İran Azərbaycan Xarici İşlər Nazirliyinə nota təqdim edib. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat yayıb. O bildirib ki, Azərbaycan XİN bu notaya cavab hazırlayır.

Bildirilir ki, İran tərəfinin Azərbaycan XİN-ə təqdim etdiyi nota millət vəkili Sabir Rüstəmxanlının Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsü ilə “Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz” mövzusunda keçirilən konfransda çıxışı ilə əlaqədardır. Belə ki, Sabir Rüstəmxanlı çıxışında İran ərazisində Cənubi Azərbaycan dövlətinin qurulmasını təklif edib.
 
İranın Azərbaycana nota göndərməsi ilə bağlı məsələyə münasibət bildirən millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP sədri Sabir Rüstəmxanlı buna təəccüblənmədiyini dedi. 
O, Teleqraf.com-a açıqlamasında bildirdi ki, İranın narahatçılığı bir daha azərbaycanlıların haqlı olduğunu göstərir: “Dünyada gedən siyasi proseslər göstərir ki, İranda da dəyişikliklər baş verəcək. Dünyanın gözü qabağında əhalinin yarısını təşkil edən bir millətin bütün haqları əlindən alına bilməz. Bunu artıq Avropa, Amerika deyir, ABŞ konqresmenləri bu məsələni qaldırır. Yəni nə qədər Azərbaycan mehriban qonşuluq siyasəti yürütsə də, dünya görür ki, İranda  azərbaycanlıların hüquqları tanınmır. İkincisi də, bizim müzakirə etdiyimiz məsələ “Azərbaycan, onun Güney və Quzeyində çağdaş durum, əlaqələr və perspektivlər”, “Biz bir millət olaraq öz gələcəyimizi necə görürük?” mövzusunda olub. Bunu da müzakirə etmək bizim haqqımızdır. Buna görə biz İrandan icazə istəməli deyilik. Mən dövlət rəsmisi deyiləm, yazıçıyam, millət vəkiliyəm. Neçə illərdir Dünya Azərbaycanlıları Konqresinin sədriyəm. Bu konqresi də nə İran, nə də Azərbaycan hökuməti yaradıb. Bunu dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıların təşkilatıdır və təşkilat da onların iradəsini ifadə edir. Biz İranın dediyi ilə oturub-dura, onun könlünə xoş gələn sözlər səsləndirə bilmərik. İran nə deyir, qoy desin. Əgər İran nota göndəribsə və Azərbaycan Xarici İşlər Nazirliyini də bu məsələyə qarışdırıbsa, demək, sözümüz ünvanına çatıb, hədəfi düz seçmişik. İndi onların səfiri burda at oynadır, nə gəldi danışır. Bu da mənə elə gəlir ki, yolverilməzdir. İran səfiri də başa düşməlidir ki, Azərbaycanın öz qanunları var və o çərçivədə hərəkət etməlidir. Biz bu məsələnin üstünə getməliyik və gedəcəyik də. Çünki Azərbaycan xalqı 21-ci yüzillikdə onun başının üstündə oynanılan oyunlara dözə bilməz”.
Millət vəkili İranın ona və təşkilata yeni təzyiq vasitələrindən istifadə edəcəyini də istisna etmədi: “ Neçə illərdir ki, mənim bütün çıxışlarıma, fəaliyyətimə onların təzyiqləri davam edir. İran mətbuatı, televiziyaları hər bir addımımıza reaksiya verir. Hakimiyyətə yaxın mətbuat orqanları, xüsusən də “Səhər” kanalı dəfələrlə haqqımızda qərəzli fikirlər səsləndirib. Adımıza müxtəlif böhtanlar deyiblər. Bizi hətta “İsrailin agenti” adlandırıblar, adımızı müxtəlif təşkilatlara bağlayıblar. Ancaq bu təzyiqlər bizi mövqeyimizdən çəkindirə bilməyib. Hədəfdə tək mən deyiləm ki. İran hətta Azərbaycanın siyasi xadimlərini, işıqlı ziyalılarını da dəfələrlə qərəzli şəkildə hədəfə alıb. Ancaq bizi tənqid edən mətbuat orqanlarını İran rəsmiləri müstəqil media kimi təqdim ediblər. Bildiriblər ki, guya bu media orqanlarının dövlətə bağlılığı yoxdur. Mən İranın Xarici İşlər Nazirliyinin notasını təbii qəbul edirəm. Bu onu göstərir ki, dövlətlərin rəsmi münasibətləri öz qaydasında qalır, ancaq Azərbaycan ictimaiyyəti İranın bu təzyiqlərinə göz yuma bilmir. Sovet dövründə İranda 3 dəfə inqilab olub, Güney Azərbaycan öz azadlığı uğrunda mübarizəyə qalxıb. Hətta 1945-ci ildə İran azərbaycanlıları öz milli hökumətini qurub. İndi də dünyada ciddi hadisələr baş verir və İran qorxur ki, bu millət yenidən öz azadlığını tələb edəcək. Ona görə bu qədər canfəşanlıq göstərir və Azərbaycanın varlığını belə danmaq istəyir”. 
VHP sədri bildirdi ki, artıq Güney Azərbaycanda milli oyanış hiss olunur və soydaşlarımız tarixi zərurətdən istifadə edərək öz azadlıqlarına qovuşmaq istəyirlər: “İran interneti kəsir, mətbuatı yasaq edir, dünyaya qapıları bağlayır. Hətta zəlzələ vaxtı azərbaycanlılara qarşı münasibəti də gördük. İran hökuməti ora yardım aparanların yolunu kəsirdi, göndərilən yardımları insanlara çatdırmırdı. Ora getmək istəyənlərə mane olurdu ki, gedib insanların acınacaqlı taleyini görməsinlər. Bir sözlə, insanlığa, İslama, müsəlmanlığa sığmayan hadisələr yaşanır İranda. Bunların bir məqsədi var ki, bu millət qırılsın, məhv olsun. Biz bunu Urmiya gölünün qurudulması zamanı da gördük. Bu, əslində, beynəlxaql məhkəmlərə verilməli bir cinayətdir. Hesab edirəm ki, Azərbaycan ayağa qalxmalıdır və deməlidir ki, niyə məni bir millət kimi yox etmək istəyirsiniz. Amma görürsünüz ki, bütüb bunların müqabilində onlar bizi ittiham edirlər. Unudurlar ki, artıq Güney Azərbaycanda da oyanış var və millətin azadlıq ruhu ölməyib. Gec-tez bu millət qalxıb öz azadlığına qovuşacaq. Onda onun qarşısında nə İran, nə də başqa qüvvə dayana bilər. Nə qədər edam etsələr də, səsini kəssələr də, öldürsələr də, bu, həmişəlik davam edə bilməz”. 
Məsud 
Gündəlik Teleqraf 

Comments are closed.