Samir Əsədli: “Ölkənin siyasi kursunda hər hansı yanlış addım bizi yenidən Kremlin işğalı altına sala bilər”

Hazırkı geopolitik məkanda baş verən gərgin hadisələr, şimal qonşumuzun işğalçılıq ambisiyalarının yenidən baş qaldırması və bundan ruhlanaraq Azərbaycan daxilində də bəzi köhnə bolşevik təfəkkürlü insanların fəallaşması bir çox siyasi qurumların ölkədaxili və ölkəxarici siyasətə diqqətlərinin artmasına səbəb olub. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri  Samir Əsədli də bizimlə müsahibəsində əsasən son günlər regionda baş verən ciddi siyasi proseslərə və belə bir məqamda siyasi partiyalar qarşısında duran vəzifələrə toxundu

   Samir bəy, prezident seçkilərindən artıq altı ay vaxt keçib. Kifayət qədər gərgin keçən seçki marafonundan sonra siyasi səhnədə süstlük yaranıb… Ümumiyyətlə, ölkədəki hazırkı ictimai-siyasi durumu necə qiymətləndirərdiniz?

– İlk öncə deyim ki, mən siyasi meydanda süstlük olması fikri ilə razı deyiləm. Bəzən yanlış müqayisələr və təhlillər aparılaraq düzgün olmayan nəticələr çıxarılır. Axı seçki dönəmi ilə seçkidən sonrakı dövr eyni ola bilməz. Bu, hətta demokratik ölkələrdə də dəfələrlə təsdiqlənmiş bir prinsipdir. Ən yaxın keçmişimizdə qardaş Türkiyə Cümhuriyyətinin örnəyi göz qabağındadır. Bəlkə də son 30 ilin ən gərgin hadisələrindən biri baş verdi. Seçkidən sonra isə gördüyünüz kimi sakitlik yaranmışdır.Bu siyasi mübarizənin qaydasıdır.Azərbaycana gəldikdə isə diqqətlə izləyəndə görərik ki, sakitlik yalnız görüntü xarakteri daşıyır.Seçki dönəmindəki aktivliyi yəqin ki, Milli Şuranın keçirdiyi mitinqlərlə izah edirsiniz. Amma gəlin seçkidən sonra baş verənlərin xronikasına diqqət edək: Seçkidən bir müddət sonra Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması cəmiyyətdə böyük etirazlara səbəb oldu, daha sonra “Sovetski”nin söküntüsü ilə bağlı aksiyalar keçirildi, bunun ardınca BDU tələbələrinin açıq etirazları oldu, elə həmin ərəfələrdə metro keçidlərində ticarətlə məşğul olanların narazılıqlarının şahidi olduq. Bütün bunlar zəncirvari prosesin davamıdır. Özü də onları hansısa siyasi təşkilat, müxalifət təşkil etmirdi,cəmiyyətdən gələn etiraz səsləri idi. Azərbaycan cəmiyyəti bu gün də daxili bir gərginlik yaşayır.Sakitlik yalnız aysberqin görünən tərəfidir.

– Açıq görünən gərginlik isə daha çox xarici məsələlərlə bağlıdır. Azərbaycanın daxıl olduğu geopolitik məkanda mürəkkəb proseslər baş verir.Son zamanlar Ukraynada baş verən hadisələri necə qiymətləndirirsiniz?

– Mən istərdim bu məsələyə beynəlxalq hüquq, beynəlxalq münasibətlər sistemindən əvvəl tarixilik baxımından yanaşaq. Krım bizim üçün hər şeydən öncə tarixən türklərin yaşadığı bir məkandır.Rus imperiya siyasəti bu baxımdan ikinci dəfə Krımı işğal etdi.Birinci işğaldan sonra minlərlə Krım türkü sürgün edilmişdi, indi yaranmış situasiya dəyişməyəcəksə, bu gedişat da türklər üçün xoş gələcək vəd etmir.Digər tərəfdən, dünya iradəsini, beynəlxalq hüquq prinsiplərini – özü də daşlaşmış, dünyada sülh və ədaləti təmin edən prinsipləri ayaq altına atan ölkə Azərbaycan üçün uzaq təhlükə deyil.Bu Azərbaycan torpaqlarını işğal edən Ermənistanın siyasi, iqtisadi və hərbi himayədarı olan, Xocalıda Azərbaycan türklərinə qarşı əsgərləri genosid siyasəti aparan Rusiyadır.Yəni baş verənlər bizə bir daha gerçək işğalçını tanıtdırdı, onun gücünü və dünyanın bu güc qarşısında susqunluğunu göstərdi.Nəhayət, üçüncü vacib məqam demokratiya və Qərbin imici ilə bağlıdır.İşğaldan əvvəl Ukraynada demokratiya uğrunda gedən kütləvi aksiyalardan əvvəlki prosesdə hər kəsin, dünyanın sülhsevər və demokratik kəsiminin içində bir sevinc var idi.Ukraynanın Avropa Birliyinə üzv olması, Maydanda fədakarlıq göstərən Ukrayna xalqının siyasi haqlarından məhrum edilməyəcəyi, tam əksinə bu istəklərin təmin olunacağı anlamına gəlirdi.Ancaq təəssüflər olsun ki, sonluq heç də düşünülən kimi olmadı.Baş verən kütləvi aksiyalardan sonra devrilən Rusiya yönümlü Yanukoviç üçün sonrakı prosesin siyasi revanşı-Putinin Krımı Amerika və Avropanın yüksək səsli etirazlarına baxmayaraq dünyanın gözü önündə işğal etməsi oldu.

