Rafiq Manaflı: “Orada kifayət qədər fərqli düşüncə sahibləri var” 

Suallarımıza İctimai Palatanın Koordinasiya Şurasının, Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Rafiq Manaflı cavab verib. Müsahibimiz İctimai Palatanın taleyi, Milli Şurada baş verənlər, seçkilər və VHP-nin partiya olaraq seçkilərdə iştirakından danışıb. 
– İctimai Palatanın fəaliyyəti və taleyi bundan sonra necə olacaq?
– İctimai Palata nə buraxılmayıb, nə də fəaliyyətini dondurub. Həm də İctimai Palata demək olar tam tərkibdə Milli Şurada təmsil olunur. Koordinasiya Şurasının dönəm sədri hazırda İsa Qəmbərdir. Biz qərara gəlmişik ki, prezident seçkilərinə qədər İctimai Palatanın sessiyalarını və Koordinasiya Şurasının toplantılarını mütəmadi çağırmağa ehtiyac yoxdur. Amma onu da qeyd edim ki, Milli Şura yaradılandan sonra Koordinasiya Şurasının üç toplantısı keçirilib. Bu gün də iclas olmalıdır və İsa Qəmbər hamıya xəbər göndərib. 
– Demək istəyirsiniz ki, artıq İctimai Palata arxa plana keçib və günün birində fəaliyyətini dayandıra bilər?
– Xeyr. Amma nəyi isə öncədən proqnozlaşdırmaq mümkün deyil. Milli Şura prezident seçkilərinə hesablanan  bir qurumdur. Seçkilərdən sonra Milli Şuranın taleyinin necə olacağını indidən demək mümkün deyil. Fikrimcə, zamanı gələndə həm İctimai Palatanın, həm də Milli Şuranın taleyi bəlli olacaq. Məncə, bunun üçün seçkiləri gözləmək lazımdır. İndilikdə İctimai Palata buraxılmayıb, sadəcə fəaliyyəti əvvəlki kimi intensiv deyil. 
– Milli Şura seçkidən sonra dağılacaq?
– Milli Şura o halda yaşaya bilər ki, prezident seçkilərində qələbə qazansın. Amma seçkilərdə uğur əldə olunmasa Milli Şura fəaliyyətini dayandıracaq. Çünki orada kifayət qədər fərqli düşüncə sahibləri və təşkilatlar var. Onların uzun müddət bir yerdə fəaliyyət göstərməsi, əhəmiyyətli məsələlərə eyni mövqedən yanaşması mümkün deyil. 
– Milli Şuranın son sessiyasında İnsan haqları komissiyası yaradılsa da, sədr təyin edilməsi təxirə salınıb. Doğrudanmı buna səbəb 129 nəfərin Novella Cəfəroğlu ilə Leyla Yunus arasında seçim edə bilməməsidir…
– Bu məsələ fərqli cürdür. Dediyiniz quruma Leyla Yunusun sədr olması təklif edilib. Amma məsələlər qabaqcadan razılaşdırılmalıdır. Yəni bilinməlidir ki, burada kimlər işləyəcək, onlar işləməyə razıdırlarmı və s. Bu gün insan haqları ilə işləyən çoxlu sayda hüquq müdafiəçisi və Qeyri-Hökumət Təşkilatları var. Onların arasında kifayət qədər fikir ayrılıqlarının olduğunu bilirik. Odur ki, öncə onların özləri ilə məsələ razılaşdırılmalıdır. Ya da neytral bir adam ora sədr seçilməlidir. Səkkiz komissiyanın rəhbərinin təyin edilməsi ilə bağlı konsensus əldə edilib. Qalan üç komissiyaya növbəti günlərdə sədrlər müəyyən ediləcək. 
– Adi bir komissiya ilə bağlı ortaya belə ciddi problem çıxıb. Bu gələcəkdə də ciddi problemlər yaratmayacaq ki?
– Zaman hər şeyi göstərəcək.
– Bəs nədən komissiya sədrinin namizədliyini irəli sürərək sadə səsvermə yolu ilə həll etmirsiniz?
