Nəsimi Şərəfxanlı

“Sonun yoxdur çevrilməsən Turana, Vətən…”

Bu çağacan yaşanılan dastanlardan artıq bir dastan yazılası olsa, heç şübhəm yoxdur ki, bu sözlərdən sonra “Azərbaycan” deyiləndə ayağa dur ki…” cümləsi yazılar və bu sözlərin içində yaşatdığı təbii ahəng dastan bitənədək dinləyicini ayaq üstə saxlamaq gücündədir.

Bəs sonra? Sonra nəğmələr də dəyişir, ahənglər də. Ortaq bir cığıra düşüb getmək mümkünsüzdür. Bir tərəfdə dupduru bulaq şırıltısı eşidilir: “Azərbaycan mayası nur, qayəsi nur ki…” Elə o an da bulaq selə dönür, nur alova: “Hər daşından alov dilli ox ola bilər…” Ardınca sel üsyana çağırır: “Qalx ayağa ya aza dol, ya tamam yan, Azərbaycan!” Elə bu üsyan içində qara bir xətt, dünyanın bütün dərd-qəmini kölgədə qoyacaq bir nalə apaydın seçilir:

“Azərbaycan, mənim tacım, taxtım oyyy,
Oyanmazmı, kor olası baxtım oyyy…”

Nə böyük ziddiyyət: bir tərəfdə mayası nur, qayəsi nur olan pak bir aləm, digər bir tərəfdə isə üsyan. Paklıq, Qəm və Üsyan. Hansı tarixçi bu üçlüyü bir araya sığışdırmaq imkanındadır?
Bu qəm ədalətsiz cəmiyyətin inkaprıdır. Bu qəm aciz, zavalı insanın əhval-ruhiyyəsi yox, qüdrətli şəxsiyyətin fəryadıdır. Bu qəm insanı alçaltmır, əksinə yüksəldir: “Sən sevgili mənim üçün ülvi bir varlıq olduğundan mən sənsiz keçən günlərimi cəhənnəm əzabı sayıram. Mən ona görə belə qəmliyəm ki, Sənin kim olduğunu duyur, səni qiymətləndirməyi bacarıram. Ona görə də mənim qəlbimi yandıran qəm kiçik, orta bir duyğu deyil, yeri-göyü titrədən bir ehtirasdır.
Ona görə də mənim ehtirasım etiraza çevrilməyə bilməz. Onsuz mən bu qəmdən xilas ola bilmərəm. Yalnız üsyan məni bu qəmdən xilas edə bilər. Mənim üsyanım da qəmim kimi coşğun, qəti, ülvidir, pakdır!”
Xalq özünün Vətən dastanını çoxdan yazıb da ona musiqi də bəstələyib. İndi bizə yalnız bu dastanı dinləmək, beləcə Vətən dünyasına qapılmaq qalır. Necə danışırıq danışaq, səsimiz bu dastanın musiqisinə uyğunlaşacaq, sözümüz bu dastanın sözlüyündən kənarda olmayacaq. Aya da çıxsaq belə yenə də Vətən dünyasının mərkəzində ruhumuzun yeri tərpənməzdir…

Azərbaycan-qayalarda bitən bir çiçək,
Azərbaycan-çiçəklər içində bir qaya.
Mənim könlüm bu dünyanı vəsf eyləyəcək,
Azərbaycan dünyasından baxır dünyaya.

