Dekabrın 3-də gənclər təşkilatlarının birgə keçirdiyi aksiya 2 aprel aksiyasından sonra hakimiyyəti növbəti dəfə silkələdi. Müxalifət partiyasının və heç bir müxalif liderin qərarı olmadan, sosial şəbəkələrdə təşkilatlanmış fəal gənclər dekabrın 3-də “əsgər ölümlərinə yox deyək” şüarı ilə şəhərin mərkəzində izdihamlı mitinq keçirdi. Mitinqdə şəhid ailələri də iştirak edirdi. Aksiyada fəallardan olan gənclər isə mitinqi təşkilini yüksək dəyərləndirir və baş tutduğunu hesab edirlər. Onlar mübarizəni birgə davam edəcəklərini bəyan edirlər.
Vətəndaş Həmrəyliyi Partiyası sədrinin gənclər üzrə müşaviri Samir Əsədli bu aksiyanı ən təşkilatlanmış mitinq hesab edir: 
“Gənclərin keçirdiyi ən təşkilatlanmış, bütün təşkilatların fəallarının iştirak etdiyi aksiya idi. Bütün planlar həyata keçirildi, polisin qəddar davranışından çəkinmirik. Biz onlara əl qaldıra bilmirik. Ancaq onlar şillə-təpiklə etirazçıları vururlar. Orada siyasi tələblər səsləndirilmədi. Bu göstərir ki, polis öz vətəndaşına qarşı aqressivdir, sanki biz başqa millətdənik. Heç bir qorxu yoxdur, əksinə, aksiya nəzərdə tutulan ərazidə başladı və istədiyimiz yerdə yekunlaşdı. Polis heç nə edə bilmədi, aksiya baş tutdu”. S.Əsədli aksiyaların davam edəcəyini dedi: “Biz gənclər birgə mübarizə aparacağıq”. 
Müsavat Partiyasının gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı hesab edir ki, mitinqdə polis zorakılığı gəncləri heç də qorxutmur: “Əksinə bu kimi aqressiv davranışlar gənclərin nifrətini artırır. Polis zorakılığı adətən qorxu yaratmağa hesablanır. Amma bu texnologiya artıq köhnəlib. Baxın dünyada bu gün gedən proseslərə. Artıq insanlar yanında öldürülən insanların qisasını almağa çalışırlar. Bizdə də aksiyaçı xanımlara qarşı olan zorakılıq digər gənc bəyləri daha mübariz olmağa məcbur edirdi. Bir daha qeyd edirəm ki, zorakılıq artıq qorxu yox, nifrət yaradır”. 

S.Soltanlının sözlərinə görə, aksiyalar davam edəcək: “Normal olmayan hakimiyyətin atdığı addımlara qarşı etiraz etmək bizim hüququmuzdur. Bu hüquqlarımızdan sona qədər sivil şəkildə istifadə edəcəyik”. 
ADP gənclər təşkilatının sədri Cəmil Hacıyevin fikrincə, aksiya olduqca uğurlu alınıb: “Əslində biz Gənc Siyasi Məhbusların Komitəsi olaraq qərar vermişdik ki, 10 dekabrda İnsan Haqları Günü ilə bağlı aksiya keçirək. Lakin şəhid ailələrindən bizə deyildi ki, əsgər ölümləri ilə bağlı aksiya təşkil olunsun. Sözsüz ki, əsgər ölümləri ilə bağlı aksiya indiki məqamda daha önəmli idi. Gözləmirdik ki, belə aksiya olacaq, çox uğurlu oldu. 
Hətta ətrafdakı insanlar biləndə ki, bu, əsgər ölümləri ilə əlaqədardır, bizə qoşulanlar oldu”. 
C.Hacıyev deyir ki, polisin davranışlarında əvvəlkindən heç bir fərq yoxdur: “Baxmayaraq ki, polislər insan hüquqları konvensiyasına qoşulub, ATƏT polislərlə silsilə treninqlər keçirib. Ancaq heç bir nəticə yoxdur. Yenə zorakılıq, amansızlıq var idi. Xüsusilə, fəal xanımlara qarşı vəhşi davranırdılar. Müsavatçı Nərgiz Yaqublu və ADP-çi Şəhla Hacıyevaya qarşı daha kobud davrandılar. Üstəlik, aksiya Səbayel rayon ərazisində olduğu halda Nəsimi rayon polis rəisinin müavini Süleyman Nemətov yenə gəlmişdi və xüsusi tapşırıqlar verirdi ki, konkret kimləri tutsunlar. Siyasi məhbusların dekabrda azad olunması barədə əfv fərmanının verilib-verilməyəcəyini gözləyirik. Verilməsə, bundan da güclü aksiyalar olacaq”. 
AXCP-nin gənc fəalı Dəyanət Babayev dünənki aksiyada ona yalnız aparılanda zorakılıq olduğunu söylədi: “Belimdən 5-6 ay bundan əvvəlki mitinqlərin birində zədə almışam, indi o ağrılar daha da şiddətlənib. Polis bölməsində heç bir təzyiq olunmayıb. Aksiyaların davamına gəlincə, partiyanın mitinqlə bağlı qərarı olacaqsa, iştirak edəcəm. Belimdəki ağrılarla bağlı ”Semaşko” xəstəxanası yaxınlığında dövlət klinikasına getdim ki, aparatdan keçim. Məndən 20 manat pul istədilər. Dedilər ya da qeydiyyatda olduğun Neftçala rayonuna get. Halbuki rayonda həmin aparatlar yoxdur. Buna görə gərək Salyana gedəm. Orda da 15 manatdır…”

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

Comments are closed.