Bu məktubu Arazın o tayında, Azərbaycanın güneyində – Təbrizdə, Ərdəbildə, Urmiyədə, Zəncanda, Qəzvində, Həmədanda, Tehranda, Qumda və İran adlanan ölkənin bütün ərazilərində yaşayan Azərbaycan türklərinə, əziz bacı və qardaşlarıma müraciətlə yazıram…

Əziz bacılar və qardaşlar!

Vətənimizi ikiyə bölən sərhəd məftilləri bizim dədə-baba yurdlarımızın yaxınlığından keçirdi. Aydın havada Savalanın qarlı zirvələriylə üz-üzə dayanır və Ərdəbilin içini görürdük. Sərhəd bir az şimaldan keçsə bizim kəndlər də o tayda qalacaqdı. Buna görə də özümü nə qədər Quzeyli sayıramsa, bir o qədər Güneyliyəm.

Üstəlik yaşım da, keçdiyim mürəkkəb həyat yolu da bu məktubu yazmağıma mənəvi haqq verir…

Rusiya ilə Qacar səltənəti arasındakı savaşlardan sonra 1928-ci ildə bağlanmış Gülüstan müqaviləsi ilə ikiyə parçalansaq da, bu siyasi bölgü bizi heç vaxt ayıra bilməmişdir; eyni ləhcəylə danışır, eyni acıları yaşayır, eyni mahnıları oxuyur, eyni ağılara ağlayırıq…

Qismət olub, dünyanın bütün qitələrinə səpələnmiş soydaşlarımızla görüşdüyüm kimi, Güney Azərbaycanı da gəzmiş və Allahımıza şükür eləmişəm ki, 200 il ərzində ayrı-ayrı şərtlər altında yaşamaq bizi bir-birimizdən uzaqlaşdıra, yadlaşdıra bilməmişdir. Bu 200 ildə Şimalda çar Rusiyası ana dilimizi yasaqlamış, adımızı dəyişərək bizə gah «tatar», gah «müsəlman», gah da yaşadığımız ərazilərin adıyla «azərbaycanlı» söyləmişdir. Ərazilərimizi əlimizdən alaraq, İrəvan xanlığını, Zəngəzur, Göycə mahallarını gəlmə ermənilərlə dolduraraq Ermənistan vilayəti və sonralar respublikası qurmuş, 5500 ildən artıq yaşı olan qədim şəhərimiz Dərbəndi isə ətrafı ilə Rusiyaya qatmışdır.

Sovetlər dönəmində də türk düşmənçiliyi siyasəti davam etdirilmiş, ağlasığmaz fiziki və mənəvi qırğınlara məruz qalmışıq. Min dörd yüz ilə yaxın işlətdiyimiz ərəb əlifbasını öncə kiril, sonra latın hürufatıyla dəyişərək, türk xalqlarının hər birinə ayrıca əlifba icad etmiş, yazı dilimizi ikiyə bölməklə, Quzeyə və Güneyə ayrı-ayrı hürufat qəbul etdirməklə aramızda keçilməz mədəni-mənəvi uçurumlar yaratmağa çalışmışdır…

Çar Rusiyası və Sovetlər Birliyinin qanlı əlləri vaxtaşırı Azərbaycanın güneyinə də uzanmışdır. Rusiyanın silahlandırdığı ermənilər 1918-ci ildə Səlmasda, Xoyda, Urmiyada 150 minə yaxın güneyli bacı-qardaşlarımızı amansızlıqla qırmışlar. Böyük xalq qəhrəmanları Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin, Seyid Cəfər Pişəvərinin milli azadlıq mübarizələri də məhz Rusiyanın və dünya imperializminin müdaxiləsi ilə qanında boğulmuşdur…

Türk dünyasını parçalamaq istəyən böyük güclərin yardımıyla keçən əsrin 20-ci illərində İranın min illik türk hakimiyyəti devrilib farslara təslim edildi və bu qədim türk yurdunu tədricən Farsistana çevirmək siyasətinə rəvac verildi. Pəhləvi rejiminin və islam cümhuriyyəti başçılarının apardığı assimliyasiya siyasəti indi də davam edir və ildən-ilə genişlənir.

Bütün bunlara baxmayaraq biz varıq və yaşayırıq! İran adlanan ölkədə 35, Azərbaycan Respublikasında 10 milyonuq! Bir neçə milyonumuz da dünya ölkələrinə səpələnmişdir!..

