“Sabir Rüstəmxanlı sədrlikdən bir az tez getsəydi, daha yaxşı olardı”

Vətəndaş Həmrəyliyi Partiyasının beynəlxalq ictimai siyasi əlaqələr şöbəsinin müdiri, siyasi şurasının üzvü Arif İsmayılbəylinin “Qafqazinfo”ya müsahibəsi

– Azərbaycandakı hazırkı ictimai-siyasi situasiyanı necə qiymətləndirirsiniz?

– Azərbaycanın ictimai-siyasi vəziyyətinin hazırkı reallığından bəhs edərkən qeyd etmək lazımdır ki, bu, hardasa bu vəziyyət anormal cəmiyyətlərdə rast gəlinən ictimai-siyasi vəziyyətdir. Azərbaycan dünyanın bir parçası olsa da burda gedən proseslər dünya ölkələrindəkilərdən bir az fərqlidir. O mənada fərqlidir ki, burada proseslər dünyanın inkişaf etmiş ölkələri, bura ABŞ və Avropa ölkələri birbaşa daxildir, o cümlədən inkişaf etməkdə olan ölkələr deyirlər o siyahıya bizim Azərbaycan da daxildir. Ancaq, Azərbaycanda bu gün siyasi vəziyyət heç də aydın deyil. Azərbaycanda hakimiyyətdə olan, özünü partiya adlandıran ictimai qurum var ki, həmin rejimin adını mən nə qədər müxtəlif adlara rast gəlsəm də bunun adını mən özüm də tapa bilmirəm. Biri deyir diktatura rejimidir, biri deyir avtoritar rejimdir, ancaq mən ona bir ad tapa bilmirəm, ciddi şəkildə deyim. Onu bilirəm ki, bu rejim, hazırda Azərbaycanda olan vəziyyət feodalizmdən bir az vəhşi kapitalimzə doğru inkişaf etmiş bir rejim fəaliyyət göstərir.

– Dediyiniz vəhşi kapitalizmin yaranmasına səbəb nədir?

– Birinci növbədə Azərbaycanda ciddi müxalifətin olmaması buna səbəb olub. Azərbaycanda sosializimdən kapitalizimə keçid dövründə, yəni bazar iqtisadiyyatına keçid dövründə müxalifətin normal fəaliyyət göstərə bilməməsi bir başa şərait yaratdı ki, bizdə vəhşi kapitalizmə keçid yarandı. Bu günə qədər davam edən proseslər bir daha sübut etdi ki, normal müxalifət formalaşa bilmədi, formalaşmış normal müxalifət parçalandı və müəyyən bir qrup – hakimiyyəti üsyanla ələ keçirmiş qrup, 1993-cü ilin Gəncə üsyanı şəklində hakimiyyəti ələ keçirmiş qrup, Azərbaycanda vəhşi kapitalizmin əsasını qoymağa başladı. Hazırda Azərbaycanda vəziyyət necədir? Bəziləri bunu vaxtilə mövcud olmuş xanlıqlara bənzədir. Bakı xanlığı, Quba xanlığı, Şəki xanlığı və s. bu gün o istiqamətdə yox, deyilər şəxslərin adları ilə xanlıqlar mövcuddur. Kəmaləddin xanlığı var, Ziya xanlığı var, Cahangir xanlığı var. Ancaq mən bunları belə adlandırmazdım. Əşirətləri kürdlərə aid eləsələr də mən deyərəm ki, bunlar artıq əşirət başçılarıdır. Artıq bunların yığdıqları komandalar böyük bir əşirətdir. Çünki əşirətdə qohum-əqraba yığılır. Ağalar var, bir də ağaların sözlərini yerinə yetirməyə məhkum olunmuş digər insanlar var.

– Qeyd etdiniz ki, ölkədə ciddi müxalifətin olmaması vəhşi kapitalizmə gətirib çıxardı. Amma, hazırda müxalifət İctimai Palata (İP) adlı qurum ətrafında birləşməyə çalışır. İP-nı, onun ümumi fəaliyyətini necə qiymətləndirirsiniz?

