“Səyahət” rubrikasının növbəti qonağı VHP Siyasi Şurasının üzvü,  “Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyevdir. Çox diqqətli səyyah olan müsahibimizlə dünyanın məşhur şəhərlərinə səyahətimiz maraqlı oldu. O, ilk səfərini belə xatırladı: 
–  Keçmiş postsovet ölkələri nəzərə alınmazsa, 2000-ci ilə kimi Daxili İşlər Orqanlarında xidmət etdiyimə görə Azərbaycanı cəmi bir dəfə tərk etmişəm. Onda da  sərhədlər açılanda qaçaq yolla İranın Germi şəhərinə getmişəm. Tam fərqli mədəniyyət, fərqli düşüncə sahibi olan insanlarla təmasda olmuşam. O vaxt Germi mənə Bakının köhnə məhəllələrindəki köhnə üsulla tikilmiş tatı (bani olmayan üstü qırlı) evlərini xatırlatmışdı… O vaxt İrana içimdə mənimlə yaşıd olan bir həsrətə son qoymağa getmişdim. 
Növbəti xarici səfərim ABŞ-a oldu. 2000-ci ildə Daxili İşlər Orqanlarından öz istəyimlə işdən çıxdım və Beynəlxalq Miqrasiya Təşkilatında işə düzəldim. Bir neçə aydan sonra Amerikaya göndərdilər. Vaşinqton, Nyu-York, Mayami, San-Dieqo şəhərlərində oldum. Çoxlarının sevdiyi Nyu-Yorkdan heç xoşum gəlmədi. O şəhərdə hamı qaçır, hamı harasa tələsir. Vaşinqtondan isə çox xoşum gəldi… 2000-ci ildən başlayaraq hər il müxtəlif ölkələrə 10-a yaxın səfərlərim olur. Bəzən bir ölkənin eyni şəhərinə ildə 4-5 dəfə gedirəm. 
– İndiyə qədər dünyanın neçə ölkəsində olmuşunuz? 
– Dəqiq saymasam da, hər halda dünyanın 50-dən çox ölkəsinə 100 dəfəyə yaxın səfər eləmişəm. Səyahətlərim həmişə indiki  işimlə bağlı olub. Cəmi üç dəfə turist kimi ailəvi səyahətə çıxmışam. 
 – Ən çox sevdiyiniz ölkə hansıdır?
– Ən çox sevdiyim ölkə  Almaniya, ən çox sevdiyim şəhərlər isə İstanbul, Sarayevo və   Praqadır. Praqanı turistlərin sayına və müxtəlifliyinə, eləcə də, tarixi abidələrinin sayına, Sarayevo və İstanbulu isə həmin şəhərlərdə müşahidə etdiyim mədəniyyətlərin vəhdətinə görə sevirəm. Istanbulda və Sarayevoda 5-6 din paralel yaşayır. Eyni zamanda, müxtəlif dini ayinlər icra olunur. Hamı həm məscidə, həm kilsəyə, həm də sinaqoqlara  hörmət qoyur. Bu prosesləri müşahidə etmək və  müxtəlifliyin hər birinin gözəlliyini və müqəddəsliyini eyni anda seyr etməkdən alınan duyğunu şərh etmək çətindir. Sarayevonı və İstanbulu sevməyim bəlkə də, azan səslərindən aldığım duyğu ilə bağlıdır. Mənim ən çox sevdiyim səs azan səsidir. Bu şəhərlərdə insanın mənəvi qidası hesab edilən  bütün dinlər, o cümlədən islam dini yaşayır və çox aydın mənzərə ilə  müşahidə olunur. Az qala müxtəliflik hər evdə, hər həyətdə, hər tikilidə çox aydın görünür.  
Bu müxtəliflik və bərabər inkişaf məni İstanbulda daha çox heyrətləndirmişdi. Sarayevoda isə mənə çox rahatlıq verdi. Şəhər balaca olsa da, gözəl mənzərəsi var. Müsəlman qəbiristanlığı ilə xristian qəbiristanlıqları yanaşıdır. Şəhərin yüksəklikdən baxanda insanı heyran edən  gecə mənzərəsi, restoranlarda kişilərin xorla müxtəlif dillərdə, hətta azərbaycanca Azərbaycan mahnılarını oxuması məni Sarayevonı sevməyə məcbur edib.  
– Bəs bir daha üz tutmayacağınızı düşündüyünüz ölkə olubmu? 
– Yox. Allah dünyanı elə yaradıb ki, hər yeri, hər ölkəni cənnətə çevirmək mümkündür. Bəzən düşünürəm ki, bu dünyada yaşadığı ölkəni və məmləkəti cənnətə çevirmək gücündə olmayanlar heç vaxt o dünyada cənnətə gedə bilməzlər. Bəlkə də, bizdən cənnətə gedənimiz olmadı. Çünki Azərbaycanın 50 faizdən çox hissəsini şorlaşmış bomboz ərazilər təşkil edir. 