– Dedikləriniz Ukrayna ətrafında baş verən proseslərin gələcək inkişafı ilə bağlı pessimist rəy yaratmırmı?Bu böhranın son vəziyyətini necə dəyərləndirirsiniz?Hadisələrin sonrakı inkişafını necə görürsünüz?

– Xeyr, mən heç də gələcək barədə bədbin deyiləm. Sadaladıqlarım bu gün mövcud olan və təəssüf yaradan reallıqdır.Ukrayna xalqı öz iradəsini ortaya qoyub, bu ölkə artıq Avropanın bir hissəsidir.Bu yalnız coğrafi yox, həm də siyasi anlamda belədir.Rusiya dolayı yollarla olsa da, Krımda separatizmi dəstəkləməklə, bu ərazini Ukraynadan qoparmaqla bu böyük uğura, əlbəttə, kölgə salıb.Amma Krımın Ukraynadan qopardılması müvəqqəti bir tədbirdir.Rusiyanın özündə də demokratikləşmə prosesi sürətlənəcək.Demokratikləşmə bütün millətlərin gedəcəyi ümumi, universal bir gələcəkdir.Perspektivdə Rusiyanın özündə demokratikləşmə geniş vüsət əldə etdikdən sonra o zaman Rusiyanın ayrı-ayrı zamanlarda səbəbkar olduğu etnik, separatist münaqişələr də həllini tapacaq.Krım da bu zaman həll olunacaq.BMT Baş Məclisindəki səsvermə də göstərdi ki, dünyanın mütləq əksəriyyəti referendumun nəticələrini tanımadı və Krımı Ukrayna ərazisi olaraq görməkdə davam edir.

– Amma Rusiyanın işğalçılıq siyasəti o səviyyəyə çatıb ki, Moskvada hər hansı bir qonşu ölkənin razılığı olmadan, müvafiq müqavilə bağlanmadan bu ölkənin ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında qanun layihələri müzakirə olunur. Bunun isə Azərbaycan üçün də acı nəticəsi ola bilər. Rusiya Azərbaycanın şimal bölgələrində süni problemlər yarada, burada qondarma referendumlar təşkil edib və ölkəmizin bir hissəsini işğal edə bilər.Bu da Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükədir.

– Mən sizin dediklərinizə bir faktı da əlavə edim ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bəyan edib ki, milli qrupların öz müqəddəratını təyin etmək hüququ var. Bu isə o deməkdir ki, Putin qonşu ölkələri açıq təhdid edir. Normal təfəkkürlə düşünsək görərik ki, Putinin bu bəyanatı Rusiya prezidentinin reallıq hissini itirdiyini göstərir. Çünki Rusiyadakı Çuvaşiya, Tatarıstan, Qaraçay-Çərkəz, İnquşetiya, neçə ildir azadlıq mübarizəsi aparan Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Sibirdə olan muxtariyyətlərin də öz müqəddaratını təyin etmək hüququ var. Putin belə bir isterik bəyanatla BMT Təhlükəsizlik Şurasının Rusiyanı da müdafiə edən əsas sənədlərinə qarşı çıxdığını anlamalıdır. Rusiya prezidenti keçmiş postsovet ölkələrini bu bəyanatla təhdid edir. Amma başa düşməlidir ki, özü də bu qəbildən olan dövlətlərdəndir. Sosial narazılıqların zəngin və gərgin olduğu dövlətlərdən birinin başında durur. Bu əslində Rusiyanın sonu ilə bağlı Putinin siqnalıdır. Hamıya eyni vaxtda müharibə elan etmək heç kimə xoşbəxtlik gətirməyib. Putinin hamı ilə düşmən olmaq bəyanatı Rusiya üçün təhlükəlidir. Rus xalqı bundan nəticə çıxarmalıdır və çıxaracaq da.