– İctimai Palatanın hazırda 400-ə yaxın üzvü var. Bu 400-ə yaxın üzvün yarısı ümumiyyətlə siyasi həyatda heç bir rol oynamamış adamlardan ibarətdir. Deputatlığa namizədlik vermiş ziyalılardır və onlar heç vaxt siyasi prosesə qoşulmayan adamlardır. Deyirlər ki meydanlara niyə adamlar çıxmır. Çünki həmin adamlar tək-tək adamlardır ki, İP-ya daxil olublar. Adətən hansısa tanınmış ziyalı siyasi partiyaya daxil olanda öz arxası ilə 100-200 nəfəri də həmin siyasi quruma gətirirdi və istər istəməz siyasi partiyalar formalaşanda ciddi bir qüvvəyə çevrilirdi ki, bir nəfər gələndə heç olmasa 10 nəfər arxasınca gəlirdi. Bu gün İP-nlın formalaşması məntiqi baxımdan siyasi partiya kimi formalaşmayıb. O, qeyri-qanuni keçirilmiş seçkiyə, seçkilərin yenidən keçilməsi tələbi ilə yaradıldı. Mən özüm də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü olmaqla yanaşı, həm də İctimai Palatanın üzvüyəm. Yəni, İp-da əsas qüvvələr – daha doğrusu diqtə edən qüvvələr var və o bizlər deyilik. Müxalifət cəbhəsində o qədər boşluq yaranıb ki, İP ciddi siyasi qurum kimi gözə görsənir. Əslində digər bir qurum, məsələn VHP həm say baxımından, həm də potensial baxımından bir az aktivləşsə İP onun yanında heç də görsənməz. Yaxud da Müsavat Partiyası kənara çəkilib, tək aktivləşməyə başlasa, yaxud AXCP, yaxud digərləri, aktivləşsə, İP gözə görünməz. Demək istədiyim odur ki, İP Azərbaycan siyasi mühitində nəyəsə təsir etmək gücünə malik deyil. Qəzetlərdə, internet səhifələrində bildirilir ki, İP iqtidara alternativdir. Qətiyyən belə şey yoxdur, ola da bilməz. Etibar yoxdur.

Bu gün bir qrup gənc var, onlar da İP-ya yox, müstəqil şəkildə, onlar İP-dan əvvəl meydana çıxdılar, ilk addımlarını atdılar, etiraz dalağalarını oyatdılar. Təkcə 11 mart aksiyası yox, onların internetdəki fəaliyyətləri, onların müxtəlif layihələrlə cəmiyyətə mesaj göndərmələri, mən onları alqışlayıram, mən hətta gözləmədiyim halda onlar meydana çıxdılar, sözlərini deməyə başladılar. Bir də ki, gənclərin fəaliyyəti İP-nın fəaliyyətindən daha güclü effekt verirdi, vermək üzrə idi. Əgər, İP mitinqlərə çıxmasaydı gənclərin qaldırdığı iddialar iqtidarı geri çəkilməyə məcbur edəcəkdi. İqtidar gənclərin iddiasından geri çəkilmişdi, İP-nın iddiasından yox. Yadınıza salın ki, Misir inqilabını gənclər etmişdi, iqtidar da onu çox gözəl bilirdi. Mübarəki gənclərin “Facebook” sosial şəbəkləsindəki fəaliyyəti devirdi. Diogər ölkələrdə də həmin məsələləri gənclər başlamışdı. İqtidar da həmin müddətdə bizim gənclərdən qorxuya düşmüşdü, İP-ya yığılmış həmin kişilərdən qorxuya düşməmişdi. O bilirdi ki, onlarla rəqabət aparıb, onları udacaq. Xalqın da hansı vəziyyətdə olduğunu çox gözəl bilirdi.

– Onda belə çıxır ki, İP-nın mitinqləri mənasızdır…

– İP yalnız o vaxt mitinqlərə gedə bilər ki, İP hərəkat formasında olsun, hərəkətverici qüvvəsi olsun. İP hansı mitinqə gedir? Mitinqə çağırış edir. İP mitinq eləmir, yalnız aprelin 2-də cəhd etdi, ondan sonrakılar hamısı çağırış formasında olan, mitinq adı ilə mitinq etdi. O, mitinq deyildi. Mitinqdə ən azı min nəfər, 2 min, 5 min, 10 min nəfər olanda ona mitinq deyilir. Onda liderlər də meydana çıxır. O keçirilən mitinqlərin heç bir əhəmiyyəti olmayıb, əksinə bəlkə də iqtidar bir neçə islahat edərdi, dövlət başçısı da çıxış edib, demişdi ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq lazımdır. İP-nın mitinqlərindən sonra o da dayandırıldı, bütün islahatların hamısı dayandırıldı.

