Sabir Rüstəmxanlı: “9 noyabr Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırır”

“Dövlət Bayrağı Günü Azərbaycan xalqının öz dövlətinə, dövlətçiliyinə, tarixi kökünə və milli ideallarına bağlılığını artırmağa imkan verir”- bunu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib: “Bayraq dövlətin ən ciddi atributlarından biridir, xüsusilə türklər arasında ta qədimdən bəri bayraqlar son dərəcə müqəddəs tutulub və bizim bütün qədim milli adətlərdə, tariximizdə və mədəniyətimizdə bu ənənə qalıb”.
Onun sözlərinə görə, bayrağa sitayiş, bayrağı müqəddəsləşdirmək çox qədim bir ənənədir və bizim dövlət ənənələrimizin qədimliyindən və milli təşkilatlanmanın çox böyük ənənələrə malik olmasından xəbər verir: “Azərbaycan Respublikasının bayrağı da bizim millətin ideallarına uyğun, son dərəcə mükəmməl düşünülmüş bir bayraqdır. Dünayının ən gözəl, ən böyük bayraqlarından biri Bakıda ucaldılıb. Bayraq bir növ bizi öz ətrafında birləşdirən simvollardan, rəmzlərdən biridir və gələcəyimizi müəyyənləşdirməkdə, savaşımızı, milli yolumuzu müəyyənləşdirməkdə bizə kömək edir və ona görə də mən bu bayrama ciddi bir bayram kimi baxıram”.
Sabir Rüstəmxanlı bildirib ki, bayraq sevgisini uşaqlarımıza da öyrətməliyik.
Xatırladaq ki, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Comments are closed.