Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan Nümayəndəliyi, Güney və Quzey Azərbaycan təşkilatların, müstəqil milli-siyasi fəalların iştirakı ilə 22 may 2006-cı il hərəkatının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli həmin gün baş verən hadisələrdən danışıb: “ İran qəzetlərinin birində türklər hamam böcəyinə bənzədilərək təhqir edilməsi bu aksiyaların başlanmasına səbəb olub. Bundan sonra aksiyaçılar müxtəlif adlarla təhdid edildi. Hadisələrdən 5 il keçməsinə baxmayaraq bu hadisə güneylilər tərəfindən hər il qeyd olunur”.

Daha sonra 22 may hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

DAK həmsədri Sabir Rüstəmxanlı bu hadisələr bütün Azərbaycan türklərinin tarixi günü hesab edib: “Bu hərəkat bir daha dünyaya göstərdi ki, türklər bu rejimlə barışmır və belə fikirləri də yoxdur. Onlar bu hadisələrlə millətin haqqını hər şeydən üstün tutduğunu yenidən bəyan ediblər”.

S.Rüstəmxanlı bu hadisələrə laqeyd yanaşdıqlarını təəssüf hissi ilə qeyd edib : “Mən çox istərdim ki, bu hadisələrlə bağlı elmi işlər götürülsün, məqalələr yazılsın. Geniş əlaqələr qurulsun. Amma bu gün cəmiyyətdə cənub məsələsinə biganəlik var. Çoxları hesab edir ki, sərhədlər yoxdur deyə problemlər də həll olunub. Lakin, güneylilərin hələ də içində bir qorxu hissi olduğunu görürük. Təkcə bir fakt deyə bilərəm ki, ötən ay türk dünyasının ozanı Araz Elsəsin Bakıda konserti təşkil olunan zaman güneydən gələn soydaşlarımızın heç biri o konsertə qatılmayacağını dedi. Səbəb isə qayıdarkən yaşadıqları ölkədə onlara təzyiqlər olacağı ilə izah etmişdilər. Deməli, bu doğrudan da bir faciədir”.

DAK həmsədri gənclərə güney mövzularında fəal olmağa çağırdı : “Bütöv Azərbaycana aparan yolda gənclər daha fəal olmalı, öz mücadilələrini davam etdirməlidirlər. Reallıq odur ki, biz iki yerə parçalanmışıq. Hər kəs bu işdə öz gücünü ortaya qoymalıdır”.

Tədbir digər qonaqların çıxışları ilə davam edib. Qonaqlar güneyli soydaşlarımızın üzləşdikləri problemlər, fars rejimi tərəfindən mütəmadi olaraq hüquqlarının pozulmasından danışıblar.

Xatırladaq ki, 2006-cı il mayın 22-də Güney Azərbaycanın çeşidli şəhərlərində Tehran rejiminin rəsmi dövlət orqanı olan “İran” qəzetində türkləri təhqir edən materialın çapı kütləvi etiraz aksiyalarının keçirilməsinə səbəb olub. Aksiyalarda Güney Azərbaycan türklərinə qarşı yürüdülən ayrı-seçkilik siyasətinə son qoyulması tələb edilib. Yüz minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarının susdurmaq üçün rejim silahlı qüvvələrdən istifadə olunub. Məlumatlara görə, həmin etiraz aksiyalarında iştirak edən 20 nəfərdən çox Azərbaycan türkü hakimiyyətin güc strukturlarının açdığı atəş nəticəsində həlak olub. 4 mindən çox insan yaralanıb. Kütləvi həbslər həyata keçirilib, minlərlə azərbaycanlı həbs olunub. Onların bir çoxu həbsdədir, bəziləri barələrində açılmış “cinayət işi” ilə bağlı hələ də inqilab məhkəmələrində süründürülür. Eləcə də onlarla insanın taleyindən xəbər yoxdur.

Comments are closed.