“Allah onu deputat kimi ağ atın belinə qaldırıbsa, yanından gedən piyadalara biganə baxmamalıdır”

Aprelin 12-də onun 60 yaşı tamam oldu – yubileyidir. Zəng edib bu barədə danışmaq istədiyimizi deyəndə həm təəccübləndi, həm də özü demişkən, Lent.az-ın bu zəngi onun üçün “ən böyük hədiyyə oldu”.

Fəzail Feyruz oğlu İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində doğulub. Orta təhsilini başa vurduqdan sonra, 1969-cu ildə Bakıya gəlib. Elə həmin ildən 1973-cü ilədək Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirib, təyinatla ata-baba yurdu Yardımlıya göndərilib. 1973-1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1977-79-cu illərdə hərbi xidmətdə olan Fəzail müəllim 1979-82-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant, 1982-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. İndi də BDU-nun Azərbaycan Tarixi kafedrasının professorudur. 1986-cı ildə namizədlik, 1998-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Bir monoqrafiya, bir kitab, bir dərslik və 60-a qədər elmi əsərin müəllifidir. Siyasi fəaliyyətinə gəldikdə, Fəzail müəllim 1989-cu ildən 1991-ci ilədək Azərbaycanın müstəqilliyi uğrunda aparılan siyasi mübarizədə də iştirak edib. 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. O, 2000, 2005, 2010-cu illərdə keçirilən parlament seçkilərində 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2006-cı ildən də Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

– Fəzail müəllim, Sizi təbrik edirəm. Özünüzü necə hiss edirsiz, 60 yaş hiss olunur?

– 60 yaş az deyil, amma mən özümü o yaşda hiss etmirəm. Həmişə tələbələr, gənclər arasında olan insanam. Belə bir həyat yaşayan insan heç özünü necə hiss edər?

Mən onu tələbəlik illərimdən tanıyıram. O zaman tarix fakültəsində bir dostumun oxuduğu qrupa dərs deyirdi. Həmişə də görürdüm ki, auditoriyada bəs eləmirmiş kimi ya kafedrada, ya da dəhlizdə əsasən də tələbələrlə nəyi isə geniş müzakirə edir. O zaman da millət vəkili idi və hətta o vaxt mənə elə gəlirdi ki, məhz deputat olduğu üçün kütlə arasında çox görünür. Lakin digər parlament üzvlərinin fəaliyyətini müşahidə etdikcə bu fikirlərimin yanlış olduğunu anladım. Ona görə də onun əziz günündə belə illərdir hər onu görəndə xatırladığım sualı bu dəfə özümdə saxlaya bilmədim:

– Fəzail müəllim, birdən bu kütlə arasında Sizi tanımayanlardan biri kimliyinizlə maraqlansa, özünüzü necə təqdim edirsiniz?

– O qədər ağıla gəlməyən yerlərdə o suala rast gəlmişəm. Amma cavabım qısa olur: adım Fəzaildir, özüm də universitetdə tarix müəllimiyəm.

– Niyə?

– Ona görə ki, müəllimlik mənim alnıma yazılan sənətimdir. O mənim ömür-gün yoldaşımdır. O mənim ruhumu tənzimləyir, o sənətin yolu ilə mən bu gün millətimin bir hissəsinin vəkiliyəm. Bu amalla indi özümü daim universitet auditoriyalarında, daim gənclərin arasında, halal adamların arasında hiss edirəm və daim etmişəm. Bunlar məni gəncləşdirir.

Fəzail müəllim deyir ki, özünü nə qədər cavan hiss etsə hər ötən il içində ona “səndən getdim” – deyə pıçıldayır. Sadə kəndli ailəsində doğulub. Bu illərin çox hissəsini, özü demişkən, səssiz-küysüz yola salıb, dünyadan xəbəri olmayıb: “Məsələn, əgər o illəri yenidən mənə qaytarsaydılar, indiki şəraitlə o fürsət yenə məndə olsaydı, mən bəlkə də indi ən məşhur idmançısı olardım, Avropa dillərindən ən azı ikisini mənimsəyərdim. Amma təəssüf ki, ömrümün əsas hissəsinin keçdiyi Sovet dövrü, o dövrdə də ucqar rayonda qapalı həyat tərzim bunu vaxtında dərk etməyimə imkan verməyib.

– Gənclik illərindən çox narazısınız…

– Narazıyam deməzdim. Sadəcə təmtəraqlı keçməyib. Başım daima oxumağa, elmə qarışıb. Ailəmin maddi durumu da heç buna imkan vermirdi ki, o vaxt bəzi yaşıdlarım kimi sanatoriyaları, kurortları gəzim. Mən daim gəzməkdə olan, kef əhli olan insan olmamışam. Heç hərbi xidmətim də elə səs-küylü olmayıb. İstəmirəm bu narazılıq kimi qələmə alınsın, amma gəncliyim çox qayğılı keçib. Bəlkə də elə o vaxtdan hər cür təsəllimi elmdə, kitabda tapmağım sonda gətirib məni müəllim etdi.