Bu bölgədə farsların, ermənilərin gəlişindən çox-çox əvvəllərdən yaşayan və 5-6 min illik tarixi olan, son minildə İranı birləşdirib böyük dövlətə çevirən, Səlcuq, Atabəylər, Qaraqoyunlar, Ağqoyunlar, Səfəvilər dövlətlərini quranlar bizik. Azərbaycan türkləri!

Lakin bu gün tarixlə öyünmək zamanı deyil!

Bu günümüzə və gələcəyimizə baxmalıyıq!

Baxmalıyıq və düşünməliyik!..

Biz ya kənar qüvvələrin və türk düşmənlərinin bizi düşürdüyü durumla barışaraq, başqalarına xidmət göstərərək param-parça bir şəkildə məhvə doğru gedəcəyik, ya da iradəmizi, ağlımızı, gücümücü ortaya qoyaraq öz tarixi coğrafiyamızda azad gələcəyimizi qurmaq uğrunda Vahid, Müstəqil, Bütöv Azərbaycan uğrunda mübarizə aparacağıq!

Ya əsarətə boyun əyərək, adımızı, dilimizi unudaraq, atalarımızın qəhrəmanlıq ruhuna xəyanət edərək farslaşıb yox olacağıq, ya da «yetər, bizi məhv edə, varlığımızı, kimliyimizi, ruhumuzu əlimizdən ala bilməzsiniz!» deyib ayağa qalxacağıq! Başqa yol qalmamışdır!

Əziz bacılar və qardaşlar!

Böyüklərimizdən birinin gözəl sözü var!

Vətən ibarətdir vətəndaşlardan! Yəni bizim mövcudluğumuz kimlərinsə iradəsinə yox, hər birimizin qeyrətinə və milli ləyaqət duyğusuna bağlıdır!

Bu gün bütün türk-islam dünyasının üzləşdiyi irticanın ilk zərbəsi Azərbaycana dəymişdir.

1988-ci ildə Azərbaycanın Sovetlər Birliyindən ayrılıb müstəqil dövlət qurmasına mane olmaq üçün Moskva hakimiyyəti Ermənistanla Azərbaycan arasında yeni bir iğtişaş saldı.

Rusiyanın yardımıyla Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonumuz – Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam Ermənistan tərəfindən işğal edildi.

Ermənistandan və işğal olunmuş ərazilərimizdən bir milyondan artıq azərbaycanlı qovularaq, evsiz-eşiksiz qoyuldu. 30 min nəfərdən artıq şəhid verdik. On minlərlə gəncimiz şikəst oldu. Düşmən əlində qalan minlərlə şəhər və kəndimiz dağıdıldı, mədəniyyətimiz, tarixi abidələrimiz, qəbiristanlarımız məhv edildi.

Bütün bu maneələrə baxmayaraq 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və xoşbəxtəm ki, mən də o müstəqillik aktına imza atanlardan biriyəm. Lakin ordusu və silahı olmayan gənc dövlət ərazilərini düşməndən təmizləyə bilmədi.

Ona görə ki, Ermənistana yardım edənlər çox idi. Azərbaycan təklənmişdi.

XX yüzilin ən böyük faciələrindən olan Xocalı soyqırımı, 7 min əhalisi olan şəhərin bir gecədə dağıdılması, yüzlərlə qadının, uşağın, yaşlı adamın amansızlıqla məhv edilməsi məhz rus hərbi hissəsinin yardımının nəticəsiydi.

Bu gün Ermənistan Respublikasına başçılıq eləyənlər həm də o qırğınlara başçılıq eləmişdilər və əlləri azərbaycanlının – müsəlmanın qanına bulaşmış terrorçu canilərdir.

Rusiyanın mövqeyi anlaşılandır. İki yüz il öncə Qafqaza sahiblənmək, İranı və Tüırkiyəni hədəfə götürmək üçün Ermənistanı özü yaratmışdı, indi də idarə edir, ordusu ordadır, Ermənistan iqtisadiyyatını tam ələ keçirmişdir.

Ancaq bizi ağrıdan İranın mövqeyidir! Dildə özünü islam cümhuriyyəti elan edən ölkə 22 ildir terrorçu xristian dövləti olan Ermənistanı bəsləməkdə, ona yardım etməkdədir. 50-dən artıq müsəlman ölkəsini birləşdirən İslam Konfransı Təşkilatı Ermənistanı işğalçı kimi tanımışdır, həmin qərara İran da səs vermişdir. Lakin eyni zamanda işğalçının əsas himayədarlarından biri də məhz İrandır.