– Əlbəttə, məsələni səsvermə ilə həll eləmək olar. İntəhası səsvermənin nəticələrinə bəzən hamının münasibəti eyni olmur. Bu da bizim reallıqlarımızdır. Bir yerə toplaşmaq asan və problemsiz olsaydı, bu qədər əziyyət çəkilməzdi. Bu günkü Azərbaycan reallığında bir-birinə güzəştə getmək çox çətin məsələdir. Burada qarşılıqlı razılaşma və konsensus olmadan həll edilən məsələ əslində həll edilməyən məsələdir. 
– Deməli, məsələlər səs çoxluğu ilə həll edilmir?
– Mən sizinlə razıyam. Əslində məsələ səs çoxluğu ilə həll edilməlidir. Çoxluğun qərarı hamının qərarı olmalıdır. Amma təəssüflər olsun ki, hamı belə münasibət sərgiləmir.
– Deməli, siz demokratiya uğrunda mübarizə aparırsınız, amma özünüz demokratik prosedurlara riayət etmirsiniz…
– Bura Azərbaycandır. Bu çətin məsələdir və məni dilemma qarşısında qoyursunuz. Əlbəttə ki, məsələlər səsvermə ilə həll edilməlidir və hər kəs də qəbul edilən qərara hörmətlə yanaşmalıdır. Demokratik tələblər belə istəyir. Fikrimcə, biz həm ölkə çapında, həm də öz qafamızda demokratik düzənin yaranmasına nail olmalıyıq. 
– Öz qafanızda buna nail olmaq üçün nə tələb edilir ki?
– Bunu sadəcə olaraq tətbiq eləmək lazımdır. Tədricən buna alışıb işləməlisən.
– Nə vaxt tətbiq edəcəksiniz?
– Ümid edirik ki, tətbiq edəcəyik.
– Eldar Namazov deyir ki, əgər İctimai Palata ortaya vahid namizədi çıxara bilsəydi, heç Milli Şuraya ehtiyac qalmazdı…
– Tamamilə haqlıdır və düz deyir. Mənim mövqeyim hər zaman ortada olub. Hesab eləyirəm ki, vahid namizəd İctimai Palatanın içərisindən çıxmalıdır. Çünki İctimai Palata oturuşmuş, strukturlarını qurmuş bir qurumdur. Ancaq təəssüf ki, oradan vahid namizədlə çıxa bilmədik. Bu da Milli Şuranın yaranmasına gətirib çıxardı. Bu həqiqətdir. Əgər biz vahid namizəd çıxara bilsəydik indiki qüvvələr İctimai Palatanın ətrafında birləşə bilərdi. 
– Əgər Milli Şura ideal qurumdursa, seçkiyə vahid namizədlə gedirsə, bəs nədən İsa Qəmbər namizədliyindən imtina eləmir?
– Müsavat İbrahimbəyovun vahid namizəd kimi qeyri-şərtsiz qəbul etdiyini bildirir. Ancaq Müsavat Partiyasının mövqeyi belədir ki, müxalifət qüvvələrini seçkilərdən kənarda qoymaq olmaz. Yəni İbrahimbəyov seçkilərdən kənarda qala bilər. O da deyilir ki, müxalifətin bir neçə ehtiyat namizədinin olması hakimiyyətə seçim imkanı verir. Bu da nəzərə alınan arqumentdir. Ancaq bu məsələdə mən Müsavat Partiyasının mövqeyini normal qəbul edirəm. Öncədən Müsavat seçkini boykot etməyin qəti əleyhdarı olub. Bu gün də mövqelərinin üzərində dururlar. Müsavat öz seçki prosesini dayandırıb, amma tam qapatmayıb. Hər halda Rüstəm İbrahimbəyov qeydiyyata alınmayacağı təqdirdə Müsavat öz namizədi ilə seçkidə iştirak etməyi düşünür. Fikrimcə, bu normal yanaşmadır. 
– VHP-nin seçkilərlə bağlı qəti mövqeyi varmı?
– Bizim partiya Milli Şurada altı nəfərlə təmsil olunur. Onlardan beşi İbrahimbəyovun vahid namizədliyinin lehinə səs verib. Mən özüm isə bitərəf qalmışam. Çünki mən vahid namizədin İctimai Palatanın tərkibindən çıxmasını istəmişəm. Biz partiya olaraq seçkilərdə bütün imkanlarımız və resurslarımızla iştirak edəcəyik. 

Comments are closed.