Həmsöhbətim deyir ki, əslində indiki gənclərin əksəriyyətinin yaşadığı səs-küylü həyat tərzinə baxanda keçirdiyi qayğılı gəncliyini hərdən özü şərəfli bir həyat məktəbi kimi xatırlayır. Bu gün əməksevər olduğu üçün elə o gəncliyinə minnətdar olduğunu deyir: “Bu yaşıma qədər həyatda nə varsa özüm qazanmışam. Bu yaşıma qədər, bu mövqeyimə qədər kimsə mənə deyə bilməz ki, mənim qazandıqlarımda zərrə qədər əməyi olsun. Yaxşı müəllimlərim, yaxşı özümdən böyük, amma səmimi münasibətlərini gördüyüm insan da olub. Amma heç kim mənim həyatda qazandıqlarıma şərik deyil: “Dediyim kimi, babam repressiya qurbanı olduqdan sonra Sovet hökuməti əksər ailələr kimi bizim ailəyə də qısqanc yanaşıb. Ailəmiz bəraət alandan sonra çalışmışıq verilən şanslardan istifadə edib, ancaq öz əməyimizlə həyatımızı quraq. Ailədə doqquz uşaq olmuşuq. Məndən başqa iki qardaşım da professordur. Bir qardaşım Tibb Universitetinin professorudur, özümdən böyük bir qardaşım da Permdə Kənd Təsərrüfatı Akademiyasının professorudur. Hamımız elmə bağlanıb bu səviyyəyə gəlib çatmışıq, heç kimin köməyi olmayıb, bir-birimizə həyan ola-ola bu günə gəlib çatmışıq”.

Fəzail müəllim deyir ki, müxtəlif vaxtlar da, xüsusən də son illər həyat ona fürsət versə də heç vaxt vəzifədə olmaq istəməyib. Yeganə arzusunun Bakı Dövlət Universitetində müəllimlik olduğunu deyən deputat, özünü arzusu ürəyində qalmış insanlardan hesab etmir: “Siyasi fəaliyyətim isə sadəcə Allahın qisməti kimi qəbul edirəm, o qədər də şişirtməyə ehtiyac da görmürəm”.

– Ailə həyatında da arzusu gözündə qalan insanlardan deyilsiz?

– Xoşbəxtlikdən burada da bəxtim yanımda olub. Ümumiyyətlə, mən qayğılı ömür keçirsəm də heç vaxt bəxtim məni tək buraxmayıb. Övladlarım baxımından da bunu deyə bilərəm. Ən azı mənə əziyyət vermədən həyatda ali təhsil sahibi olublar. Axı mənim üçün təhsil, elm bənzəri olmayan bir hadisədir. Bəxtimdən razıyam ki, övladlarım mənim gəncliyimdən fərqli olaraq qayğısız yaşadıqları gəncliklərində ailəmin ənənəsini unutmadılar, elmə üstünlük verdilər. Qızlarım Sevinc, Ülviyyə, oğlum Tural əlaçı tələbə olublar. Tural hüquq fakültəsini bitirib, ixtisası üzrə işləyir. Qızlarım isə Dillər Universitetində təhsil alıblar. Yoldaşım ailə qurandan işləməyə imkan tapmadı. Bilirsiniz, mənə elə gəlir ki, ana övladlarına ana adının müqəddəs olduğunu əməli ilə göstərməlidir. Bu mənada mən istəyimə çatmışam.

Həmsöhbətim deputatlıq fəaliyyətindən də danışdı. Deyir, onun üçün millət vəkili missiyası ondan ibarətdir ki, təmsil etdiyi dairənin seçiciləri ilə ünsiyyətdən ayrılmamalıdır. Deputat onu seçənlərin elçisidir, əgər o elçisi olduğu insanları qapısında gözlədirsə, telefon zənginə cavab vermirsə, bölgəsinin problemlərini parlamentdə qaldırmırsa, deməli, missiyasına xəyanət edir: “Ən əsası da millət, Vətən, dövlət məfhumu deputat üçün şablona çevrilməməlidir. Onun məsuliyyətini hiss etməlidir. Millət vəkili “yaxa cırmaq”la fikrini çatdırmamalıdır, səviyyəsini elə gözləməlidir ki, onu hər yerdə saysınlar. Ziyalı olmalıdır, əgər Allah onu deputat kimi ağ atın belinə qaldırıbsa, yanından gedən piyadalara biganə baxmamalıdır. Elə vaxt olur mən gün ərzində 10 dəfə seçicilərim ilə əlaqə saxlayıram. Bəzən onlar parlamentə gəlirlər, bəzən elə hal olur ki, özüm rayona getməyi məqsədə uyğun hesab edirəm və s. Təmsil etdiyim regionun əksər xeyir-şərində, yığıncaqlarında mən daim iştirakçıyam. Hesab edirəm ki, hər bir deputat il ərzində gördüyü işlər ilə bağlı seçiciləri ilə ildə bir dəfə belə kütləvi görüş keçirməlidir. Hansı ki, mən bunu hər il edirəm.

– Bu missiyada yorulmamısınız?

Həvəslə cavab verdi:

– Çətindir, amma yorulanda birinci özüm deyəcəm. Hələ millətim üçün, fəaliyyətim üçün arzularım böyükdür.

Mübariz Aslanov
Lent.az

Comments are closed.