Tanrı gözlə görünməz, qəlblə duyularsa Tanrıya baxışımız da bu dünyanın pəncərəsindəndir. Vətən Tanrıyla görüş yerimizdir, Tanrıya qovuşmaq məqamımızdır, “Ənəlhəq” məqamıdır. Azərbaycan dünyasında könlümüz Vətən nəğməsi oxuyur, nəğməmizin qayalarda, çiçəklərdə əks-sədası VƏTƏNdir.
Qəribədir deyilmi? Azərbaycan haqda nə düşünürüksə hamısı şeirə çevrilir beynimizdə. Azərbaycan adına hansı yandan yanaşırıqsa, şeir qapısı açılır üzümüzə. Azərbaycan xalqı şair xalqdır deyirlər. Bəzən elə şairlər özləri etiraz edirlər bu fikrə (sanki sənətlərini qısqanırlar): şair, nəğməkar, alim, mühəndis xalq olmur. Xalqın bir sahəyə qapılması artıq onun sonunun yaxınlaşdığını göstərir. Bir də axı şair deyib niyə bütöv bir xalqı kövrəkləşdirirlər? Nə isə etiraz çoxdur bu fikrə.
Biz isə anlamının bir qədər aydınlaşması üçün eyni fikri yeni biçimə salmaq istərdik. Azərbaycan özü bütövlükdə bir şeirdir. Dünyanın şeiri. Azərbaycan türkünün düşüncəsində Vətən bütünlükdə şerləşib. Azərbaycan türkü də insan olaraq öz şerinin övladıdır. Nizami bu insanı yaratdı, Nəsimi kamilləşdirdi, insanlaşdırdı, Füzuli ona sevgi dərsi keçdi, Xətai vətən uğrunda döyüşməyi öyrətdi, Vaqif dünyanın gözəllik pəncərəsini açdı onun üzünə, Sabir güldürdü, Cavid düşündürdü… və s. və i.
Azərbaycan Vətən, Azərbaycan türkü insan olaraq şerlə biçimləndi. Biz “Azərbaycan xalqı şair xalqıdır” ifadəsini bu anlamda qəbul edirik və şair olan kəsi heç də aciz bəndə saymırıq.

Demə şairinki dil davasıdır,
Şapalaq vurmağa əlimiz də var.

Kövrək bir sevgi şeri yazan əlin vurduğu şapalaq. Qəmdən doğan üsyan. Qəm və Üsyan – Azərbaycan dünyası.
Yenə də yolumuzun bayraqdarı, öncülü sözdür. Sözə üz tuturuq –  “Azərbaycan” sözünə. Yenə də bir sözün anlamı ətrafında dartışmalar, əks fikirlər, müxtəlif yozumlar və bu dartışmalar, yozumlar yersiz deyil. “Azərbaycan” sözünün həqiqi anlamının açılması bu bölgənin ən qədim tarixinə aydınlıq gətirərdi. Bu sözün tarixinin biçimlənmə dövrü və anlamı elə bir tarix dəyərindədir.
Millətlər də insanlar kimidir. Onların da özünəməxsus, yalnız özləri gedəcəkləri bir yol var. Fərq sadəcə zamandadır. İnsanlar bu yolu çox qısa bir zamanda bir neçə onillikdə gedirlərsə, millətlər əsirlər, minilliklər boyu yolun sonunda duran hədəfə doğru yürüyürlər. Böyük Dünya Tarixi millətlərin bu yürüşündən ibarətdir. Millətlər yürüşünün arasında nuru şəfəq saçan şanlı Türk Yolunda Azərbaycan türkünün Azadlıq yürüşü ayrıca seçilir:

“Qalxıb, köç eylədi Oğuz elləri,
Ağır-ağır gedən ellər bizimdir…”

“Biz, ayaqlanan Oğuz elləri, Azərbaycan yurdunun övladları qalxıb çox böyük, uzaq bir səfərə çıxmışıq. Bu səfər Vətən torpaqlarının bütövləşməsində qurtaracaq!.. Babalardan əziz bir yadigar qalan Vətən eşqini köksündə gəzdirən Azərbaycan türkləri Azadlığın işığına doğru durmadan yürüyürlər. Bu yürüşü dünyada heç bir qüvvə saxlaya bilməz!” (Əbülfəz Elçibəy).
Dünyanın Azərbaycan adlı yerində Tarixin bütöv bir minilliyinin bir adı var: Azərbaycan türklərinin Azadlıq Yolu. Çağımızda belə neçə-neçə millət var. Yola baxaraq “bir Millət Yol gedir bizdən qabaqda” – deyə pıçıldayır.
Bütün gedilən yolların Zamanın sınağından çıxmış bir qanunu var:

“Mürşidsiz heç yol bulunmaz,
“Buldum” – deyən yalan söylər”.

