Sabir Rüstəmxanlı: “Hər yaşın həm özəlliyi, həm də gözəlliyi var”
“Mənim üçün 65-lə 45 yaş arasında elə bir fərq yoxdur”
  Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlamış, 1967-ci ildə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib. 1978-ci ilədək bu qəzetdə xüsusi müxbir və şöbə müdiri, 1978-1989-cu illər arasında isə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuş, yüzlərlə elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. Kitabları Azərbaycanın yüksək ədəbi ödüllərinə layiq görülmüş, onun adını bütün türk dünyasında və əski Sovetlər Birliyində tanıtdırmışdır. “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynamış və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub. “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair kimi şer kitablarının, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaların, “Bu sənin xalqındır” publisistik yazılarından ibarət əsərin, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm zirvəsi (Cavad xan)”, “Difai Fədailəri” romanlarının müəllifidir.

   S.Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri olub. 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis etmiş, iki il onun baş redaktoru (baş yazarı) olub. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən Parlamentə deputat seçilmiş, Demokratik deputat fraksiyasının həmsədri, Qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olub. 1991-1995-ci illərdə Mətbuat və İnformasiya naziri vəzifəsini icra edib. 1992-ci ildə VHP-ni yaradıb və bu günə qədər partiyanın sədridir.

   Hazırda Milli Məclisin deputatıdır.

   
   Tutduğu vəzifəni, daşıdığı titulları sadalamağa ehtiyac belə yoxdur. O, hamının tanıdığı və sevdiyi bir şəxsdir. O şəxs ki, illərdi dünya azərbaycanlılarının cəm olması üçün çalışıb-vuruşur. Söhbət Sabir Rüstəmxanlıdan gedir. Bu gün o, 65 yaşını tamamlayır. “Ekspress” qəzetinin kollektivi adından xalq şairi, millət vəkili S.Rüstəmxanlını təbrik edir, onu oxucularla baş-başa buraxırıq.

   
   – 65 yaş. Bu yaş konkret olaraq Sabir Rüstəmxanlı ömrünün hansı dövrüdür?

       – Desəm ki, 40-ın, 50-nin, 60-ın arasında fərq yoxdur, bu doğru olmazdı. Hər yaşın həm özəlliyi, həm də gözəlliyi var. Təbii ki, 65 yaş düşüncə idmanı üçün, məsələn, şahmat oynayan bir insan üçün ağır yaşdır. Amma yaradıcı insan bu yaşda yarımçıq qalan bir çox işləri başa çatdırmaq istəyir. Bu yaşda müəyyən qədər vaxtı olur. Baxmayaraq ki, mənim bu yaşda da elə boş vaxtım olmur. Demək olar ki, 20 ildən artıqdır eyni rejimdə işləyirəm. Buna görə də deyə bilərəm ki, mənim üçün 65-lə 45 yaş arasında elə bir fərq yoxdur. Və bir qayda olaraq beş ildən bir özümə hesabat verirəm. Ötən beş ildə nələri etdim, nələri çatdırmadım. Bu, həm də növbəti beşillik üçün bir öhdəlikdir.

   “Bütün qitələri gəzmişəm, Antarktidadan başqa…”

   – 20 il əvvəl Sabir Rüstəmxanlı şair və publisist idi. Hazırda isə Xalq şairi, publisist olmaqla yanaşı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin üzvü, Dünya Azərbaycanlıları Konqresinin həmsədri… İndi özünüzə beşillik hesabat verərkən bunları necə sıralayırsınız?