Birləşmiş Millətlər Təşkilatı Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Dünyanın bütün böyük dövlətləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq bu, İranı ilgiləndirmir.

Bu necə islam vəhdəti, müsəlman həmrəyliyidir?! Bunu hansı insanlıq qanununa, qonşuluq, dinc yanaşı yaşamaq ənənələrinə aid etmək olar?! Belə ikiüzlü siyasətin adı nədir?

Bir Azərbaycan aydını olaraq bu barədə fikirlərimi İranın ali dini rəhbəri ağaye Seyid Əli Xameneyiyə ünvanlandığım məktubda da yazmışdım!

Deyəcəksiniz bu dövlətin siyasətidir, biz müdaxilə edə bilmərik!

Bizi də qınaya bilərsiniz. Vaxtilə biz də Moskva siyasətinə təsir göstərə bilməmişik. Çünki biz SSRİ əhalisinin yüzdə iki faizindən artıq deyildik. Amma İranın yarısı türkdür. Ali dini rəhbərinizdən tutmuş bir sıra mühüm dövlət idarələrinə başçılıq edənlər də türk-azərbaycanlı qardaşlarımızdır. Eləsə, bu necə qardaşlıqdır?

İran bir milyon müsəlmanın – sizin qardaşlarınızın faciəsini görə-görə sizin torpaqlarınızın üstündən Ermənistana qaz verir, sizin yollarınızla Ermənistana ərzaq daşıyır, sizin tacirləri Ermənistan bazarlarına yönəldir.

Necə yemək olar o qanlı əllərdən alınan çörəyi?

İran rəhbərləri bizi sevmirlərsə, sevməsinlər. Bəs, sizləri niyə adi insan haqlarından məhrum etmişlər; niyə sayı cəmi 100-150 min olan erməninin İranda hər şeyi – ana dilində məktəbi, qəzeti, radiosu, televiziyası var, ancaq siz öz dilinizdə oxuya bilmirsiniz? Siz ki İranın öz vətəndaşısınız! Bəs, İranın qəzetləri, televiziyası sizi niyə aşağılamalı, təhqir etməli, uzunqulaq, böcək karikaturalarıyla insani və milli ləyaqətinizi alçaltmalıdır? Buna nə ad verir və necə dözürsünüz?!

Vaxtilə İranın köhnə xarici işlər naziri cənab Xərrazi «ermənilər bizim qan qardaşımızdır!» deyirdi.

Harda və nə zamandan qardaş olublar, özləri bilər, ancaq onda gərək İranın içində din qardaşlığından danışa-danışa azərbaycanlıların başının altına yastıq qoymağa çalışmasınlar. Çünki həm işğala məruz qalan azərbaycanlı ilə, həm də 1 milyon müsəlmanı yurdundan didərgin salmış işğalçı erməni ilə qardaş olmaq mümkün deyil.

«Dovşana qaç, tazıya tut!» demək İranın köhnə siyasətidir. Biz İrana müsəlman-qardaş gözüylə baxaraq, qonşuluq münasibətlərini qorumağa çalışmışıq. Müstəqil Azərbaycan Respublikası rəsmi qonşuluq münasibətlərini yüksək səviyyədə qorumaq üçün İranın yalanlarına da göz yumub. Hətta BMT-də insan haqlarının vəziyyəti müzakirə edilərkən Azərbaycan Respublikasının nümayəndəsi «İranda insan haqları pozulmur!» deyə səs vermişdi. Halbuki bunun belə olmadığını rəsmi daiərələrimiz də bilir. Güneydən Bakıya oxumağa, işləməyə gələn soydaşlarımız üçün şərait yaradılmır. Azərbaycan Respublikası onları tələm-tələsik xaricə ötürür. İrandan ehtiyat edir.

Bu, rəsmilərimizin yanlış siyasətidir. Lakin mən hakimiyyət nümayəndəsi deyiləm! Bir ziyalı və sizlərdən biri kimi danışram.

Əziz bacı və qardaşlar!

Son vaxtlar İran İslam Cümhuriyyətinin Azərbaycan və Ermənistana münasibətindəki saxtakarlıq və ermənipərəstlik daha intensiv xarakter almışdır.

