Azərbaycanda fəaliyyət göstərən partiyaların əksəriyyətinin məramnamələrində vətəndaş həmrəyliyi, vətəndaş birliyi, milli birlik ifadələri öz əksini tapır.

Amma bir həqiqəti qəbul etmək lazımdır ki, vətəndaş həmrəyliyi ifadəsinin və bu adlı partiyanın sahibi bizik.

Gün.Az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı dilə gətirib.

Onun sözlərinə görə, vətəndaş həmrəyliyi ifadəsindən, hətta hakim partiya da son seçkilər zamanı istifadə edib.

“Ona görə hesab edirəm ki, siyasi partiyalarla bağlı qanunda bir partiyaya məxsus olan siyasi ifadələrin başqa partiyalar tərəfindən istifadəsinə qadağa qoyulsun”.

Bundan başqa, S.Rüstəmxanlı hesab edir ki, siyasi partiyaların dövlət maliyyələşməsi ilə bağlı 40%-lik rəqəm ən azı 50-60%-ə qaldırılmalıdır.

“Çünki belə olmazsa, bu gələcəkdə imkanları daha da geniş olan YAP-ın bir qədər də varlanmasına, kasıb partiyaların isə bir daha kasıblaşmasına gətirib çıxara bilər. Buna görə bu məsələyə yenidən baxılmalı və 40%-lik rəqəm 50-60%-lik rəqəmlə əvəz olunmalıdır”.

Comments are closed.