Hər bir yolun önündə bir yol göstərənin, başçının getməsi yoldan kənara sapınılmaması yol gedənlərin mübarizliyi və sonda Qələbəsi, hədəfə çatması üçün başlıca şərtdir. Qabaqda yol gedən Millət kimi Azərbaycan türklərinin Yol Mürşidləri Dünya İnsanlığının sayılan, seçilən şəxsiyyətlərindən olub. Ümumiyyətlə, türk mili psixologiyasında birinci kimi qəbul olunmaq çox çətin məsələdir. Bu səbəbdəndir ki, tariximizdə hökmdarın ölümündən sonra xanədan üzvləri arasında səltənət uğrunda mübarizənin baş verməməsi nadir hadisədir. Amma xanədan sahibləri, hökmdarlar Yol Mürşidi deyil. Bizim Azadlıq Yolumuzun Mürşidi olaraq tarixdən seçəcəyimiz şəxsiyyətlər Milli Hədəfə çatma baxımından “güclü və haqlı” olanlardır.
Azərbaycan Azadlıq Mücadiləsinin başlanğıcından bu günədək keçilən Azadlıq Yoluna ötəri baxışdan öncə bu Yolun tarixi şüarını xatırlamaq yerinə düşər:

“Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım,
Hansı çılğın mənə zəncir vuracaqmış?! Şaşarım”…