– Bu hadisələr zamanı xüsusi təbliğatla Rusiyanın yürütdüyü siyasətin Azərbaycan üçün də təhlükəli məqamları beyinlərə yeridilir. Bildirilir ki, Rusiyanın Azərbaycana qarşı da bu tip addımlar atmaq niyyəti ola bilər…

 – Tamamıilə əsassız bir fikirdir. Rusiya təhlükəsi Azərbaycanda bilərəkdən şişirdilir. Azərbaycan xalqı qəsdən, özü də məhz Ukrayna nümunə göstərilərək qorxuda saxlanılır ki, guya xalq demokratiya, Avropaya inteqrasiya istəsə, yenidən Rusiya aqressiyası ilə üzləşər. Azərbaycan xalqı bu kimi qorxunun altında yaşamamalıdır. Əksinə, son baş verənlər əyani şəkildə göstərdi ki, inkişafın və təminatın yolu demokratiyadan keçir. Əks düşüncə Kremlə, işğalçıya doğru aparan yoldur. Ukrayna xalqı müəyyən itkilər bahasına olsa da, milli maraqlar baxımından çox tarixi, böyük bir əhəmiyyətli uğurlara imza atdı və Pribaltikadan sonra sovet streotiplərinin tam məhv edildiyi, Rusiya təsir xofunun yenildiyi bir ölkəyə çevrildi. Bu proseslərdən Azərbaycan cəmiyyəti qorxu hissi keçirməməli, əksinə dərs götürməlidir. Xalq hər zaman ayıq olmalı, ayaqda olmalıdır ki, ölkənin siyasi kursunda sapınmaya yol verə biləcək azacıq belə yanlışlığa imkan verməsin. Azərbaycanın Qərbə inteqrasiyası, demokratikləşməsi, o cümlədən Qarabağı özünə qaytarması üçün yaxşı fürsətlər yaranıb. Amma bunun reallaşması üçün hakimiyyətin də müəyyən addımlar atması lazımdır. Azərbaycan hökuməti üçün çox yaxşı, əlverişli zəmin yaranıb ki, demokratik islahatlara başlasın və Avropa ilə bağlı strateji seçimini etsin. Azərbaycan hökuməti tarixi situasiyanın da təsiri altında nəhayət bu seçimini etməlidir və Azərbaycanın demokratikləşmədən başqa alternativ yolu yoxdur. Hamı başa düşməlidir ki, Azərbaycanın artıq manevr imkanları tükənib. Balanslı siyasət üçün heç bir imkan qalmır. Azərbaycan tərəddüd etmədən seçimlərini etməlidir. Çox təəssüf ki, biz bunun ilkin əlamətlərinə belə rast gəlmirik. Maydan hərəkatından bu yana Ukraynada baş verən proseslərə Azərbaycan rəsmilərindən demək olar ki, heç bir açıqlama gəlmədi. Deyək ki, bu susqunluq siyasi taktikadır. Hökumət səbrlə hadisələrin sonunu gözləyir və nəticə aydın olan kimi qalibin tərəfini tutacaq ki, “nə şiş yansın, nə kabab”. Bəs Krım tatarlarının prezidentə ünvanladığı müraciət? Mustafa Krımoğlu İlham Əliyevə ünvanladığı kömək üçün müraciətin də üstündən sakitcə keçildi. Axı söhbət bir türk liderinin türk dövlət başçısına müraciətindən gedir.

– Son olaraq ölkə gündəmini zəbt edən əsas mövzulardan biri olan dini təriqətlərlə bağlı məsələyə münasibət bildirmənizi istərdik. “Vəhabi ovu”nun ardınca “nurçu repressiyası” başlayıb. Bu məsələlərə münasibətiniz necədir?

– Mən konkret olaraq hər hansı bir təriqət və ya dini cərəyan haqda söz demək istəməzdim. Bu kifayət qədər geniş bir mövzudur. Əlbəttə, hər hansı bir cərəyan terror, şiddəti təbliğ edir, tərəfdarlarını bu istiqamətə yönəldirsə dövlət buna qarşı mübarizə aparmalıdır. Amma bu mübarizə siyasi məqsədlərə xidmət edərək kampaniya xarakteri daşımamalıdır. Azərbaycan vətəndaşlarının Suriyada milli maraqlara, dövlətçiliyimizə aidiyyatı olmayan məqsədlər üçün döyüşməsi və həlak olması ölkədə ideoloji sahədə boşluğun olmasından xəbər verir. Yaxud Türkiyədəki siyasi mübarizənin Azərbaycana köçürülməsində də yanlışlıqlar var. PKK-nı hələ də terrorçu təşkilat kimi tanımadığımız halda AKP hökumətinin daxili problemlərində canfəşanlıq göstərdik. Mən bunun əleyhinəyəm. Azərbaycan üçün Əli bəy Hüseynzadənin ifadə etdiyi və Məhəmməd Əmin Rəsulzadənin bayraq olaraq yüksəltdiyi ideologiya var: “Türkçülük, Müasirlik, İslam”. Bu ideologiyanı dövlət siyasəti olaraq təbliğ etsək digər problemləri də həll etmiş olarıq.

 

Nəsimi Şərəfxanlı

Qurban Namazəliyev

Comments are closed.