   – Əgər 20 il əvvəl hesabat verərkən, bu daha çox yaradıcılıq üzərinə köklənirdisə, indi sənin sadaladıqlarından da görünür ki, fəaliyyət sahəsi çoxşaxəlidir. Ona görə də son beş ildə daha çox vaxtımı DAK-a sərf etmişəm. Son illər demək olar ki, bütün qitələri gəzmişəm, Antarktidadan başqa… Əvvəllər məni ədəbi coğrafiyalar daha çox çəkirdi. Ədəbi əlaqələr zamanı tanış olduğum insanlarla görüşmək, ədəbi, tarixi yerləri ziyarət etmək, böyük insanlarla görüşmək, dünya ədəbiyyatına, mədəniyyətinə möhürünü vurmuş abidələri görmək və s. Ancaq DAK-da olan fəaliyyətimiz məcbur edir ki, maraqlı olub-olmamasına baxmayaraq bütün ölkələrə üz tutaq. O ölkələrdəki soydaşlarımızı arayıb-axtaraq. Onların vəziyyəti, təşkilatlanma səviyyəsi ilə tanış olaq. Və onları Azərbaycanın ümummilli problemləri həlli ətrafında səfərbər edək. Bu səfərlər heç də hər dəfə maraqlı olmur. Çox yorucudur. Təsəvvür elə, 20-22 saat təyyarə ilə Avstraliyaya yol gedirsən. Amma çox şərəfli bir işdir. Milli işdir. Dediyiniz digər işlərlə onsuz da Azərbaycanda hamı məşğul olur. Siyasətçisi də var, deputatı da, şairi də, publisisti də. Ancaq indiki yaşımda bu fəaliyyət – millətimizin gücünün səfərbər olunması işi məni daha çox özünə çəkir. Çünki bu hisslər bütövlük, millətin, vətənin birliyi cavanlığımdan bəri yaşadığım hisslərdir.

   Hesabatımda ikinci sırada gələn isə yaradıcılıq işləridir. Bu yaxınlarda təqdimatı keçirilən “Difai fədailəri” son illər vaxtımı çox aldı.

   – “Difai fədailəri”ndən söz düşmüşkən, Sizin ssenariniz əsasında hazırlanmış “Cavadxan” filmi böyük əks-səda yaratdı. “Difai fədailəri”nin film kimi çəkilməsini nəzərdə tutursunuzmu?

   – Bu əsər haqqında çoxlu yazılar çap olunub. Azər Həsrət yaxşı bir yazı yazmışdı, ona buradan təşəkkür edirəm. Mən əslində “Difai fədailəri”ni film üçün işləyib Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişdim. Amma təəssüf ki, nazirlik həmin ssenarini qəbul etmədi.

   – Səbəb nə göstərildi?

   – Heç bir səbəb göstərilmədi.

   “Bəzi rayonlarda

   “Cavadxan”ın

   göstərilməsinə

   müqavimət var”

   – Məncə, “Difai”nin fəaliyyətini əks etdirən bir film böyük marağa səbəb ola bilərdi. Xüsusən nəzərə alsaq ki, gənc nəsil belə filmlərə meyllidir…

   – Bəli, bu gün millətə “Difai” lazımdır. Əgər bizim torpaqlarımız işğal altındadırsa, Qarabağda terrorla məşğul olmuş bir terrorçu gedib Ermənistanda prezident olursa, “Difai” bizə gərəkdir. Gənclik o duyğunu mütləq mənimsəməlidir. Ancaq nədənsə, onun film kimi çəkilməsinə razılıq verilmədi. İnanıram ki, bir müddətdən sonra, yaxud gələcəkdə “Difai”yə müraciət olunacaq. Biz Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdik ki, “Cavadxan” filminin rayonlarda göstərilməsinə başlayaq. Bir neçə rayonda bunu etdik. Ancaq maraqlıdır ki, bəzi rayonlarda “Cavadxan”ın göstərilməsi ilə bağlı müqavimətlə rastlaşdıq. Sanki hansısa gözəgörünməz qüvvələr bu filmin rayonlarda nümayiş olunmasının qarşısını alır.

   – Hansı rayonlarda? Ad çəkə bilərsinizmi?

   – Məsələn, Sumqayıtda.

   – Bunun da səbəbini bilmirsiniz?

   – Yox, bilmirəm. Mən Müdafiə Nazirliyinə də müraciət etmişdim ki, “Cavadxan” filmi Azərbaycan əsgərlərinə göstərilsin. Çünki əsgərin hazırlığı yalnız fiziki və taktiki cəhətdən olmur. Bir əsgərin hazırlığı həm də psixoloji hazırlıqla tamamlanır. Bəlkə də psixoloji, ideoloji hazırlıq daha öndədir. Bu gün Azərbaycan ordusunun maddi və texniki təchizat baxımından çox gücləndiyini deyirlər. Çox gözəl. Ancaq bu psixoloji hazırlıqla paralel aparılmırsa, hansı gücdən danışmaq olar. Əgər əsgər kitabxanaları boşdursa, əsgərlərə yalnız Azərbaycan teleməkanındakı milli aşınmaya səbəb olan verilişlər göstərilirsə, nədən danışırıq. Təəssüf ki, Müdafiə Nazirliyi mənim bu müraciətimə indiyədək cavab verməyib. Niyə belə oldu, bilmirəm.