2001-ci ildə ilk dəfə Dubaya gedəndə bir taksi sürücüsü ilə danışdım ki, bizi Abu-Dabiyə aparıb gətirsin. Sürücü Azərbaycandan olduğumu biləndə “sənin vətənin də fahişələr vətənidir” – söylədi. Amma bu sərt fikir də məndə Ərəb Əmirliklərinə  üz tutmamaq fikri yaratmadı. 
Baxmayaraq ki, oranın istisinə heç dözə bilmirdim. Bəzən Azərbaycan haqqında bir daha bu məmləkətə qayıtmamaq kimi fikirlər üzərində düşünmüşəm və  dərhal da yayınmışam… Azərbaycan uzaqlardan daha aydın görünür. Məsələn, Almaniyanın əkin sahələrinin də yolları əla keyfiyyətlə asfaltlanıb. Xaricdə bütün gözəlliklər küçələrdə yerləşdirilir ki, insanlar baxsın, əylənsin, gözəllikdən zövq alsınlar. Bizdə isə küçələrdə və ictimai yerlərdə olan gözəl nə varsa məmurlar evlərinə və ya həyətlərinə daşıyırlar ki, yalnız özləri zövq alsınlar. Bu düşüncə tərzi insanı bu məmləkətə dönməmək kimi fikirlərə vadar edir. Bəzən eyni vaxtda  5-6 ölkəni gəzirsən, amma ölkələrin heç birində kimsə sənin hüququnu pozmur. Bakıya çatan kimi məmurlar: “Çamadandakılar nədir, nə qədər pulun var, niyə iki kompüter gətirirsən” sualları ilə səni uzun sürən növbələrdə yubandıranda düşünürsən, sanki onlar hər şeyi edirlər ki, sən ölkəyə nifrət edəsən və bir daha geri dönməyəsən. İnsanlar çox incidilirlər, bizimkilər isə az qala bunu adi həyat norması kimi qəbul edirlər.
– Hansı ölkənin mətbəxindən sevgi ilə ayrıldız? 
– İtalyan mətbəxini çox sevirəm. Yüksək zövqlə bəzədilmiş,  dümağ və ilk dəfə istifadə olunan stol örtükləri, qiymətli mətbəx dəstləri, yüksək mədəniyyətli və klassik üsluba malik xidmət, istədiyin həddə qədər bişirilmiş ət parçaları, balıq yeməkləri və ya digər dəniz məhsulları, sevdiyin dada malik içkilər İtaliyadadır. Xüsusilə Romada, Milanda, Turində və Florensiyanın ətrafında olan meşələrdə olan restoranlarda. Gürcülərin də mətbəxini çox sevirəm. Azərbaycan mətbəxi də zəngindir, amma  israfçılıq yüksək həddədir.
– Bəs mətbəxindən iyrənib ac qaldığınız ölkə olubmu?  
– Mən dəbdəbəli restoranları və pivəxanaları xoşlayıram. Oralarda isə belə hallara rast gəlməmişəm. Bakıda da ən çox getdiyim italyan restoranlarıdır. Dəniz məhsullarını çox sevirəm. Okean qurbağalarının əvəzsiz dadı olur. Bakıda da, səfərdə də məmnuniyyətlə yeyirəm. Ona görə də hansısa mətbəxdən iyrənmirəm. Amma restorana dəvət etdiyim və mənim yediklərimdən iyrənən dostlarım olub. 
– Dünyanın hansı ölkəsində olarkən “Kaş bu ölkədə doğulaydım” arzusunu ürəyinizdən keçirmisiniz?  
– Birinci dəfə  Amerikada olanda belə düşünmüşəm. Hava limanında təyyarəyə minəndə əllərimi qaldırıb  “Mən səni sevdim Amerika” deyərək qışqırmağım da oldu.  Abu Dabidə və  Dubayda olan zaman isə düşündüm ki, Azərbaycanı da həmin ölkə kimi gözəlləşdirmək mümkündür.
– Bu səfərlər zamanı başınıza gələn qeyri-adi, gülməli hadisələr olubmu? 
– Yadda qalan hadisələr çoxdur. Bir dəfə Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən tədbirdə sərhədlərin qorunması məsələləri müzakirə olunurdu. Mehriban Zeynalova ilə Tiflisə həmin tədbirə gedirdim. Gəncədən keçəndə məlum oldu ki, onun pasportu evdə qalıb. Gəncədən tam başqa əlamətlərə malik, çox böyük yaş fərqi olan bir xanımın pasportunu götürdüm. Mehribanı sərhəd buraxılış məntəqəsindən həmin pasportla keçirdim və Tiflisdə konfransa qatıldıq. 