– Əks effekt verdi…

– Əlbəttə, tam əks effekt verdi, 180 dərəcə.

– Bəs İP hansı yolu tutmalıdır ki, fəaliyyəti düzgün effekt versin?

– Onun hansı yol tutacağına məndə qəti inam qalmayıb. İnanmıram ki, o gələcəkdə hansısa effektiv bir şərait yaradar, azərbaycanlılar onun xətti ilə nəyəsə nail ola bilərlər. Onun üzvü olsam da mənə inandırıcı görsənmir. Yalnız Azərbaycanda tanınmış, qəbul olunmuş, real gücə malik olan siyasi partiyaların koordinasiyası yaradılmalıdır, İP qəbul eləsə də, eləməsə də. İctimai Palatada kifayət qədər siyasi xadimlər var. İsa Qəmbər də siyasi xadimdir, Əli Kərimli də siyasi xadimdir. Onlar Azərbaycan siyasətində tanınmış siyasi liderlərdir. Digərləri də var onların içərisində, ancaq buna baxmayaraq onlar real müxalifətin kənarda qalan qüvvələri olmasa İP Azərbaycan kimi dövlətdə heç nəyə nail ola bilməz.

– İctimai Palatanın üzvləri sırasında sizin kimi İP-nın perspektivinin olmadığını düşünənlər var ki, istefa veriblər. Sizin istefa verməməyinizin səbəbi nədir?

– Bu gün VHP-nin hakimiyyətə gəlmək şansı yoxdur, bu o demək deyil ki, mən VHP-çi ola bilmərəm. Hazırkı durumda VHP-nin hakimiyyətə gəlmək şansı o qədər yüksək deyil. Yəni, prezidentliyi qazanmaq üçün hər hansı siyasi partiya mübarizə aparmalıdır, VHP-nin şansı o səviyyədə deyil. O demək deyil ki, buna görə mən də istefa verib getməliyəm. Mən belə düşünürəm ki, Azərbaycan cəmiyyətində xalqın xeyrinə addım atan hər hansı bir qurum varsa, mən həmin qurumda təmsil olunmaq istərdim. Mən o istiqamətdə İP-da varam ki, İP az da olsa Azərbaycan xalqının indiki vəhşi kapitalistlərdən qorunmaq üçün real bir qurumdur. Düzdür, bunu aradan götürməyə gücü çatmaz hazırkı durumda yetərli deyil. Ola bilər ki, situasiyalar tamam dəyişsin, Azərbaycanda İctimai Palata adı ilə ya da başqa bir adla yeni formatda ciddi siyasi qurumlar ortaya çıxsın və nə isə əldə edə bilsinlər. Biz çox güman ki, həmin qurumlarda təmsil olunmaqdan qətiyyən çəkinməyəcəyik. Yəni, mən İctimai Palatanı o istiqamətdə qiymətləndirirəm ki, o yarandan bu günə qədər öz fəaliyyətində xalqın tərəfində durmaqla, düzdür ciddi islahatlara nail olmasa da, xalqı əzməkdən az-çox qurtara bildi. Bu gün hər bir müxalifətçinin mövcudluğu, cəmiyyətdə qəbul olunması, tanınması ətrafdakı digər iqtidar nümayəndəsinin xalqı əzməsinin qarşısını alır. Bu gün müxalifət ancaq xalqı qoruyur. Düzdür, iqtidar deyir ki, xalqı mən özüm qoruyuram, əksinə iqtidarın əlində olsa xalqı məhv edəcək. Müxalifət zəiflədikcə iqtidar güclənir, xalqı məhv etməyə çalışır. Xalq necə məhv edilir? Onun əlindən bütün hüquqlar alınır, əmlak hüququ əlindən alınır, insan hüququ əlindən alınır. Axırıncı aparılan müşahidələr də onu göstərir ki, Azərbaycan ən çox insan haqları pozulmuş, ən çox korrupsiyalaşmış, ən çox haqsız dövlətə çevrilmiş hökumətdir.

– Sabir Rüstəmxanlı açıqlamasında bildirib ki, partiyanın qurultayında sədrlikdən gedəcək. Sabir Rüstəmxanlıdan sonra partiyanı necə təsəvvür edirsiniz?