   – Sonuncu publisist yazınız səhv etmirəmsə, bir neçə ay öncə İranın ali dini lideri Xamneyiyə məktub idi. Yazılarınız arasındakı zaman məsafəsi Sizi qane edirmi?

   – Həqiqətən də, sonuncu publisistik yazım Xamneyiyə məktub olub. Bu yaxınlarda isə Yaponiyadakı zəlzələ ilə bağlı “Sunami” adlı bir roman yazdım. Publisistika böyük sənətdir və ona ehtiyac var. Mən də hesab edirəm ki, publisistikaya son illər gec-gec müraciət edirəm. Amma qarşıdakı dövrdə, inşallah, publisistik yazıları daha çox yazmağı düşünürəm.

   “Bəzən, deyirlər ki,

   parlamenti iqtidar seçir”

   – 65 illik ömrünüzün 20 ilini həm də Azərbaycan parlamentinin üzvü kimi yaşamısınız. Ötən 20 illik deputat fəaliyyətinizə nəzər yetirərkən, Sizin üçün hansı mənzərə canlanır?

   – Kənardan necə görünməyindən asılı olmayaraq bir ölkənin parlamentində 20 il olmaq bir şərəf işidir. Bəzən deyirlər ki, parlamenti iqtidar seçir. Hakimiyyət necə hamını seçir ki, hakim partiyadan nə qədər adam kənarda qalır? Bir də, hakimiyyət mənə yardım etmiş olsa, mən səsimi itirərəm.

   Mən namizəd olduğum dairədən hər zaman insanların sevgisini və etimadını görmüşəm. Fəaliyyətim dövründə də çalışmışam ki, onların etimadını doğrulda bilim, əlimdən gələni edim.

   Parlament fəaliyyətinin ən maraqlı dövrü təbii ki, 90-cı illər idi. 1991-ci ilin sentyabrında bizi Moskvaya yığdılar. SSRİ Ali Sovetinin sessiyasına. Məlum oldu ki, bu, Ali Sovetin sonuncu sessiyasıdır. Bu, bizim gözümüzün qarşısında 70 illik bir imperiyanın çökməsi idi. Həmin tarixi anların şahidi olmaq böyük xoşbəxtlik idi. Sonra biz 18 oktyabrda Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktına səs verdik. Sonra Ayaz Mütəllibov hakimiyyətdən getdi, milli qüvvələr hakimiyyətə gəldi. Daha sonra Heydər Əliyevin ikinci hakimiyyət dövrü başladı. Mən bütün bu proseslərin qaynar yerində olmuşam. Ona görə də indi ilə müqayisədə həmin dövrün parlamenti daha gərgin idi. O zaman daha sərt çıxışlar edirdik.

   – Bu il Sizin üçün 65 illik yubileyinizdən başqa, həm də dövlət müstəqilliyimizin 20 illiyidir. Sizinlə birlikdə Müstəqillik Aktına imza atmış deputatlar indi haqlarının tanınmamasından şikayətlənirlər…

   – Müstəqillik Aktının qəbul olunması tarixi hadisədir. Və bu sənədə səs verənlər, imza atanlar bir tarix yazıblar. Müstəqil Azərbaycanda o insanlara diqqət və qayğı olmalıdır. Əslində, onların sayı elə də çox deyil. Bu məsələdə Azərbaycan prezidenti addım atmalıdır. Onların xidmətləri hansısa formada qiymətləndirilməlidir. Ən məqbul olanı onların təqaüdlərinin keçmiş deputat kimi hesablanmasıdır. Bu, onlara böyük qayğı olar. Bundan başqa, Müstəqillik Aktına səs verənlərdən həbsdə olanlar var. Arif Hacılı bu akta səs verib. Mənə elə gəlir ki, müstəqilliyimizin bərpasının 20 illiyində Arif bəy azadlığa buraxılmalıdır. Baxmayaraq ki, bizim siyasi baxışlarımızda fərqliliklər var, ancaq belə tarixi məqamlar kiçik siyasi mübarizə hissələrinə qurban verilməməlidir.

   

       

Aqil CAMAL

Comments are closed.