Türk üçün Azadlıq millət kimi var olmanın təməl şərtidir. Sonunda Azadlıq, Milli İstiqlala qovuşma duran Azadlıq Yolu da elə bu təməl şərtin pozulmasından başlayır. Azadlığa təcavüz onun uğrunda vuruş yaradır. İnsanın maddiyyata tamah gücü biri digərindən üstün olma istəyi ilə birləşib müharibə adlı şər əyləncəsi yaradandan bəri Azərbaycan Azadlığı təcavüzdən kənar olmayıb. Azadlığı müqəddəs bilib onu təcavüzü heç cür qəbul edə bilməyən Azərbaycan türkü dünyanın bu yol sapınmasına qarşı illər boyu susdu, susdu və yüzilliklərlə yığılan səbr kasası ötən minilliyin sonuna doğru daşdı.
Babək Xürrəmidin “Qırx il kölə, qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır” deyərək, mili əsarətə, şər imperiyasına üsyan etdi. Babək özünə qədərki tarixə söykənib yeni bir tarix başladı: Azərbaycan Milli İstiqlal Mücadiləsi Tarixi, Azərbaycan Türk Dövlətçilik Tarixi. Babək ilk Bütöv Azərbaycan Türk Dövlətinin qurucusu, Böyük Azadlıq Yolunun ilk Mürşidi, başlayıcısı idi. Babəkin Azadlıq Yolunun ilk Mürşidi, başlayıcısı idi. Babəkin Azadlıq Savaşına vurulan hər cür ləkəli damğalar birdəfəlik rədd edilməlidir. Babəkə əxlaqsız, ruhsuz deyənin özü əxlaqsız, ruhsuzdur. Babək Azərbaycan türkünə Azad olma xoşbəxtliyini duydurdu. Bu duyum orta çağ Azərbaycan tarixinin yüksəliş, zirvə nöqtəsi idi.
Babəkdən sonra zaman-zaman Azərbaycan türkü Bəzzdə yaranılmış yüksəlişi fəth etmək üçün çarpışdı və bu zirvəyə 700 il sonra Şah İsmayıl Xətai çatdı. Qızılbaşlar Xürrəmilərdən sonra Azərbaycan Azadlığı uğrunda heç bir başqa təmənna güdmədən vuruşan ilk yeganə qüvvə idilər. Maraqlı bir fakt: Akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasının lap sonunda tədqiqat diqqətindən kənarda qalmış bir cümlə var – “Şeyx Heydər Babəkin dini qayda-qanunlarını təbliğ edirdi”. Xürrəmilərlə Qızılbaşlar arasında ən başlıca oxşarlıq isə hər iki hərəkatın müstəqil ideologiyası konsepsiyaya dayaqlanan Azadlıq Yolçuluğu olması idi. Babək kimi Xətai də bu Yolun ideoloq-sərkərdəsi, Mürşidi idi. Xətai tarixi uğur baxımından Babəkdən də önə keçdi. Babək cahanşümuld savaşını tam Dövlət halına gətirə bilmədi, tarixi şərait buna imkan vermədi. Şah İsmayıl isə Babəkin yaratdığı Azadlıq duyğusu və Dövlətçilik prinsiplərinə dayaqlanıb Azad, Böyük Azərbaycan Türk Dövləti yaratdı. Şah İsmayıl Xətainin Səfəvilərin paytaxtı Təbrizdə qaldırdığı Bayraq Tariximizin ikinci yüksəliş nöqtəsi idi. Azərbaycan Azadlıq Yolunun yüksələn xətt üzrə inkişafı Dünyanın şər qüvvələrinin diqqət mərkəzində idi. Bu diqqət iki əks ideologiyalı imperiyanı bir mənafe nöqtəsində birləşdirdi. Maraqlar birləşdi, Azərbaycan parçalandı. Azərbaycan ərəb istilasından sonra ikinci və daha ağır zərbə aldı. XIX əsrin əvvəllərindən Türk Dünyasının eniş mərhələsi ilə Azərbaycan Tarixinin də faciə-işğal səhifəsi başladı. Qüzeydə rus, Güneydə fars əsarəti olmaqla Azərbaycan 170 illik bir işğal tarixi yaşadı.
Amma ən sərt basqı altında belə Azad olma xoşbəxtliyi unudulmadı. Yenə də fürsət bulunca millətin azadlıq istəyi kükrədi… və nəhayət Qüzeydə müstəqil Azərbaycan dövləti quruldu. Dünya bir daha Azərbaycan Azadlığını qəbul etdi. Məhəmməd Əmin Rəsulzadə Xətaidən sonra üzülməkdə olan əlaqə bağını zorla ələ gətirərək Böyük Azadlıq Yolunu davam etdirdi. Azərbaycan türkünün Milli Haqqı alındı və tamamlanmış üçlü ideoloji sistemə söykənən mili rəmz yaradılaraq sübut olundu ki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”. Bu bayraq Babəkin qaldırdığı, Xətainin dövlətçiləşdirdiyi bayraq idi, sadəcə XX yüzilin əvvəlində Rəsulzadənin əlində dalğalanırdı. Babəkin əlində əsarət qaranlığını məhv edən Azadlıq Günəşi olan, Xətainin əlində pərən-pərən düşmüş Milləti Bütöv Dövlət halına gətirən Bayraq bu dəfə Cahana: “İnsanlara hürriyyət, Millətlərə istiqlal” deyirdi.
Tarixdə heç nə təsadüfi deyil və heç nə boşluqdan yaranmır. Hər an özündən əvvəlki ana bağlıdır. Gerçək tarixi görmək bu bağlılığı görməkdir. Bizim bir çoxları üçün qəribə, yorucu görünə biləcək tarixi ekskursumuzda da məqsəd bu günün dünənə bağlılığını göstərmək idi. Nəhayət “dünənimizi” yekunlaşdıraq:
… Babək milli şüurumuzda Türkün azadlıq ruhunu oyatdı. Bu bayrağımızdakı göy zolaqdır…
… Xətai Türk mədəniyyətinə İslamdan gələn Tanrı imanı gətirdi. Bu bayrağımızdakı yaşıl zolaqdır…
… Rəsulzadə Millət kimi yaşamanın təməl şərti olan demokratik idarəetmə prinsipləri yaratdı. Bu bayrağımızdakı qırmızı rəngdir…
Nəhayət 20 il öncə bütün Türk dünyası üçün mükəmməl ideoloji sistemin simvolu olan Bayraq əbədi olaraq müstəqil dövlət rəmzinə çevrildi. Azərbaycan adlı Vətənin Quzeyində – tarixi torpaqlarımızın çox kiçik bir hissəsində müstəqil Azərbaycan dövləti quruldu. Dünya bir daha Azərbaycan Azadlığını qəbul etdi. Amma bu hələ son deyil, əksinə başlanğıcdır. İtirilmiş Vətən torpaqlarının bir dövlət halında başlanğıcı. Vətən dastanımız isə bitmir, böyük Vətənə gedən yol kimi: “Sonun yoxdur çevrilməsən Turana, Vətən…”
Son söz əvəzi: 20 il öncə Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında xidmətləri olan insanlar, xüsusilə bu müstəqilliyin hüquqi fakta çevrilməsi haqda sənədin müəllifi olan millət vəkillərinin bu gün öz haqqının verilməməsi, xüsusilə məhz bu günlərdə o millət vəkillərindən biri olan Arif Hacılının məhbəsdə olmasına toxunmaya da bilmədim.

Başı kəsik gözəl kötük, sızıldama, göynəmə.
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.

Yazı Dövlət Mütəqilliyinin  20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların keçirdiyi müsabiqəyə təqdim edilir.

Comments are closed.