– Bir az tez getsəydi, daha yaxşı olardı. Mən belə düşünürəm ki, Sabir Rüstəmxanlı prezidentliyə iddia etmirsə tez getməlidir. Parlamentdə də artıq 4-cü dəfə seçilib. O çox güman ki, gələcəkdə daha çox ciddi siyasi iddialarla məşğul olmayacaq. Getsəydi, cavanlarımız var, onlar gələrdi partiya rəhbərliyinə, bəlkə partiyanın taktiki xətti də, siyasi istiqaməti də dəyişərdi. Mən bunu çəkinmədən deyirəm. Nə qədər vaxtdırsa, özü burada ola-ola həmin qüvvələri formalaşdırsın, ortaya qoysun, sonra Sabir Rüstəmxanlı gedəndən sonra dağınıq vəziyyətdə qalmasın. Əgər Sabir Rüstəmxanlı özünün yaratdığı partiyanın gələcəkdə Azərbaycan cəmiyyətinə daha real təsir etmək gücünə malik olmasını istəyirsə, heç kim onun getməsini istəmir, burada rəhbərliyini, ağsaqqallığını davam etdirsin, gedəndən sonra da davam etdirsin, demirəm lider kimi, ağsaqqal kimi davam etdirsin. Partiyanın ictimai rəydəki vəziyyətini stabilləşdirmək üçün təcili istefalara hazırlaşmaq lazımdır. Əgər biz bunu edə bilməsək açıq şəkildə uçuruma gedəcəyik. Düzdür, bizim potensial imkanlarımız var, gənclərimiz var, üzvlərimizin sayına görə digər partiyalardan heç də passiv deyilik, ancaq aktiv də deyilik. Bu gün Azərbaycan cəmiyyətində xalqın müəyyən haqları iqtidar tərəfindən tapdanıb, məsələn VHP buna etiraz əlaməti olaraq ayağa durmalıdır və ictimai rəyə təsir etməlidir. O real gücümüz varmı bizim? Biz o real gücü əldə etmək üçün gərək bir neçə aylarla işləyək. Hazırda, birbaşa real gücümüz yoxdur. Ona görə də mən məsləhət görərdim ki, çox istədiyim, 20-30 illik dostum kimi komandanın gələcək komandasını istəyirsə, orada kimlərin təmsil olunmağından asılı olmayaraq heç olmasa öz ideyaları istiqamətində hərəkət eləsin. Mən demirəm kənardan adam gətirək, bizim kənardan adam gətirməyə ehtiyacımız yoxdur, partiyada kifayət qədər potensial var.

– Partiya daxilində sədrliyə namizədlər varmı?

– Mən onların adını açıqlamaq istəmirəm. Çox güman ki, partiyanı idarə etmək gücündə olan kifayət qədər gənc var. Düzdür maliyyə baxımından çətin olacaq, çox çətin olacaq. Amma, bu formada idarə etməyi hamı biləcək, indiki formada idarə etməyə nə var ki? Mən demirəm Sabir Rüstəmxanlı qocadır. Xeyr, Heydər Əliyev 70 yaşından sonra prezident oldu. Ancaq mən hiss edirəm ki, o, gələcək həyatını yaradıcılığa sərf etmək istəyir. Son zamanlar hiss edirəm ki, yazı yazanda o daha çox zövq alır, nəinki siyasətlə məşğul olanda. O yazını daha iştahla yazır.

– Partiyada İctimai Palataya üzv olduğunuza görə hansısa təzyiqlə üzləşmirsiniz?

– Qətiyyən. Özümlə bağlı deyə bilərəm ki, heç vaxt belə söhbət olmayıb. Biz ora gedəndə VHP-ni tərk edib getmirik. Biz ora VHP-nin ab-havasını aparırıq. İctimai Palatada da vətəndaş birliyinə ehtiyac var. Biz öz mövqeyimizi orada bildiririk, düzdür bizim məqsədimiz birbaşa VHP-nin ideologiyasını ora aparmaq deyil, biz özümüzün burada ifadə edə bilmədiyimiz fikirlərimizi orada söyləmək imkanına malikik. Orada tribunamız daha geniş olur, o mənada ki, demirəm VHP-də tribunanın qarşısını alır, əksinə tam azadlıqdır. Orada əlavə mövqe, VHP-dən kənar münasibətlər hökm sürür. Biz tam aktiv deyilik. Orada Koordinasiya Şurasında təmsil olunmuruq, oradakı partiya üzvlərinin sayı da çox deyil, İP-da cəmi 10-a qədər partiya üzvümüz təmsil olunur.

