Bu gün nəslimizin sonuncu Mogikanı – Alış əmi 93 yaşında dünyasını dəyişdi… 1921-ci ildə doğulmuşdu. Dörd bacı və dörd qardaş idilər. Bir-birinə bu qədər bağlı, bu qədər mehriban bacı -qardaş tapmaq çətindir. 2006-cı ildə böyük əmim Balaşın 100 yaşını qutlamışdıq, bütün kəndi, dostları dəvət etmişdik. Alış əmi onun yüksəldiyi zirvəyə çata bilmədi. Özü də etiraf etmişdi ki mən böyük qardaşım qədər güclü deyiləm… Ancaq dünyanın bu vaxtında 93 il ömür sürmək də qəhrəmanlıqdır. Ölümünə bir ay qalana qədər hafizəsini itirmişdi…
Son 200 ildə bölgədə nə olmuşdusa, kimlər gəlib keçmişdilərsə hamısı onun ensiklopedik yaddaşındaydı, üç il öncə mənə göndərdiyi bir məktubda İkinci Dünya Müharibəsinin iştirakçısı kimi, tələb və təkliflərini yazmışdı. Öz dediyi kimi, “Qardaş ünvanına yox, millət vəkilinə ünvanlanmışdı. Latın qrafikası ilə yazmışdı. Diqqətli oxudum və ha axtardım bircə səhfini belə tapa bilmədim. Ən maraqlısı sonuncu qeydi idi: “Bu məktubu öz əlimlə eynəksiz yazıram”. Cəhalətdən, mövhumatdan uzaq, çağdaş hadisələrin mahiyyətini görən, dünyada gedən oyunları diqqətlə izləyən, incələyən, haqsızlığa qarşı üsyankar, biraz da acı dilli bir adamdı…
Müharibəni Leninqradda, blokadada keçirmiş, ağılasığmaz faciələrlə üzləşmişdi. Bu şəhər haqqında elə danışırdı ki, sanki bütün ömrünü bu şəhərdə yaşamışdı və dünən ayrılmışdı oradan. Blokadadan çıxıb vətənə qayıtmasını talehin bir möcüzəsi sayır və bununla qürur duyurdu. Savaş təhsil almasına imkan verməsə də əsil aydın, kəndin işıqdaşıyanı, işıqyayanı idi…
Bu gün ona baş çəkməyə gəlirdim. Daha öncə halallaşmışdıq ancaq son görüşə çata bilmədim…
Bu dünyada kimsəyə pislik etməmiş, əli haram kisəyə dəyməmiş, zəhmətiylə alnıaçıq, üzüağ yaşamış bir insan da getdi…
Bir yaxsı insanın da yeri boş qalacaq…
Bütün itkilə ağırdır, ancaq məncə belə insanlar gedəndə kədərlənməkdənsə qurur duymaq lazımdır…

Sabir Rüstəmxanlı

Comments are closed.