Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 93-cü ildönümüdür. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi.

Sovet dönəmində aprelin 28-i Azərbaycanda “sovet hakimiyyətinin qurulduğu” gün kimi qeyd olunur və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına “28 aprel” adı verilirdi.  Bakının şimal girişində “11-ci Qızıl Ordu” dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı.  Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər.

Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi. 

11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi.  Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu ADR-i əvəzləyən qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdirdi.  Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü.

Bakını zəbt edərkən bolşevik ordusu ciddi müqavimətlə üzləşməyib.

71 il bayram kimi təqdim edilən 28 aprel artıq öz adı ilə çağrılır. Məhz 93 il bundan əvvəl Sovet qoşunları Şərqin ilk demokratik cümhuriyyətinin varlığına son qoyaraq bu əraziləri işğal etdi. Azərbaycan tarixinin 70 illik səhifəsini əhatə edən Sovet hakimiyyətinin ölkəmiz və xalqımızın taleyində oynadığı rolla bağlı fikirlər birmənalı deyil. Əksər ekspertlər hesab edir ki, 1920-ci ilin aprelində Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilib və bu imperiyanın əsarəti altında Azərbaycanın itirdikləri Çar Rusiyasının hakimiyyəti dövründə itirdiklərindən heç də az olmayıb. Azərbaycanın sərvətləri talanıb, on minlərlə həmvətənimiz həlak olub.

Azərbaycan neftinə sahib olan bolşevik hökuməti təşəkkürünü repressiyalar, qətllərlə bildirdi. Araşdırmalara görə, 20-50-ci illərdə Stalin repressiyalarının qurbanı olmuş azərbaycanlıların sayı 350 minə yaxındır. Yalnız 150 min həmvətənimiz Qazaxıstanda həlak olub. Rusiyanın cəlb olunduğu II Dünya müharibəsində də 300 min azərbaycanlı dünyasını dəyişib. Amma bütün bu mənfi cəhətləri ilə yanaşı Sovet hakimiyyətinin Azərbaycanın tarixində müsbət izlərinin də olması danılmazdır. İlk növbədə tarixçilər formal da olsa, Azərbaycanın bir dövlət kimi dövlətçilik atributlarının formalaşmasını göstərirlər. Sonra bu atributlar və hökumət strukturları müstəqil Azərbaycan Respublikasının formalaşması üçün baza rolunu oynadı. Eləcə də İslam aləmində ən yüksək savadlılığın yaranmasında Sovet hakimiyyəti az rol oynamayıb.

Ekspertlərinə sözlərinə əsasən, Azərbaycan Sovet Respublikası Sovet dövründə ölkənin iqtisadi baxımdan ən inkişaf etmiş regionlarından biri idi. Amma müsbət cəhətlərinə baxmayaraq Sovet Rusiyası aprel işğalı ilə tarixdə Azərbaycanın demokratik cümhuriyyətinin qatili kimi qalacaq.

Comments are closed.