır?

– Bizim evin kənarında evlər olmadığı üçün demək olar ki, ətrafı yonca ilə dolu idi. Səhər yuxudan oyananda pəncərəni açan zaman yoncanın ətri evə dolurdu. Bizi yuxudan oyadan isə bir qayda olaraq torağayların səsi idi.

– Alyanaqlı almaları çox sevirdim. Dədəmin bir qızı idim və istəyimə uyğun olaraq evdən alyanaqlı almalar əskik olmurdu. Balaca Əlövsətin sevimli meyvələrinin, yeməklərinin dadı indi də damağındadırmı?

– Hər fəslin öz meyvəsi, hər meyvənin öz dadı var. Bizim çöllərdə yeməyə ilk yetişən çiyələk ən dadlı meyvə olub, daha sonra isə qızıl payızın əzgili, qaragiləsi olub. Bizim dağların Azərbaycanın başqa bölgələrindən fərqi ondan ibarətdir ki, alçanı bir qayda olaraq payızda yeyirlər.

– Dörd qardaşım, dörd əmimoğlu, əmimin bir qızı və mən. Bizim uşaqlıq komandamız belə idi: səkkiz oğlan və iki qız. Balaca Əlövsətin böyüdüyü komandanın tərkibində kimlər vardı?

– Əslində mən uşaq vaxtı komandalardan qaçan olmuşam və ən çox dostluq etdiyim şəxslər isə sinif yoldaşlarım Nəbi, Araz və qardaşım Faiq olub. Onlarla birlikdə uşaq xarakterinə uyğun olaraq ən ağır əməlləri törətməkdən çəkinməmişik.

