Sabir Rüstəmxanli: “Bu müstəqillik olmasaydi, onlar da 10-20 ildən sonra fars assimilyasiyasi altinda əriyib gedərdilər”

“Dünyada çoxlu xalqlar var, amma heç də bütün xalqların müstəqil dövləti, dövlətçiliyi yoxdur. 19-cu əsrin əvvəlində Azərbaycan torpaqları çar Rusiyası və İran tərəfindən parçalandıqdan sonra xalqımız şimalda da, cənubda da milli dövlətçilikdən məhrum olmuşdu. Şimali Azərbaycan 1918-ci ildə dövlət müstəqilliyinə qovuşdu, iki il sonra bu müstəqilliyi itirsək də, xalqımız istiqlal ideyalarını unutmadı”. Bu fikirləri “525”ə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü ilə bağlı deyib. O, bildirib ki, sovet dövründə xalqımıza gerçək tarixini, köklərini unutdurmaq üçün bütöv bir ideoloji sistem işləsə də, sovet rejimi özünü qorumaq, yaşatmaq üçün bir sıra metodlardan, üsullardan istifadə edirdi, müttəfiq respublikalarda təhsilin, elmin, mədəniyyətin, bəlli çərçivələrdə də olsa, inkişafına, xalq təsərrüfatının tərəqqisinə şərait yaradılırdı: “Biz də imkanlardan yararlanmışıq, təhsilimiz, mədəniyyətimiz bir yerdə dayanmayıb, inkişaf edib. Nəhayət, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini bərpa etdi. Bu bizim üçün böyük tarixi nemət idi. Əslində, çox gözəl deyirlər ki, müstəqillik və azadlığı olmayan millətin heç nəyi yoxdur. Yəni azadlıq elə bir nemətdir ki, onu sözlə, yaxud hər hansı bir müqayisə ilə dəyərləndirmək olmaz. Bu hər bir xalqın təbii haqqıdır. Ağac kökdən qalxıb necə boy atırsa, ot yerdən necə cücərib-böyüyürsə, hər bir xalq da belə böyüməlidir: sərbəst, azad, Allahın və təbiətin qanunları çərçivəsində. Əgər o həbsdə saxlanılırsa, şübhəsiz ki, dünyanın nizamı pozulur və şər qol-qanad açır. Buna görə də, Şimali Azərbaycanın müstəqil olması, müstəqillik qazanması deyil, əslində, müstəqilliyi bərpa etməsidir və bu, bizim millətin haqqı idi. Təəssüf ki, Güneydə yaşayan 35 milyonluq azərbaycanlı bu nemətdən məhrumdur. Bununla yanaşı, Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi nailiyyətidir”. Azərbaycan xalqının təxminən 3 minillik dövlətçilik tarixi olduğunu xatırladan millət vəkili xalqımızın müxtəlif dövrlərdə dövlətləri olduğuna diqqət çəkib: “Lakin 1918-ci ildə elan olunmuş milli dövlətimizin, Xalq Cümhuriyyətinin bu tarixdə xüsusi, müstəsna yeri var. Xalqımız ilk dəfə olaraq müsəlman Şərqində demokratik dövlət qurub. 20 il əvvəl müstəqilliyimizi bərpa edəndə də biz Xalq Cümhuriyyətinə sahib çıxdıq, onun varisi olduğumuzu bəyan etdik”. S.Rüstəmxanlı deyib ki, ötən illər ərzində Azərbaycan mühüm inkişaf yolu keçib, dövlətçiliyin sütunları möhkəmlənib, respublikamız beynəlxalq müstəvidə özünə layiqli yer qazanıb. Müstəqilliyin nailiyyətləri, göstəriciləri göz qabağındadır. Bunu görmək üçün Bakının uca nöqtəsindən paytaxtımıza nəzər salmaq belə kifayətdir. Bakının inkişafı, aparılan genişmiqyaslı tikintilər özlüyündə müstəqilliyin bir göstəricisidir. “Mən dünyanı çox gəzirəm və müstəqilliyin gətirdiyi gözəlliyi, fəziləti hər addımda hiss edirəm. Təsəvvür edin ki, vaxtilə xaricə getmək üçün Moskvadan viza gözləməli idim. İndi isə dünyanın 50-dən çox ölkəsində səfirliyimiz var və orada bayrağımız dalğalanır. Sevinirəm ki, xarici ölkələrdə təmsil olunuruq, bu ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Bundan başqa mən istənilən ölkəyə gedəndə orada fəaliyyət göstərən Azərbaycan səfirliyi beynəlxalq təşkilatların hər birinə müraciət edir və mənim görüşlərimi təşkil edə bilir. Amerikanın müxtəlif rəsmi dairələri, Avropa ölkələrində mən millətin sözünü, dərdimizi – Qarabağ savaşından başlamış Azərbaycanın parçalanmış bir xalq olduğuna qədər – deyə bilirəm. Öz bayrağın, öz adının altında dünyanı gəzirsən. Özün-özünü təmsil edirsən. Bayaq qeyd etdiyim kimi, Azərbaycan dövlətinin müstəqilliyi təkcə bizim üçün deyil, bu həm də Cənubda yaşayan 35 milyon azərbaycanlı üçün bir örnəkdir”, – deyə millət vəkili əlavə edib. Onun sözlərinə görə, bu müstəqillik olmasaydı, onlar da 10-20 ildən sonra fars assimilyasiyası altında əriyib gedərdilər: “Amma hər kəs onun fərqindədir ki, biz Azərbaycan türküyük və bizim quzeydə bir dövlətimiz varsa, deməli, bu dövləti güneydə də qurmaq olar. Ona görə də, Azərbaycan Respublikasının müstəqilliyi böyük tarixi nailiyyətdir. Müstəqilliyin gətirdiyi elə böyük bir xoşbəxtlik var ki, onun səmərəsini, nəticəsini hələ zaman keçdikcə, hiss edəcəyik və görəcəyik. Ona görə də mən çox xoşbəxtəm ki, bu müstəqilliyi arzulayan, ədəbi taleyimi bu müstəqilliyin əldə olunmasına həsr etmiş şəxs olmuşam. Mənim hələ sovet dövründə şeirlərimin hamısında bir müstəqillik həsrəti var idi. Bütün poemalarımda və şeirlərimdə, romanlarda, publisistik yazılarımda müstəqillikdən bəhs etmişəm. Nəhayət 1988-ci ildə meydan hərəkatında, xalq hərəkatında ön sıralarda olmuşam. 1991-ci ildə parlamentə Azərbaycanın müstəqilliyi üçün çalışan, haqq səsimizi dünyaya yaymaq üçün mübarizə aparan şəxslərdən olmuşam. Və bu gün xoşbəxtəm ki, müstəqilliyimiz uğrunda mübarizədə mən də iştirak etmişəm. Bununla qürur duyuram. Bütün bunların hamısını görmək və bu proseslərdə bilavasitə iştirak etmək böyük xoşbəxtlikdir. Arzum budur ki, müstəqilliyimizin qədrini bilək, onu daha da möhkəmlədək. Bu təkcə siyasətçilərin deyil, siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşımızın borcudur”. 

P.SULTANOVA

525.az

 

Comments are closed.