Tədbirdə Azərbaycan və Gürcüstan sərhədçiləri əla çıxış etdilər, bildirdilər ki, sərhədlərin mühafizəsi sahəsində heç bir problemləri yoxdur. Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri orada iştirak edirdi və qiymətləndirmə aparırdılar. Onların çıxışlarından sonra mən öncə onlardan Mehribanın təhlükəsiz qayıtmasına zəmanət aldım, sonra isə baş verənləri onlara danışdım. Bu vəziyyətin qiymətləndirilməsi üçün əla sübut idi. Amma həqiqətən, sərhədçilər elə həmin pasportla heç bir problem yaratmadan bizi həm Gürcüstan, həm də Azərbaycan sərhədindən keçirdilər.
Bir dəfə Varşavada idim. Mehriban Zeynalova ilə birlikdə  Novotel mehmanxanasında qalırdım. Yenicə otağa girmişdim, vanna otağında olarkən qapı döyüldü, qapını azca araladım. Qapıdan ərəb şeyxlərinin paltarını mənə verdilər. Paltarları alıb asdım. Duş qəbul etdim və həmin paltarı geyinib aşağıya düşdüm. Bilirdim ki, Mehriban məni gözləyirdi. Ərəb geyimində o qədər də pis görünmürdüm. Mehribanla salamlaşandan sonra bildirdim ki, BƏƏ-nin  nümayəndə heyəti bu axşam ziyafət verir, hamıya milli paltar verirlər, administratora yaxınlaş və özünə paltar al. Mehriban da gedib administratorla dalaşmağa başladı ki, mənim paltarımı niyə vermirsiniz… Onlara yaxınlaşdım, administrator rus dilində çox pis danışırdı, onunla bir az tamam başqa məsələ haqqında ingilis dilində danışandan sonra Mehribana dedim ki, tədbirə dəvət haqqında sənədləri təqdim etmək lazımdır. O da gedib sənədləri gətirdi. Bu zaman zarafat etdiyimi bildirdim. Otağa qalxdım. Həm də düşündüm ki, paltarın sahibi axtara bilər. 
– Ömrünüzün qalan hissəsini yaşamağı arzuladığınız ölkə varmı? 
– Məncə, insanın harada yaşaması yox, əsas insanın kiminlə və ya kimlərlə yaşamasıdır. Mən mövcud dünyagörüşüm və aldığım təhsilin səviyyəsinə görə özümü az-çox Azərbaycanda ifadə edə bilirəm. Əgər başqa dil bilsəydim yəqin ki, yaşamaq üçün Almaniyanı və ya Hollandiyanı seçərdim. Hollandiya məncə Avropanın ən sakit ölkəsidir. Məsələn, iş vaxtından sonra Roterdama elə bir sakitlik və sükut çökür ki…
– Ayaq qoyduğunuz xarici ölkədə ilk maraqlandığınız nə olur həmişə?  
– Hamı kimi  mənim də ilk növbədə baş çəkdiyim yer tualetlərdir. Daha sonra məscidlər və ya kilsələrə baş çəkirəm. 
– İndiyə qədər can atdığınız, amma gedə bilmədiyiniz ölkə hansıdır?
– Elə bir ölkə yoxdur. Arzuladığım Orxan-Yenisey abidələrini ziyarət etmək, Türkiyəni daha yaxşı gəzmək, Ömər Xəyyamın həyatı ilə bağlı yerlərdə olmaq,  Xarəzmi, Buxaranı, Luvr muzeyini, Romanı bir daha 7 yaşlı qızımla və xanımımla gəzmək imkanını  arzulayıram.
– Ən çox hansı ölkənin qadınlarını bəyəndiniz? Hansı ölkəni gözəllər məkanı adlandırdınız?    
– Varşavada İntiqam Əliyev, Ənnağı Hacıbəyli və digər hüquqşünaslarla səfərdə idim. Oradan Bosniya və Herseqovinanın insan alverinə qarşı mübarizə sahəsindəki təcrübəsini öyrənmək məqsədi ilə Belqrada getməli idim. Sürət qatarı ilə oraya getdim,  bir gecə də yolüstü Vyanada qaldım. Belqradda Knyaz küçəsindəki otellərin birinə getməli idim. Taksi məni həmin küçəyə kimi gətirdi və bildirdi ki, mehmanxanaya kimi təxminən 150 metr piyada getməlisən. 
Taksidən düşüb Knyaz küçəsinə çıxmaq istəyəndə gördüm ki, bu küçədə hamı əyləşib, yeyib-içir və bütün qadınlar yarıçılpaqdır. Əvvəl elə düşündüm ki, gözəllik müsabiqəsi keçirilir. Mehmanxanaya çatana kimi hamı küçədə həmin vəziyyətdə oturmuşdu. Çox gözəl səhnə idi. 
Belqradda 45-50 yaşına kimi qadınlar kosmetik vasitələrdən istifadə etmirlər. Qadınların əksəriyyətinin bədənləri parıldayır. Yeməkxanada hamısı çimərlik paltarına uyğun paltarda oturmuşdular. Belqrad xanımları çox gözəldir. 
Arzu Abdulla
“Gündəlik Teleqraf” qəzeti 

Comments are closed.