Söhbətləşdi Arzu Abdulla

Əlövsət Əliyevə İnterpress.az-ın ad günü hədiyyəsi

Əlövsət Əliyev

Yellənən başlar
Hekayə
Bir həftəlik səfərdən yaxınları ücün darıxmış halda Bakıya qayıtdı. Hava limanının dayanacağında saxladığı maşını işə saldı. Mühafizəçi ona yaxınlaşdı və “Əmi, maşını 6-7 gündür burda saxlamısan, 60- 70 manat ödəməlisən. Sonra istəyirsən 20 manatla yola verək” dedi. Mühafizəçiyə özünəməxsus şəkildə “Narahat olma, tələb olunan qədər ödəniş etmək imkanım var” deməklə etirazını bildirdi. Mühafizəçi “Ay əmi, vallah burada maşın saxlayan ağıllı adamlar özləri bunu xahiş edirlər, siz isə…” Sözünün arxasını gətirmədi və başını bulayıb onun yanından uzaqlaşdı.
Evə gəldi. Qızı üçün çox darıxmışdı. Çox keçmədi ki, qızı yenidən boynuna dolandı və “Ay ata, bütün ağıllı atalar bayramda uşaqlarını gəzməyə apardılar. Sən isə çıxıb getdin” dedi. Bu sözdən sonra qızını gəzdirmək üçün xanımı ilə birlikdə şəhərə yollandı. Fəxri Xiyaban və Şəhidlər Xiyabanından sonra Milli parka getdilər. Maşını “Azneft” meydanında saxlamaq istəyirdi. Taksi sürücüsündən maşını orda saxlamağın mümkün olub-olmadığını öyrənmək istədi. Aldığı cavab “Vallah, ağıllı adamlar burada maşın saxlamırlar” oldu.
Maşından yenicə aralanmışdı ki, zəng gəldi. Qardaşı idi, yeməyə dəvət edirdi. Xanımı ilə razılaşdı ki, onlar gəzdikləri müddətdə qardaşı ilə görüşsün. Maşına yaxınlaşanda daha bir zəng gəldi və bu dəfə böyük qardaşının ismarışını çatdırdılar:
– O da gəlməyini xahiş edir. Deyir ki, gələndə ağlını götürməyi unutma.
Təkrar zəng əslində onu bir az “tərpətdi”. Nə baş verir? Hər dəfəsində ona “ağlı” xatırladanlar nə demək istəyir? Yaxınlarının olduğu məkana çatanda yemək artıq başlamışdı. Ona görə sadəcə salamlaşdı və onun üçün saxlanılan yerdə əyləşdi. Böyük qardaş ağır-ağır sözə başladı:
-Adam bütün işlərini ağılla görər.
Bütün qohumlar- dayısı və əmisi oğlu, bacısı oğlu, qardaşları söhbəti diqqətlə dinləyir və başlarını tərpətməklə onun dediklərini təsdiq edirdilər. Bir neçə dəfə söhbəti dəyişmək istəsə də hər dəfə “başın xarab olub”, “başın işləmir” sözləriylə başlayan cümlələrlə susdurulurdu. Söhbətin yönünü, ümumilikdə mövzunu dəyişməyə çalışdı. İslam ölkələrində baş verənlərin islamla əlaqəsi olmadığından, xristian sivilizasiyasının islam ölkələrində tətbiqinin ağır nəticələrindən danışmağa başladı. Amma söhbəti başqa məcraya yönəltmək cəhdi bu dəfə də nəticə vermədi. Böyük qardaş əvvəllər dediyinin əksinə olaraq islam sivilizasiyasının xristian sivilizasiyasından dəfələrlə üstün olduğuna dair fikrini “Bunu təhlil etmək üçün ağıllı baş tələb olunur” cümləsi ilə bitirdi. Bu dəfə jurnalist gənc qohumu üzünü ona tərəf tutdu:
– Hərəkətlər adekvat deyil, sən özün də nə etdiyinin fərqində deyilsən, ağıllı adamlar belə…
Cümlənin sonunu eşitmirdi. Masada oturanlar razılıq əlaməti olaraq başlarını yelləyir, deyilənləri təsdiq edirdilər. Ona elə gəlirdi ki, yellənən başlar adamların dizlərinə kimi əyilir və yenidən geriyə qayıdır. Qulaqlarında bu dəfə başqa qardaşının sözləri cingildədi: -Məndə də kifayət qədər ciddi faktlar var, səndə nəsə baş verir… Biz bunu dəqiqləşdirməliyik, ağıllı adam belə hərəkət etməz.
Başlar yenə yellənir, dizlərə qədər əyilir və geri qayıdırdı. Hamısı eyni qaydada, hamısı eyni zamanda, eyni, eyni, eyni… Oturanların üzünə diqqətlə, bir-bir baxdı. Heç olmasa bircə nəfərin sifətində etiraz sezmək istədi. Olmadı, əksinə ona elə gəldi ki, dizlərə qədər əyilən başların tərpənməyən dodaqları da xorla “sən dəlisən” deyə qışqırmaga başladılar. Bu səsi eşitmək istəmirdi. Qulaqlarını tıxamaq istədi, amma gözləri… Təkcə dodaqlardan yox, gözlərdən də “sən dəlisən” sözləri oxunurdu. Qədəhi masanın üstünə tulladı, qulaqlarını tutdu, uğultu kəsilmədi. Var gücü ilə qışqırdı…
…Maşına necə oturduğunu xatırlamadan ordan uzaqlaşdı. Biz qədər uzaqlaşmışdı ki, maşını saxladı, düşdü. Arxası üstdə badam agaclarının arasında uzandı. Ona elə gəlirdi ki, sərin torpaq onu sakitləşdirə bilər. Özünü torpağa həvalə etdi. “Doğrudanmı mənimlə nəsə baş verir?” deyə fikirləşməyə başladı. Düşünə bildiyinə sevindı və sanki bir az da sakitləşdi. Telefonun zənginə düşüncədən ayrıldı. Xanımı idi, evə getmək istədiklərini bildirirdi. Maşına əyləşib hara gedəcəyini dəqiqliyi ilə xatırlamadan getməyə başladı. Təkrar telefon zəngi və “Sənin başın xarab olub, deyəsən. Dedim axı, içmisənsə maşın sürmə” – xanımı idi. Telefonu yan oturacağa tulladı. Ona elə gəldi ki, xanımından eşitdiyi bu sözləri ətrafdakıların hamısı təkrar edir. Bütün sürücülər ona baxır, gülüşürdülər. Soldan gələn maşına yol vermək üçün dayandı. Sifəti seçilməyən qara kölgələr maşını dövrəyə alaraq xorla “dəlisən, dəlisən, dəlisən” deyə qışqırırdılar. Sağ ciyninə toxunan əlin təmasından diksindi. Yol polisi əməkdaşı idi. Onu tanımışdı. Polisin üzünə diqqətlə baxdı. Bir anlıq düşündü ki, o da masa başında oturub hami kimi dən polisdir . Amma yanındakı polisin səsi onu bu düçüncədən ayırdı. Sevindi.
-Müəllim, necəsiz? Nə baş verir? Niyə burda saxlamısız? Məni tanıdınız? Məni siz işə qəbul etmişdiz. Yadınızdayam?
Bir-birinin ardınca gələn suallara cavab verəcək vəziyyətdə deyildi. Buna rəğmən özünü topladı. Yalan danışdı:
-Əlbəttə, tanıdım.
Sadəcə özünü bir qədər yaxşı hiss etmədiyini dedi. Yalnız bu zaman polis əməkdaşının onun yan tərəfində oturduğunun fərqinə vardı. Polis əməkdaşı maşından düşdü, ona yoluna davam etmək üçün şərait yaratdı. Qızını və xanımını götürüb evə qayıtdı…
Təxminən iki saatdan sonra psixoloq dostu ilə üzbəüz oturmuşdu. Dostu onu sona qədər dinlədi. Qonşu otaqdan iki qədəh və viski ilə geri qayıtdı. İkisi də ayağa qalxdı və xilaskar, yaxşı polis əməkdaşlarının şərəfinə icdilər…
Bir gün sonra onlar yenə bir yerdə idilər. O, böyük qardaşın gətirdiyi quzu ətindən kabab cəkirdi… Böyük danışır, digərləri başlarını tərpətməklə onun sözlərini təsdiqləyirdilər. Başlar ayaqlara qədər əyilir, yenidən düzəlirdı… Gurultulu alqışlardan daha təhlükəli yellənən başlar…

Comments are closed.