VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı keçirdiyi son görüşlər və hadisələrlə bağlı mətbuat xidmətinə qısa müsahibə verib.

 Müsahibəni təqdim edirik: 

 – Sabir bəy, may ayında bir neçə səfəriniz və görüşləriniz oldu. Bunların hamısının bu aya planlaşdırılması təsadüf idimi?

 – Hələ may ayı bitməyib və növbəti səfərimiz də var. Bilirsiz, may ayı həmişə olduğu kimi siyasi və iç hadisələrin sıxlığı ilə seçilir. Bunun bir səbəbi milli tariximizin bir sıra hadisələrinin bu aya bağlı olmasıdır. Digər səbəbi də dərs ilinin tamamlanması, yay istirahətindən öncə hamının öz işlərinə yekun vurmaq istəyidir. Bu ayın əvvəlində Azəri-Türk Qadınlar Birliyi ilə bərabər ənənəsini qoyduğumuz Türkçülük Bayramını yüksək səviyyədə keçirdik. Bu dəfə bayrama nisbətən az tanıdığımız, əlaqələrimizin zəif olduğu türk yurdlarından – saka, Dağlıq Şor, Dağlıq Altay və sairdən qonaqlar dəvət edilmişdi. Qırğızıstan, Türkiyə və Azərbaycanın tanınmış sənətçilərini də bura əlavə etsək, bayramın qeyri-adi dərəcədə əlvan mənzərəsini təsəvvür etmək olar. Bayrama olan marağı göstərən bir fakt da Türkiyənin “Bengütürk” TV-də bir həftədə onun 3 dəfə göstərilməsidir. Bu günlərdə Ankarada MHP-nin genəl başqanı Devlət Bahçeli ilə görüşümüzdə həmin proqrama iki dəfə baxdığını və çox məmnun qaldığını, Bakıda belə bir türklük şöləninin düzənlənməsindən duyduğu sevinci dilə gətirdi. 

 Bu ay həm də mərhum prezident Heydər Əliyevin doğum günü, II Dünya Savaşındakı qələbənin ildönümü, mayın 25-də Qafqaz Ordusunun Azərbaycana gəlişi ayın mühüm hadisələrindəndir və hər biri ilə bağlı müxtəlif tədbirlərə qatıldıq. Üstəlik, bu ay VHP-nin Ali Məclisini də keçirdik. Rayon təşkilatları ilə birgə ölkədəki siyasi vəziyyəti və VHP-nin durumunu müzakirə etdik. 

 

Həyatımın unudulmaz hadisəsi oldu

Ən unudulmaz günlərdən biri qızım Aydanın ad günümlə bağlı sürprizi idi. Oxuduğu Xəzər Universitetinin tədbiri adı ilə məni dilə tutub Beynəlxalq Mətbuat Mərkəzinə aparmışdı. Amma mən orda bir çox sənət dostlarım və ədəbiyyat adamları ilə rastlaşanda təəccübləndim və sonra məlum oldu ki, ad günümlə bağlı tədbirdir. Çox səmimi çıxışlar öz yerində, həm də mənim şeir və mahnılarımdan ibarət disk təqdim olundu. Onları da Aydan məndən xəbərsiz hazırlatdırmışdı. 

Sonrakı günləri Türkiyədə, Özbəkistanda və Qazaxıstanda keçirdim. Türkiyədə Ankara Hacəttəpə Universitetində 3 gün ərzində “Oğuz dilləri, mədəniyyətləri və tarixləri” mövzusunda son dərəcə maraqlı türk araşdırmaları simpoziumu keçirildi. Simpoziumun məruzəçilərindən biri də mən idim və “Tarixə yazıçı baxışı; bizə tarixşünaslıq lazımdırmı” mövzusunda çıxış etdim. 

 

“Xarici qüvvələrin əlində sir olan…”

Türkiyədə uzun illərdən bəri çox səmimi dostluq münasibəti ilə bağlı olduğum MHP başqanı D.Bahçeli ilə görüşərək seçimdən sonrakı Türkiyədə vəziyyət, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı müzakirə apardıq. Maraqlı məqamlardan biri də D.Bahçelinin Türkiyə ilə münasibətdə qeyri-səmimi olan, gah bu, gah da digər partiyaya mədhiyyə deyən, xarici qüvvələrin əsiri olan və milliyyətçi təfəkkürdən uzaq ola-ola milliyyətçi cildində danışanlar barədə fikirləri oldu. Bu fikirlər onun Azərbaycanda gedən prosesləri və siyasi iddialarla ortaya atılan adamları ciddi izlədiyini göstərirdi. 

Ankara görüşlərinin mühümlərindən biri də Türkiyənin ən böyük həmkarlar təşkilatı olan Türk Kamusen yönətiçiləri və başqan İsmayıl Koncukla görüş oldu. İ.Koncuk azsaylı adamlardandır ki, Ankaraya hər səfərimdə onunla görüşməyi özümə borc sayıram və sendikanın bütün tədbirlərinə qatılıram.

 

– Bu ay həm də türk dünyası üçün əlamətdar olan bir hadisə – Turan şəhərinin salınması ideyasına doğru son addım da atıldı. O tədbirlə bağlı düşüncələriniz necədir?

 

– Mayın 23-də keçirildi o tədbir. Elə Türkiyədən birbaşa Daşkəndə uçduq. Qazaxıstanda Çimkənd yaxınlığında salınması düşünülən Turan şəhərində keçirilən Türkçülük Qurultayına qatıldıq. Azərbaycandan başqa dostlar da gəlmişdi. Qurultayda Turançı təşkilatların Koordinasiya Şurası yarandı və orda məlum oldu ki, məni bu tədbirə dəvət etməkdə məqsəd KŞ-na sədrlik etmək məsuliyyətini üzərimə qoymaqdır. Ancaq işlərim çox olduğu üçün təəssüf ki, imtina etmək məcburiyyətində qaldım. 

 

Orda həyatımın unudulmaz günlərindən birini yaşadım. Birinci gecə Ankara-İstanbul-Daşkənd-Çimkənd yolunu keçsək də, qurultayın coşğun türk ruhu və hər tərəfdə üzümüzə vuran tariximizin havası yorğunluğumu unutdurdu. Ən önəmlisi qurultayda hətta muxtariyyəti olmayan türk xalqlarının böyük fəallığı, birliyi, çağdaş türk tarixinin ən uzaq səhifələrini böyük millətlərə xatırlatmaları idi. Geyimlər, ləhcə, musiqi türk coğrafiyasının və mədəniyyətinin sonsuzluğundan xəbər verirdi… 

 

May ayının bu qədər yüklü olması sanki ona görədir ki, ömrümüzdən bir ilin də getdiyini bilməyək.

Comments are closed.