VHP Yardımlı rayon təşkilatının sədri, müasir Azərbaycan nəsrinin istedadlı nümayəndəsi, tanınmış yazıçı Aslan Quliyevin 55 yaşı tamam olur. Əslində, yazıçı üçün yaş anlamı yoxdur, sadəcə yaşayan ədəbiyyat və ölən ədəbiyyat var. Yazıçının taleyi də öz yaratdıqlarından asılıdır. Aslan “Bahar küləkləri”, “Serjant mülki geyimində”, “Yolun sonu”, “Onlar məni öldürdülər”, “Yazıçının savaşı”, “Keçmiş döyüşçü və oğlan”, “Payız”, “Köpək balıqları”, “Sonuncu” kimi romanları ilə çoxdan ədəbiyyatda əbədi yaşamaq hüququ qazanıb.

Aslan ədəbiyyata hamar, rəvan yolla gəlib, hər cür qayğı ilə əhatə olunan yazıçılardan deyil. Onun “Onlar məni öldürdülər” kitabını oxuyanda nə qədər çətin, mürəkkəb yol keçdiyinə, bununla belə içindəki ədəbiyyat yanğısının sönmədiyinə, öləzimədiyinə heyrət edirsən. Bizim fikrimizcə, Aslan əsərinin adını “Onlar məni öldürə bilmədilər” qoysaydı, daha düzgün olardı. Əyalətdə yaşayıb, paytaxt yazıçılarının monopoliyaya aldığı ədəbiyyata kimsəsiz bir gəncin gəlib şərik durması, əslində, o zaman (elə indi də) mümkünsüz bir iş idi. Lakin Aslan öz tükənməz ədəbi istedadı, intəhasız yazıçı təxəyyülü, maksimum iddiakar obrazları ilə həmin çərçivələri qıra bildi, onların görməməzlik prinsiplərini alt-üst etdi.

İlk baxışda əyalətdə yaşayan yazıçıların əsərlərinin süjet xəttinin onların yaşadıqları məkanda başlayıb orada tamamlanması, obrazlarının müəyyən olunmuş çevrə daxilində təzahür etməsi bir qanunauyğunluq kimi görünsə də, Aslanın qəhrəmanları bütün bu məhdudiyyətləri dağıdaraq daha çox ümumbəşəri dəyərləri ehtiva etməklə geniş oxucu auditoriyasına çıxa bilib. Aslan Quliyev hətta “Əyalət yazıçısı” adlı bir povestin də müəllifidir, amma həmin əsərin qəhrəmanına heç vaxt əyalət adamı kimi baxmaq mümkün deyil.

Bu, Aslanın ədəbiyyata yetkin və mükəmməl bir qələm sahibi kimi gəlməsinin nəticəsidir. Aslan əsərlərində tez-tez yaprıxmış dəyərlərə üsyan edir; özü də bunu çılpaqcasına deyil, onların etnokulturoloji köklərə və müasir dünya dəyərlərilə müqayisəsini “təşkil edərək” nəticə çıxarmağı oxucunun öhdəsinə buraxmaqla həyata keçirir. Yazıçının demək olar ki, bütün əsərlərinin qəhrəmanları bir az filosofdurlar, onlar hiss və duyğu süzgəcindən keçirdikləri dünya barədə məntiqi nəticə çıxarmaq üçün oxucuya kömək etməyə çalışırlar. “Yazıçının savaşı”, “Payız”, “Köpək balıqları”, “Sonunsu” romanları bu baxımdan daha çox diqqəti cəlb edir.

Aslanın obrazları heç vaxt ümidsiz olmurlar, ən qatı qaranlıqda da onlar haradansa işıq düşəcəyinə inanırlar. “Baharı gözləyəcəyəm!” əsərinin qəhrəmanı insanların hər üzünü görür, onlrın boşboğazlığı, şərəfsizliyi, ləyaqətsizliyi ilə üzləşir, amma sınmır, inanır ki, dünya yaxşılardan xali deyil, (ifadə bir qədər şablon görünsə də) hər qaranlıqdan sonra bir işıq var. Bu cəhətlər olduqca həssas və kövrək olan Aslanın öz xarakterinin alt qatıdır. Çünki hər bir yazıçı ömrü boyu özünü yazır.

Aslan Quliyevin yaradıcılığının daha bir cəhəti qeyd etmək yerinə düşərdi; onun təsvir etdiyi hadisələrin məkan sərhəddi yoxdur, hər şey oxucunun görünmə qabiliyyətindən asılıdır. Bəzən olur ki, bu hadisələr fantastik aləmə qədər uzanıb gedir, bu zaman hətta fantastik ilə reallıq arasındakı sərhəd də yoxa çıxır. Amma sonra bütün bunlar əsərin bitkinliyinə, bütövlüyünə xələl gətirmir. Çünki Aslanın əsərləri də özü kimi bütöv, mükəmməl, irimiqyaslıdır. Yerişi, oturuşu, duruşu Aslanı daha çox köhnə (ifadəyə görə üzr istəyirəm) kişilərə bənzətsə də, o yazıçı kimi müasir ədəbiyyatımızın ən ləyaqətli təmsilçiləri sırasındadır.

1980-ci illərdə ədəbiyyata gələn yazıçı dostumuz 55 yaşını tamamlayır. Ona böyük ədəbiyyat yolunda yeni-yeni uğurlar arzulayır və cansağlığı diləyirik.

 

Xoş arzularla,

Sabir RÜSTƏMXANLI

VHP sədri, millət vəkili  

Comments are closed.