İbrahim Quliyev

Deyilənə görə, yeni hökumətin tərkibinə düşməyən nazirlər bu dəfə də səfir göndəriləcəklər. Ona görə bu dəfə deyirəm, çünki hər dəfə belə olur. Polisdən, məhkəmədən, nazirlik və PA-dan işlərinin öhdəsindən gələ bilmədiklərinə görə xaric edilənlər  adətən əcnəbi ölkələrə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunurlar. Artıq məndə belə bir təəssürat yaranıb ki, bu səfirlik məsələsi Azərbaycan üçün çox vecsiz və mənasız bir şeydir. Daha doğrusu, Azərbaycan hökumətinin heç səfirə- zada ehtiyacı yoxdur, qalıb burada ziyanlı əməllərlə məşğul olmasınlar deyə, bəzi keçmiş məmurların ölkə sınırlarından uzaqlaşdırılması üçün bu bir vasitədir. (Ümumiyyətlə, Azərbaycanda hamı və hər şey vasitədir).

Deyirəm, bu ingilisin, amerikalının, rusun, almanın, fransızın başı xarabdır ki, bir diplomatı hazırlamaq üçün illərlə çox ağır zəhmət və çox böyük maliyyə xərci çəkirlər. Görəsən, bu ölkələrdə işdən çıxarılan bir polis, prokuror yoxmu ki, ondan səfir düzəldib, uzaq – uzaq ellərə göndərələr. Sonra da ona fövqəladə səlahiyyətlər nə verməyə nə var ki…

Ümumiyyətlə, bizim səfir göndərilən məmur yoldaşlara heç səlahiyyət verilməsə də, onlar keçmiş vərdişləri üzrə bu məsələni avtomatik həll edə bilərlər. Çün onlar ölkə daxilində olarkən hansı sahəyə rəhbərlik ediblərsə, həmin sahənin elə fövqəladə və səlahiyyətli səfirləri olublar. Məsələn, bu gün hansı rayonun icra başçısı özünü çalışdığı (təbii ki, özü üçün) yerdə fövqəladə və səlahiyyətli səfir hesab eləmir. Yaxud hansı nazir başının üstündə Milli Məclisin qan-tər tökə-tökə qəbul etdiyi qanunu görür. Hər bir nazir istədiyi vaxtda xalqa nota da verə bilər, onunla siyasi-iqtisadi- hərbi- diplomatik  və sair əlaqəni kəsə də bilər. Bu boyda təcrübədən sonra bizim hökumətə nə düşüb ki, ingilis kimi, amerikalı kimi xüsusi diplomatlar hazırlasın, bu işə xərc çəksin, onlara təlimat keçsin və s. və i.a. Əslində, mən heç nazirləri, icra başçılarını, polisləri demirəm, elə hər bir deputatımız, mollamız, şeyximiz də xaricdə səfir işləməyə layiqdirlər. Məsələn, o gün MM-in vitse – spikeri Bahar Muradovanın Amerika ilə diplomatik danışıqlarına şəxsən mən valeh oldum. Bahar xanım çox incə üsulla amerikalıların nəzərinə çatdırdı ki, onlar da Barak Obamanı saxta yolla seçiblər. “Hələ bir üzləri var, bizə irad tutmağa da”, – dedi.  Yaxud bir neçə il öncə rəhmətlik bir deputatımız var idi, deyəsən, adı Şamil idi. Onun çox böyük diplomatik gedişlə Fransanın o zamankı prezidentini susdurması indiyədək heç kəsin yadından çıxmayıb. “Bu Jak Şirak qudurub, onun nə həddi var Azərbaycanın işlərinə qarışır, belələrinin dərhal cəzasını vermək lazımdır”. Rəhmətliyin bu incə diplomatik sözlərini xatırlayanda yadıma o məşhur lətifədəki azərbaycanlı qadının ərinə verdiyi sual düşür: “Nəynən, Alış?”

Fəaliyyətdə olan başqa bir diplomatımız Elxan Süleymanov (AvroNest PA-nın vitse-prezidenti və Azərbaycan nümayəndə heyətinin rəhbəri) isə  ATƏT sədrinə və AvroNest PA həmprezidentlərinə ünvanladığı məktubunda diplomatiya baxımından son illərin ən uğurlu ifadələrindən istifadə edərək görün necə gözəl bir məktub yazıb: “Siz böhtan və iftiralarla məşğulsunuz, siz Azərbaycanın mənfi imicini formalaşdırmaq üçün əlinizdən gələni edirsiniz, Siz bizim ölkəmizi təxribat və iğtişaşlara sövq edirsiniz…” Və sair.

Bax, diplomatiya belə olar… Görün polis, prokuror səfir göndəriləndə necə effektiv nəticə alınır. Əldə etdiyimiz son məlumata görə, sabiqliyinin artıq üçüncü-dördüncü gününü yaşamaqda olan müdafiə naziri Səfər Əbiyev də səfirlik həyatının ecazkar dövrünə başlamaq üçün artıq yol tədarükü görməkdədir. Səfər müəllim indiki həmkarlarından fərqli olaraq, hərbi nazir olub, yalnız əmr verib və əmr eşidib. Bundan sonra vay Avropanın halına, Səfər müəllim diplomatik görüşlərdə “icazə verin”, “bağışlayın”, “üzr istəyirəm” kimi ifadələr işlətməcək e… , “ mən əmr edirəm” deyəcək. Məsələn, gedib ATƏT-in binasının qabağında dayanıb, hökmlə qışqıracaq: “ Mən əmr edirəm ki, Azərbaycanda keçirilən 9 oktyabr prezident seçkiləri qeyd-şərtsiz tanınsın,  əks halda “lazım müəllim”dən istifadə edəcəyəm”.             

Səfər müəllim 20 il ərzində sərhədlərimizi necə qoruyubsa, diplomatik fəaliyyətində də yəqin ki, dövlətimizin imicini o sayaq qoruyacaq. Əsl tapıntıdır bu kişi. Onun dilomatik gücünü bu günlərdə ABŞ səfiri Moninqstarla  görüşündə daha aydın gördük.

Bir sözlə, hələlik səfir getməyə iki layiqli namizəd var. Çün komandadan iki nəfər vurulub çıxarılıb…

Comments are closed.