Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadi “Turan”a müsahibə verib.

– İranda insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

– Vəziyyət pisdir və kəskinləşməkdə davam edir. Bu, müəyyən dərəcədə ölkənin ali rəhbərliyindəki qarşıdurma, məsələn, parlamentin spikeri və prezident, həmçinin ölkənin ali dini lideri və prezident arasında açıq qarşıdurmalarla əlaqədardır. Lakin əsas məsələ dövlətin real vətəndaş azadlıqlarına imkan verməməsidir. Bu, son prezident seçkisindən sonra real olaraq özünü göstərdi. Seçki zamanı çox adam həbs olundu. Bu gün İranda yalnız həmin dövrdə məhkum olunmuş 100-dən çox siyasi məhbus var.

– İrandakı azərbaycanlıların hüquqları barədə nə düşünürsünüz?

– İranda çoxlu etnik, dini qrup və cərəyan var. Bizim konstitusiyaya əsasən, onlar öz doğma dillərində təhsil almaq hüququna malikdir. Lakin əslində bu hüquq təmin olunmayıb. Bundan əlavə, bu və ya digər etnik qrupun və ya millətin sıx yaşadığı regionlarda bu millətlərin nümayəndələri təmsil olunmayıb.  Məsələn, Azərbaycan əyalətlərinin rəhbərliyində azərbaycanlı çətin taparsınız, halbuki onlar ölkə əhalisinin mühüm hissəsini təşkil edirlər.

– Belə çıxır ki, azərbaycanlıların mədəni və sosial hüquqları pozulur?

– Azərbaycanlıların, kürdlərin, ərəblərin və digərlərinin hüquqları pozulur. Ölkə hakimiyyətinin siyasəti belədir.

– Azərbaycan Respublikasında insan hüquqlarının vəziyyətini necə qiymətləndirirsiniz?

– Kifayət qədər məlumatım yoxdur. Lakin bilirəm ki, orada ciddi problemlər var. Keçmiş SSRİ məkanında vəziyyət çox pisdir. Mən Türkmənistanda və digər ölkələrdə olmuşam, hər yanda insan hüquqları sahəsində oxşar məsələlərin olduğunu görmüşəm. Azərbaycanda 1990-cı illərin əvvəllərində, SSRİ dağılandan sonra olmuşam. Məndə belə təəssürat var ki, ölkənin dağılması ilə heç nə dəyişməyib. Keçmiş SSRİ respublikalarının  bir çoxunda avtoritar diktator rejimlər hakimdir və onlara keçmiş DTK işçiləri və ya bu tipli adamlar başçılıq edirlər.

Bu ölkələrin ümumi problemi ondadır ki, imperiyanın dağılmasına və müstəqilliyin elan olunmasına baxmayaraq mahiyyətcə azad və demokratik ola bilməyiblər, adamlara isə əvvəlki kimi yaşamaq çətindir.

– Ərəb inqilabı İrana və Azərbaycana necə təsir edəcək?

– Əlbəttə, təsiri olacaq. Hələlik hansısa fikir söyləmək çətindir. Ancaq dünya çox tez və sürətlə dəyişir, adi proqnozlar və ya rəylər çox zaman uyğun gəlmir. Zənnimcə, biz ciddi dəyişikliklərin astanasındayıq.

Comments are closed.