Soydaşımız Sinan Oğan MHP-dən Böyük Millət Məclisinı deputat seçilib

Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.

Xatırladaq ki, Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə əsas namizədi idi. MHP-nin Oğanı bu bölgədə əsas namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib.

Əslən azərbaycanlı olan Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün TAD diaspor təşkilatını yaradıb.

Seçki ərəfəsində keçirdiyi çoxsaylı görüşlərdə Sinan Oğan dəfələrlə bayan etmişdi ki, parlamentə seçiləcəyi təqdirdə Türkiyə ilə yanaşı Azərbaycanın maraqlarını qoruyacaq. Sinan Oğanın seçki platformasının əsasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, “Metsamor” AES-in bağlanması, eləcə də İqdırda mövcud olan bir sıra iqtisadi-sosial problemlərin həlli təşkil edir.

Comments are closed.