Ermənistana qardaşlıq müamiləsi yapıldığı halda, Azərbaycan Respublikasının daxili işlərinə qarışmaq səviyyəsində bəyanatlar verilir. Ermənistana iqtisadi yardım artırıldığı halda, Azərbaycanın dövlət atributlarını təhqir edən yazılar, verilişlər uc-uca calanır.

İran siyasi dairələrində və mətbuatında antiazərbaycan təbliğatı getdikcə daha sistemli bir şəkil alır. Başa düşmürük, onlar Azərbaycanı söyə-söyə öz əhalilərinin yarısının azərbaycanlı olduğunu bilmirlər, yoxsa elə düşünürlər ki, sizi o qədər əziblər, milli duyğularınızı o qədər unutdurublar ki, daha heç vaxt səsiniz çıxmayacaq?

Xordad hərəkatını, «haray, haray, mən türkəm!», «Bakı, Təbriz, Ankara, fars hara, biz hara!» nidalarını nə tez unutdular?! Niyə nəzərə almırlar ki, Qarabağ həm də sizin torpağınızdır! Nəzərə almırlar ki, Azərbaycanın şərəfi həm də sizin şərəfinizdir! Niyə unudurlar ki, Ermənistan həm də Qərbi və Şərqi Azərbaycan ostanlarının ərazilərinə göz dikib və imkan olsa sizləri də məhv edər!..

İran böyüklərinin bir ayağı İrəvandadır. İranın cənab cümhurbaşqanı Ermənistan prezidentinin Azərbaycan-müsəlman qanına bulaşmış əlini elə sıxır, onunla elə qucaqlaşır ki, sanki ona Azərbaycanda törətdiyi cinayətlərə görə təşəkkürünü bildirmək istəyir.

Azərbaycanda İslam Partiyasının sədri həbs olunanda İrandan Azərbaycan prezidentinə qarşı səslər yüksəlir… Hər hansı insanın, müsəlmanın haqsız yerə həbsini biz də istəmirik və illər uzunu bu yolda mübarizə aparmışıq, lakin Azərbaycan Respublikasının gözündə qılı görən qonşu siyasətçilər İranın gözündəki tiri niyə görmürlər? Onlar İran zindanlarını dolduran və bir qismi tam siyasi düşüncəsinə, ədalət, həqiqət, haqq, insanlıq, qanun tələb etdiyinə görə həbs olunmuş öz müsəlmanlarını, hər cür zülmə məruz qalanlarınızı, orta əsrlərin cəhalət üsullarıyla cəzalandırılanlarınızı, asılanlarınızı, daşqalaq edilənlərinizi görmürlərmi?

Görmürlərmi ki, dünya tarixində şərəfli yeri olan, böyük mədəniyyət ocağı sayılan İranın özünü bu gün nəhəng bir zindana çevirmişlər?!

Bilmirlərmi, bir millətin dili, məktəbi əlindən alınanda, öz adını, milli kimliyini mühafizə edə bilməyəndə onun həbsxanaya atılanlardan heç bir fərqi qalmır?!

Anlamırlarmı, müsəlmanların hüquqlarını müdafiə etmək kimi dəyərli bir işlə məşğul olmaq istəyənin özündə də gərək bir müsəlman əqidəsi, müsəlman təəssübkeşliyi olsun?!

Bir tərəfdən işğalçıya, terrorçuya, müsəlman düşməninə əl tutub, yardım edib, o biri tərəfdə müsəlmanlıqdan dəm vurmaq – müsəlmanlıq deyil, böyük islam dinini siyasətin alətinə çevirməkdir. Bunu bilmirlərmi?

İran neçə illərdir ki, haqlı olaraq Fələstin xalqının hüquqlarını müdafiə edir, Yaxın Şərqin məzlumlarına, əzilən müsəlmanlarına yardıma çalışır. Belə olan halda, onun terrorçu və işğalçı Ermənistana dəstək verməsi hansı məntiqə sığır?

Axı, bir milyon Qarabağ qaçqını da müsəlmandır! Necə olur, İran Yaxın Şərqdə müsəlmanların düşməniylə mübarizə aparır, ancaq qonşuluğunda Qarabağ müsəlmanlarının düşməninə qardaş deyib hər cür yardım edir?

