Dünya Azərbaycan Konqresi Gənclər Təşkilatı (DAK GT) gənclərə müraciət edib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, təşkilatın müraciəti türk dünyasının ozanı Araz Elsəsin yaxın vaxtlarda Bakıda verəcəyi konserti ilə bağlıdır : “Məlum olduğu kimi Güney Azərbaycanın haqq səsini dünyaya yayan, bəstələri və azadlıq bağıran sazı ilə istiqlal mücadiləsinə hər zaman mənəvi dəstək olan Bütöv Azərbaycanımızın ozanı Araz Elsəsin Bakıda konserti olacaq. Güney Azərbaycanın milli mübarizəsinə mədəni dəstək olmaq istəyən hər kəsi konsertə gözləyirik. Siz də Araz Elsəslə coşmaq, milli mücadiləni daha yaxından hiss etmək istəyirsinizsə bilet almağa tələsin. Bir biletin qiyməti 30 manatdır. Uzun müddət unudulmayacaq, qandaşlarımızla çiyin-çiyinə coşacağımız, bozqurdun əzəmətli səsinin və işarəsinin havalanacağı əsl milli konsertin baş tutması üçün özünü “Qurtuluş Yolçusu” hesab edən hər kəsin bilet alaraq dəstək olacağını gözləyirik”.

 Qeyd edək ki, konsert may ayının 29-da paytaxtın Monte Karlo şadlıq sarayında keçiriləcək. Biletləri əldə etmək istəyənlər ( 055) 208-56-08 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Onu da əlavə edək ki, məşhur ozan Araz Elsəs martın 24-də Bakıda konsert proqramı ilə çıxış edəcəkdi. Lakin, konsert təxirə salındı. Təşkilatçılar konsertin keçirilməməsinin səbəbini həm texniki problemlərin yaranması, həm də Araz Elsəsi müşayiət edən ansamblın Bakıya gəlməməsi ilə əlaqələndirdilər.

Araz Elsəs 27 noyabr 1971-ci ildə Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olub. Siyasi səbəblərdən çətinliklərlə üzləşərək, 1991-ci ildə Quzey Azərbaycana köçür. 1997-ci ildə Avropa yazarlar parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə çağırılır. O dövrdən Avropada yaşayır, müxtəlif ölkələrdə azərbaycanlılar içində konsertlər verir. 2000-ci ildə isə İsveçə köçüb.

Comments are closed.