– Qeyd etdiniz ki, İctimai Palatanın perspektivini görmürsünüz. Bəs müxalifətin birliyini necə görürsünüz?

– Mən müxalifətin birliyini bayaq qeyd elədim. Facebook-da çıxışımda da, İP-nın təcili buraxılmasını istəmişdim. Azərbaycan cəmiyyətinin ona çox ciddi ehtiyacı var ki, Azərbaycanda az çox formalaşmış gənclərə həvalə olunmuş partiyaların rəhbərləri cəmləşsinlər, ciddi siyasi qurumun əsasını qoysunlar. Məsələn 8 nəfərlik bit təşkilat yaradılır, sonra onun 5-10 nəfəri 80 nəfər edir. Sonra həmin 80 nəfər bir həftə, bir aydan sonra hərəsi 100 nəfəri yığanda bu artıq 8 minə yaxın adam edir. İP 4 aydır mövcuddur, sayı 400 nəfəri keçə bilmir. Prosesi düzgün aparmayanda məğlubiyyətə düçar olursan. Mən dmeirəm İP tam məğlub vəziyyətdədir, yox, İP var…

– Amma, qalib də deyil…

– Qalib olma ehtimalı sıfıra bərabərdir. İp 20 ilə yaxın müddətdə formalaşmış, yumruğu vurmağa hazır olan qüvvənin, real gücün qarşısında o, çox zəifdir. Mən hesab edirəm ki, hazırda orada olanların da iştirakı ilə başqa bir qurum yaradılmalıdır. Bu qurumu yaradan VHP olsa daha yaxşı olar. Mən demirəm çıxsın, iqtidarı devirsin, yox. Başa-baş mübarizə aparsın, desin ki, sən buranı oğurlayırsan, bu olmaz. Heç olmasa bu sözləri bunlara deyə bilən, bunun arxasında dayanıb tələb edə bilən olsun. Bax, o mənada istəyirəm ki, Azərbaycanda ciddi siyasi müxalif rejim yaransın. O, İP ola bilməz. Hazırda mən o insanları çox istəsəm də bu qurumun Azərbaycanda hakimiyyətə ciddi müxalifət olacağına inanmıram. Mümkün deyil inanmaq, çünki real güc göz qabağındadır. Bundan ötrü bütün partiyaların rəhbərləri bir araya gəlməli, əvvəlki umu-küsüləri kənara qoymalı və müəyyən stol arxasında oturub danışıqlara getməlidirlər. Əks təqdirdə Azərbaycan xalqının taleyi sual altındadır. Bizim Qarabağ kimi ağrılı problemimizin həlli vətəndaş həmrəyliyi olmadan qeyri-mümkündür. Əgər sabah müharibə başlasa, müxalifətlə iqtidar müharibəyə düşmən vəziyyətində gedərsə, oradan nə əldə edə biləcək? Bizim onsuz da düşmənizmi çoxdur. Bir yandan İran, o biri yandan Rusiya. Ermənistan da torpağımızı işğal edib. Xəzər vasitəsilə qonşu olduğumuz türk dövlətləri var, onlar da Qarabağla bağlı bir kəlmə də dillərinə gətirmirlər. Hamı deyir ki, biz istəyirik ki, torpaqlar müharibəsiz alınsın. Müharibəyə alınan torpağı müharibəsiz kim verər?

– Onda siz məsələnin həllini müharibədə görürsünüz…

– Başqa çıxış yolu yoxdur. Ya beynəlxalq aləm tam bizim tərəfimizdə olmalıdır. Yəni, bizim o istiqamətdə arxamızda duran real gücümüz, qüvvəmiz olmalıdır. Mən inanmıram son vaxtlarda arxamızda duran real qüvvə olsun. Mümkün deyil. Bunun başqa çarəsi cavanlarımızı bir yerə yığmaqdır. Gücümüz olmalıdır. Biz də iqtidara öz sözümüzü demək üçün müxalifətin həmrəylik edib gücünü, qüvvəsini bir yerə toplamağa ehtiyac olduğu kimi, Azərbaycan dövlətinin qüvvə toplamaq üçün ciddi həmrəyliyə ehtiyacı var.

Fatimə Kərimli

Comments are closed.