İran hakimiyyətinin Azərbaycanı və azərbaycanlıları adam yerinə qoymamaq siyasəti o yerə çatıb ki, düşmənə yardımı məhz azərbaycanlıların və sizlərin əlinizlə edir. İndi də Təbrizdən İrəvana neft kəməri çəkiləcək! Buna deyərlər adamın və ya millətin üzünə tüpürmək! Terrorçu Ermənistanla körpülər sizin ərazilərinizdə tikilir, erməniyə yardım sizin yollarınızdan keçir, terroçuya neft də sizin qəhrəman Təbrizdən çəkiləcək!

Erməniyə güc verirsiniz ki, Arazın bu tayında qardaşlarınızın işğal olunmuş ərazilərində daha çox məskunlaşsın, daha ürəklə vuruşsun və bir milyon bacı-qardaşlarınız daha sürətlə qırılsın?

Hardasan ey Şərqin böyük Azərbaycanı?

Hardasan ey əcdadlarımızın böyük ruhu?

Hissiyatsız yazmaq olmur! İnciməyin!

Biz bu gün qurd ağzından salınmış quzu kimiyik. Yeni-yeni özümüzə gəlirik. İnşallah, güclənəcəyik, yaralarımızı sağaldacağıq. Ədalət, demkoratiya tam bərqərar olacaq!

Ancaq qoy bir yara da öz qardaşlarımızın əliylə vurulmasın!

Əziz yurddaşlarım!

Bu gün tarix misli-bərabəri olmayan bir saxtakarlıqla üz-üzədir. İranda yaşayan bütün xalqların sərvəti – mənəvi və tarixi dəyərləri farsın adına çıxılır. Çünki dünya İrana Persiya – yəni Farsistan deyir. Bu ərazidə türkün, ərəbin, kürdün, bəlucun, lorun, türkmənin torpağın altında və üstündə tarixdən gələn və bu gün yaradılan nəyi varsa, beləcə, çox asan bir yolla farsın malına çevrilir!

Tariximizə, mədəniyyətimizə, dilimizə, adımıza, milli kimliyimizə, taleyimizə nə vaxt sahib çıxacağıq?

Əziz bacılar və qardaşlar!

Zülm və ədalətsizlik məhşərə kimi davam edə bilməz!

Dünyada ağalıq eşqinə düşənlərin əməllərinin bumeranq kimi öz başlarına dəydiyini tarix yüz dəfələrlə görüb, yenə görəcək!

Ancaq Allah deyir, səndən hərəkət, məndən bərəkət!

İraqın, Əfqanıstanın taleyi göstərir ki, xoşbəxtliyi, demokratiyanı, ədaləti kənardan gözləmək gülünc və xəyanətdir.

Biz heç bir ölkənin kənar qüvvələr tərəfindən işğalını, demokratiya adı altında param-parça edilməsini, on illər sağalmayacaq etnik çatışmalar burulğanına atılmasını istəmirik.

Ancaq əmir, şah, kral, şeyx, ayətullah, prezident, baş nazir adı altında müsəlman dünyasına hakim kəsilmiş despotizmin, tirançılığın, qanunsuzluğun, milli və insani haqların tapdalanmasının da bir sonu olmalıdır və olacaq!

İslam dünyası da Avropa kimi insan haqlarının, milli kimliyin qorunduğu, sərhədsiz, azad məkana çevriləcək.

Müqəddəs «Qurani-Kərim»i diqqətlə və ağılla yenidən oxusaq görərik ki, islamın böyüklüyü xalqları 1400 il geriyə, orta əsrlər cəhalətinə çəkməkdə deyil, gələcəyə yönəltməkdədir.

Çünki «Qurani-Kərim» gələcəyin yol göstərənidir, azadlığı, insan şəxsiyyətini, ədaləti, bərabərliyi, yəni bu gün Qərbin söykənib ucaldığı bütün qanunlardan daha artıq dəyərləri insanlığın təməl prinsipləri hesab edən bir kitabdır.

İranda və bir sıra müsəlman ölkələrində isə din adı altında pərdələnib irqi, şovinist maraqlarını güdür, bütöv xalqları öz içində əritməyə çalışırlar.

İnanın ki, din pərdəsi altında bu cür məkrlə gizlənməyin gələcəyi yoxdur!

Biz də bu inamla yaşayırıq! Torpaqlarımızı erməni işğalından təmizləyəcəyimizə, tarixi ərazilərimizdə Bütöv, Azad, Demokratik, İnkişaf etmiş bir Azərbaycan quracağımıza inanırıq!

Bunun yolu hər bir azərbaycanlının şüurundan və qeyrətindən keçir!

Güneydə də, Quzeydə də!

Comments are closed.