Mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadəyə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinin iki bəndi ilə (221.2.1 və 221.2.2) ittiham irəli sürüb.

Vəkil Nemət Kərimli “Media forum” saytına bildirib ki, həmin gün İlkin Rüstəmzadə Nəsimi Rayon Məhkəməsinə aparılıb və məhkəmə istintaqın təqdimatı əsasında gənc fəal barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 221-ci maddəsinin sözügedən bəndlərində göstərilir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Comments are closed.